Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB
Siyasət
484
13:35, Bu gün

Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
 
Moderator.az xəbər verir ki, təbrikdə deyilir:
 
"Hörmətli cənab Prezident.
 
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm. Bu xoş fürsətdən istifadə edərək, birgə səylərimiz nəticəsində Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın və çox yaxşı münasibətlərin gələcəkdə də fəal şəkildə inkişaf edəcəyinə və dərinləşəcəyinə əminliyimi bildirirəm.
 
Son bir neçə ildə hər dəfə konstruktiv və dostluq mühitində keçən, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatlarda strateji münasibətlərin, səmərəli əlaqələrin, fəal siyasi dialoqun genişlənməsinin təsdiqləndiyi görüşlərimizi məmnuniyyətlə xatırlayıram.
 
Ümid edirəm ki, Veliko Tırnovo şəhərində Sizinlə birlikdə böyük səylər göstərdiyimiz Şuşa parkının açılışı ilə əlaqədar Bolqarıstana uzun müddət gözlənilən səfəriniz ölkəmizdəki mövcud siyasi böhrandan asılı olmayaraq 2026-cı ildə baş tutacaq.
 
Sizin şəxsi diqqətiniz və iştirakınız sayəsində ötən il uğurla keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasından (COP29) sonra 2026-cı ildə Azərbaycanda ilk dəfə olaraq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil ediləcək zirvə toplantısında da ölkələrimiz arasında ən yüksək səviyyədə dialoqu davam etdirməyə hazıram.
 
Sizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
 
Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
 
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
 
Təbrikdə deyilir:
 
"Hörmətli İlham Heydər oğlu.
 
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
 
Sizin müdrik rəhbərliyinizlə qardaş Azərbaycan dövlətçiliyin möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun yüksəldilməsində və xalqın rifahının yaxşılaşdırılmasında əhəmiyyətli uğurlar qazanıb.
 
Böyük məmnunluqla qeyd etmək istərdim ki, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma kimi möhkəm prinsiplərə əsaslanan Türkmənistan-Azərbaycan münasibətləri son zamanlar yeni vüsət alıb.
 
Bu münasibətlər yüksək səviyyədə qarşılıqlı etimad və anlaşma ilə fərqlənir ki, bu da dövlətlərimizin gələcək uğurlu inkişafı üçün möhkəm təməl rolunu oynayır.
 
Bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, davamlı tərəqqi və firavanlıq arzulayıram".
 
Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
 
Məktubda deyilir:
 
"Çox hörmətli cənab Prezident.
 
Zati-alinizin doğum günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
 
Sizin liderliyiniz sayəsində Azərbaycan müasir və uğurlu bir dövlətə çevrilib, beynəlxalq aləmdə öz rolunu və nüfuzunu inamla gücləndirərək, dövlət üçün mühüm nəticələrə, o cümlədən ərazi bütövlüyünün bərpasına və möhkəmləndirilməsinə nail olub.
 
Xalqlarımızın dostluğunun və Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı dəstəyə, beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlığın möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti kimi Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm.
 
Bu tərəfdaşlıq Qara dəniz-Xəzər regionunda ədalətli sülhə nail olmaq niyyətinə, eləcə də enerji, iqtisadi-ticari, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edir.
 
Ukrayna Rusiya Federasiyasının silahlı təcavüzü şəraitində göstərilən həmrəylik və praktiki dəstəyə görə Sizə və Azərbaycan xalqına dərin minnətdarlığını bildirir. Xüsusilə ölkənin enerji sistemi obyektlərinin fəaliyyətinin təmin edilməsi məqsədilə göstərilən humanitar yardım, Kiyev vilayətində işğaldan azad edilmiş İrpin şəhərinin yenidən qurulmasında iştirak, cəbhəyanı regionlardan olan ukraynalı uşaqların sağlamlığının bərpası və reabilitasiyası yüksək dəyərləndirilir.
 
Zati-aliləri cənab Prezident, icazə verin, Sizi bir daha ürəkdən təbrik edim, Sizə möhkəm cansağlığı və dövlətçilik fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və tərəqqi arzulayım".
 
Qazaxıstan Respublikasının birinci prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
 
Təbrikdə deyilir:
 
"Hörmətli İlham Heydər oğlu.
 
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
 
Siz ölkənizin mənafeyi naminə xalqınızın və dahi atanızın gözləntilərini layiqincə doğruldursunuz.
 
Uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq nüfuzu artmış, regionda sülh və qarşılıqlı etimadın yeni bir mərhələsi formalaşıb.
 
Ölkənizə davamlı rifah və yeni nailiyyətlər arzulayıram.
 
Aramızda yaranan hörməti xüsusilə yüksək qiymətləndirirəm. Dostluq və hörmət ruhunda keçən bütün görüşlərimizi, söhbətlərimizi həmişə xoş duyğularla yada salıram.
 
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, nəcib təşəbbüslərinizdə müvəffəqiyyət, qardaş Azərbaycan xalqına isə firavanlıq və yeni uğurlar diləyirəm".
 
13:30
 
Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
 
Moderator.az xəbər verir ki, məktubda deyilir:
 
"Hörmətli İlham Heydər oğlu.
 
Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
 
Sizin rəhbərliyinizlə dost Azərbaycan milli iqtisadiyyatın və sosial sahənin inkişafına, vətəndaşlarının rifahının yaxşılaşdırılmasına və beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsinə yönəlmiş genişmiqyaslı islahatlar yolu ilə inamla irəliləyir.
 
Rusiya-Azərbaycan münasibətlərinin mehriban qonşuluq və qarşılıqlı hörmət ruhunda möhkəmləndirilməsinə göstərdiyiniz daimi diqqəti xüsusilə qeyd etmək istərdim. Ən yüksək səviyyədə qəbul edilmiş qərarlara uyğun olaraq, iqtisadi-ticari və investisiya əməkdaşlığı durmadan inkişaf edir, perspektivli birgə layihələr həyata keçirilir, regionlararası əlaqələr və işgüzar təmaslar genişləndirilir.
 
Əminəm ki, əməkdaşlığın daha da gücləndirilməsi, müxtəlif sahələrdə yeni qarşılıqlı faydalı təşəbbüslərin təşviqi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının maraqlarına tam cavab verir.
 
Həmişə səmimi və etimad mühitində keçən söhbətlərimizi xoş duyğularla xatırlayıram. Konstruktiv ünsiyyətimizi davam etdirmək imkanına şad olaram.
 
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər