Təslim olmaqdırsa, Amerikaya nə ehtiyac var? - Amerikasız da, ağ bayraq qaldırmaq olardı...
Siyasət
973
16:59, Bu gün

Təslim olmaqdırsa, Amerikaya nə ehtiyac var? - Amerikasız da, ağ bayraq qaldırmaq olardı...

Ukrayna və Avropa yenidən ABŞ və Putin tandeminin yaratdığı dəhşətlə üzləşib. Volodimir Zelenskinin Türkiyədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşüb “sülh razılaşması”nın yeni versiyasını müzakirə edəcəyi haqqında informasiya Ukraynada da, Avropada da narahatlıqla, hətta həyəcanla qarşılandı. Xüsusilə, yeni versiyanın Putinin nümayəndəsi Kirill Dimitryevlə razılaşdırılması və onun da “ bu sənəddə Rusiyanın maraqları nəzərə alınıb” açıqlaması narahatlığın əsassız olmadığına şübhə yeri qoymadı. Planın çox bəndləri ilə razılaşmayacağını Zelenski diplomatik xəttlə Ağ Evin nəzərinə çatdıranda, Stiv Uitkoff görüşdən imtina edərək Türkiyəyə gəlmədi.

Putinin isə Ukraynanın yalnız kapitulyasiyasını istədiyi müharibənin ilk günündən məlumdur. Amma, Putinin dörd ildən sonra istədiyinin reallaşdırmağa çalışan Ağ Evdir. Müharibənin üç ilinin tamamında Tramp səlahiyyətlərinin icrasına başladı və həmin gündən Rusiyanın maraqlarına uyğun olaraq siyasət yürütdü. İndi də Ukraynanın iştirakı olmadan əl altdan Rusiya ilə birgə “sülh razılaşması” planını hazırlayıb tərəfləri danışıq masasına oturtmağı düşünür.

​ ​ Təqdim olunan təslimçilik planı əsasən Putinin şərtlərindən ibarətdir: Ukrayna ordunun sayını iki dəfə azaldır, Kiyev Donbasdan imtina edir, Ukrayna bəzi silah növlərini arsenalından çıxarır, ABŞ və digər dövlətlər Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini Rusiyanın torpaqları kimi tanıyır, amma Ukraynanı bu tanımaya məcbur etmir (Ukraynanın təsəllisinə bax...). ​ Eyni zamanda ​ 28 bəndlik sənəddə digər məsələlər də var: Ukraynanın tərksilah edilməsi ilə yanaşı, Ukraynada rus dilinə və rus kilsəsinə rəsmi status verilməsi tələbləri də sənəddə yer alıb. Amma əsas şərt.., Ukraynanın suveren ərazilərindən-Donbasdan, Krımdan imtina etməsi şərtidir. Kremlin ilk gündən səsləndirdiyi maksimalist tələblər Ukraynanın kapitulyasiyasını nəzərdə tutur və təəssüf ki, bu tələbləri özündə əks etdirən plan Ukraynaya, onun Avropa müttəfiqlərinə qarşıdır. Bu siyasətə ilk etiraz edən də Trampın Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi general-leytenant Kit Kelloq oldu. O, artıq vəzifəsindən istefa verəcəyini elan edib və 2026-cı ilin yanvarında onun istefası rəsmiləşəcək. Kelloq Tramp administrasiyasının digər rəsmilərindən fərqli olaraq Rusiyanın Ukrayna mülki infrastrukturuna hücumlarını daha açıq şəkildə pisləyirdi. O, bəzən Rusiya prezidenti Vladimir Putinin fikirlərini təkrarlayan və uzunmüddətli sülh müqaviləsinin bir hissəsi olaraq ərazilərin qeyri-bərabər mübadiləsini müdafiə edən, Zelenskiyə daim təzyiq göstərən, təslimçilik planının müəlliflərindən biri Stiv Uitkoffla toqquşurdu.

​ ​ Daxili siyasətdə də gərginlik yaşayan Zelenski razılaşmanın bu variantını qəbul etmir və “sülh razılaşmasını” avropalı tərəfdaşlarının iştirakı ilə müzakirə etmək istəyir. Avropa liderlərinin də bu təslimçi plana “yox” deyəcəyi şübhə doğurmur, baxmayaraq ki, Ukraynada korrupsiya qalmaqalı onları da mütəəssir edib. Zelenski ətrafında yaranmış daxili siyasi böhranın Ukraynanın müdafiə qabiliyyətinə mənfi təsir edəcəyi və Rusiya təbliğatı və dezinformasiyasının bu situasiyadan yararlanacağı gözləniləndi. Zelenski Tramp planını yəqin ki, Vaşinqtonda, birbaşa Trampın özü ilə də müzakirə etmək niyyətindədir, baxmayaraq ki, Ağ Ev, Oval kabinet onun üçün “cəhənnəmə səyahət” effekti yaradır.

​ Bu effekt ​ qırmızı xalıda qarşılanan Putindən fərqli olaraq Ağ Evə gələn Avropa dövlət başçılarına münasibətdə də özünü göstərdi, amma yəqin ki,​ “sülh razılaşması” adı altında təslimçi bir plana çevriləcəyini liderlər də gözləmirdilər.

​ Ortada Amerikanın Ukraynaya təqdim etdiyi təslimçilik planı var. Əgər təslim olmaqdırsa, Amerikaya nə ehtiyac var? Amerikasız da, ağ bayraq qaldırmaq olardı. Bu yerdə Azərbaycan prezidenti cənab İlham Əliyevin Ukrayna müharibəsi haqqında dediyi klassik fikri yada salamaq yerinə düşər:” Heç vaxt işğalla barışmayın”. Cəbhədə Ukrayna ordusu üçün vəziyyət əlverişli olmasa da, Rusiya üçün də asan deyil. Pokrovsk istiqamətində ilyarımdır ki, qarşqa sürətilə irəliləyən Rusiyanın uğuru yalnız Ukraynanın mülki və həyati vacib obyektlərini sıradan çıxarmaq olub.

Təslimçilik planı nə Ukrayna, nə də Böyük Britaniya və Avropa İttifaqı tərəfindən qəbul olunmayacaq və ilkin reaksiyalar da bunu sübut edir. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas “sülh razılaşması”na kəskin reaksiya bildirərək Avropanın bu planda iştirakı olmadığını bildirib. Kallas həmçinin vurğulayıb ki, bu müharibədə "bir təcavüzkar və bir qurban var", Rusiyadan isə hələlik heç bir güzəşt əlaməti yoxdur. "Əgər Rusiya həqiqətən sülh istəsəydi, bir müddət əvvəl qeyd-şərtsiz atəşkəsə razılıq verərdi, amma hər gecə yenidən mülki əhalinin bombalandığının şahidi oluruq".

​ O da mümkündür ki, bu plan dəyişdirilsin. Zamanın uzanması iqtisadi böhran yaşayan Rusiya üçün də çətindir. Bu mənada plana ciddi redaktələr edilməsi də mümkündür, bir şərtlə ki, Ukraynanın da maraqları nəzərə alınsın.

İlham İsmayıl

Link kopyalandı!
Son xəbərlər