Qarabağ Universitetinin yetişdirdiyi canlı “Zəfər abidələri”...
Ekskluziv
300
12:30, Bu gün

Qarabağ Universitetinin yetişdirdiyi canlı “Zəfər abidələri”...

8 Noyabr zəfərinin 5-ci ildönümü bütün respublikamızda böyük sevinc və təntənə ilə qeyd olundu. Bayram ərəfəsində zəfərimizin tarixi əhəmiyyəti, habelə, onun nəticələrinin qorunub saxlanılması və inkişaf etdirilməsinin vacibliyi ilə bağlı mediamızda bir çox diqqətəlayiq məqalələr yer aldı ki, bu məqalələrdən biri Qarabağ Universitetinin rektoru Şahin Bayramovun “Qarabağ Universiteti, Zəfərin universiteti” sərlövhəli məqaləsi oldu. Hörmətli rektorun “Azərtac”da yer alan açıqlaması da zəfərimiz və təhsilimizlə bağlı zəngin və  və faydalı fikirləri ilə böyük maraq doğurdu.

Zəfərimizin mənəvi və ideoloji mirasının daşıyıcıları sabahkı uğurlarımızın təminatçısı rolunda...

“Azərtac”a açıqlamasında Qarabağ Universitetinin yaradılmasının önəminə toxunan hörmətli rektor bunu sadəcə işğaldan azad edilən ərazilərdə yeni təhsil müəssisəsinin fəaliyyəti kimi dəyərləndirməyib. Şahin Bayramov bunu, həm də zəfərin mənəvi və ideoloji mirasının təhsildə davamı kimi qiymətləndirib ki, bu da olduqca doğru və təqdirəlayiq bir təsbitdir:

“Universitetin təsis edilməsi yalnız təhsil sisteminin coğrafi genişlənməsi deyil, həm də Zəfərin mənəvi və ideoloji mirasının təhsildə davam etdirilməsidir. Qarabağ Universiteti elmi-intellektual potensialı ilə Zəfərin ruhunu yaşadan ali təhsil müəssisəsidir. Burada yetişən gənclər təkcə bilik və bacarıq qazanmaqla kifayətlənmir, həm də Zəfər ideologiyasının daşıyıcılarına çevrilirlər”.

Göründüyü kimi, hörmətli rektor Qarabağ Universitetini Zəfərin ruhunu yaşadan təhsil ocağı kimi xarakterizə edir. Həqiqətən də, Qarabağ Universiteti sadəcə adı ilə deyil, bütün ruhu, yaradılışı, müəllim və tələbələrə yanaşma tərzi, azad ruhu, vətən sevgisi ilə 8 Noyabr Zəfərini yaşatmaqda, hər addımında bu böyük qələbəni insanlara xatırlatmaqdadır. Bu təhsil ocağında keçirilən tədbirlər, bu tədbirlərdəki vətənpərvərlik ruhu da Qarabağ Universitetinin sadəcə təhsilli kadrlar deyil, həm də əsl vətənpərvərlər yetişdirdiyini sübut edir. Hansı ki, zəfərimizin mənəvi-ideoloji daşıyıcılarının yetişdirilməsi sadəcə tariximizin yaşadılması, qələbəmizin nəticəsinin qorunması baxımından deyil, həm də sabahkı uğurlarımızın təmini baxımından həyati əhəmiyyətə malikdir. Çünki heç kimə sirr deyil ki, qalib Azərbaycanın sabahı indiki gənclərdən, onların hansı ideya və mənəvi dəyərlərlə silahlanmasından asılı olacaq. Bu mənada Qarabağ Universitetinin milli-mənəvi dəyərlərin təbliğatçısı və elmi-ideloji mərkəz rolunda çıxış etdiyi göz önündədir.

Milli ruh və Heydər Əliyev ideyalarından ilham alan “Zəfər abidələri”

Qarabağ Universiteti üçün xas olan keyfiyyətlərdən biri də sözügedən təhsil müəssisəsində milli ruha və Ulu öndər Heydər Əliyev ideyalarının hakim olmasıdır. Rektor Şahin Bayramovun “Azərbaycan müəllimi” qəzetində yer alan “Qarabağ Universiteti, Zəfərin universiteti” başlıqlı məqaləsində deyilir:

“Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyaları Qarabağ Universitetinin təhsil fəlsəfəsinin əsasını təşkil edir. Prezident İlham Əliyevin “birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır” fikri bu ali məktəbin pedaqoji və sosial yönümlü fəaliyyətlərinə bələdçilik edir.

Bu baxımdan, tələbələrdə vətənpərvərlik ruhunun, milli-mənəvi dəyərlərə sədaqətin, sosial məsuliyyət və tarixə hörmət hissinin formalaşdırılması Qarabağ Universitetinin əsas prioritetlərindəndir. Ötən tədris ilində bu istiqamətdə çoxsaylı tədbirlər keçirilib, gənclərdə Vətənə bağlılıq və milli irsə hörmət duyğusu möhkəmləndirilib”.

Sitatdan da məlum olduğu kimi, Qarabağ Universiteti tələbələrə yalnız elmi biliklər vermir. Həm də onları milli ruh və bu ruhun əbədi daşıyıcısı olan Heydər Əliyev ideyaları ilə silahlandırır. Qarabağ Universiteti tələblərin əqli ilə yanaşı,  həm də ruhunun, mənəviyyatının qayğısına qalır, onlarla savadla birlikdə, eyni zamanda, ruhi-mənəvi zənginlik qazandırır. Universitet öz təhsil fəlsəfəsi, tədris ruhu ilə tələbələrə başa salır ki, onlar hər şeydən öncə bu vətənin övladları, onun müdafiəçiləridirlər. Və hər qarışında şəhid qanı axan bu vətənin fövqündə ən böyük savad, ən bənzərsiz peşəkarlıq, ən təkrarsız kamillik belə heç bir məna əxz etmir.

Bir sözlə, Qarabağ Universiteti 8 Noyabr Zəfərinin ruhunu öz qəlbində daşıyan, tarixindən güc alan və vətəni uğrunda hər cür fədakarlığa hazır olan ölümsüz gənclər yetişdirməkdədir. Hər biri canlı Zəfər Abidəsi olan bu gəncləri isə bir sevgi birləşdirir: Azərbaycan sevgisi!

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər