"Rusiya rəhbərləri bu müharibəyə görə məsuliyyət daşıyır və onlar cəzasız qala bilməz..."
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kalass "X" sosial şəbəkəsində bildirib ki, Avropa Birliyi xüsusi tribunala ilk 10 milyon avro vəsaiti köçürüb.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
Məsuliyyət qaçılmazdır
Kallas bəyan edib ki, tribunaldakı məqsəd Rusiyanın, o cümlədən prezident Vladimir Putinin, Ukraynaya qarşı törədilən təcavüz cinayətlərində rolunu araşdırmaqdır. O, vurğulayıb: "Rusiya rəhbərləri bu müharibəyə görə məsuliyyət daşıyır və onlar cəzasız qala bilməz. Bu, qaçılmazdır." O, həmçinin qeyd edib ki, bu maliyyələşdirmə Avropa Şurası ilə imzalanmış müvafiq razılaşma çərçivəsində həyata keçirilib.
Xüsusi tribunalın yaradılması prosesi
Avropa Şurasının Nazirlər Komitəsi 2025-ci ilin may ayında Rusiya tərəfindən Ukraynaya qarşı təcavüz cinayəti üzrə Xüsusi tribunala rəsmi start verib. Bu təşəbbüsə Ukrayna prezidenti Vladimir Zelenskinin müraciəti öncülük edib. BMT-nin tərifinə görə, təcavüz cinayəti bir dövlətin digər ölkənin suverenliyi, ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı silahlı qüvvə tətbiq etməsidir.
2025-ci ilin iyun ayında Avropa Şurası Ukrayna ilə bu tribunala dair razılaşma imzalayıb. Sənədi Strasburqda Avropa Şurasının Baş Katibi Alen Berse və Ukrayna prezidenti Vladimir Zelenski imzalayıblar. Araşdırmalar yalnız 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibə ilə məhdudlaşmayacaq, 2014-cü ilin fevralından etibarən baş verən hadisələr də nəzərdən keçiriləcək. AB-nin tribunala ilk 10 milyon avro ayırmaq qərarı isə 2025-ci ilin oktyabrında qəbul edilib.
Putin və yüksək rütbəli rəsmilər tribunala necə çağırıla bilər?
Araşdırmalar Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və baş nazir Mixail Mişustin barədə aparılacaq. Lakin Avropa Şurasının səlahiyyətləri BMT Təhlükəsizlik Şurası qədər geniş deyil, yəni dövlətin üç ən yüksək rütbəli şəxsi - prezident, baş nazir və xarici işlər naziri vəzifədə olarkən tribunala gətirilə bilməz. Onlar yalnız vəzifələrini tərk etdikdən sonra məhkəmə qarşısına çıxarıla bilər.
Tribunalın layihəsi ilkin ittiham aktının hazırlanmasını nəzərdə tutur, lakin şəxslərin vəzifədən getmədiyi halda məhkəmənin ittiham irəli sürmək və həbs qərarı vermək imkanı olmayacaq. Nəşrin apreldə əldə etdiyi məlumatlara görə, ümumilikdə təxminən Rusiyanın iyirmi rəsmisi bu işdə iştirak etməlidir və onların siyahısı Kiyev tərəfindən hazırlanıb.