Ekskluziv
255
20:58, Bu gün

"Tramp BBC-ni məhkəməyə verməyə hazırlaşır" - "Reuters"

"Montaj edilmiş nitq qalmaqalı Vaşinqtonla London arasında diplomatik narahatlıq yaradıb..."

Yanvar hadisələri və mediaya olan inamsızlıq

Moderator.az xəbər verir ki, Qərbin aparıcı KİV-ləri, o cümlədən "Reuters" agentliyi ABŞ prezidenti Donald Tramp BBC-nin yanvarın 6-da səsləndirdiyi nitqi montaj etdiyi iddiasına görə media korporasiyasını məhkəməyə vermək niyyətində olduğunu yenidən gündəmə gətirib. O, bildirib ki, BBC-nin üzr istəməsi kifayət deyil və məsələ hüquqi müstəviyə çıxarılacaq.

Tramp prezident təyyarəsində jurnalistlərlə söhbətində deyib: "Onları çox güman ki,  gələn həftə məhkəməyə verəcəyik və bir milyarddan beş milyarda qədər təzminat tələb edəcəyik. Onlar fırıldaq edib, mənim sözlərimi dəyişdiriblər".

Bu qalmaqal Trampın uzun illərdir Qərb media qurumlarını "fake news" adlandırması ilə formalaşmış qarşıdurmanın növbəti mərhələsi kimi qiymətləndirilir. Xüsusilə BBC, CNN və "The Washington Post" kimi media orqanları Trampın siyasi karyerası boyunca onun kəskin tənqid hədəfləri olub.

Tramp iddia edir ki, BBC-nin yayımladığı montaj materialı onun yanvarın 6-da Kapitoliyə hücumundan əvvəlki nitqini elə təqdim edib ki, guya o, birbaşa zorakılığa çağırış edib. Britaniyanın "GB News" kanalına verdiyi müsahibədə Tramp bunu sadəcə media səhvi yox, "seçkilərə müdaxilə" kimi qiymətləndirib: "Saxta xəbərlər yaxşı termindir, amma kifayət qədər güclü deyil. Bu, adi yalan yox, satılmaqdır".

Analitiklər qeyd edir ki, Tramp 2021-ci ildəki ittihamlar zamanı hüquqi olaraq birbaşa təqsirli bilinməsə də, həmin günün siyasi-məzmunlu mübarizəsi hələ də davam edir və bu yeni hüquqi addım 2024-cü ildən sonra başlayan siyasi ritorikanın bir hissəsidir.

BBC-nin üzrxahlığı, diplomatik siqnallar və mümkün nəticələr

BBC korporasiyası noyabrın 14-də rəsmi bəyanat yayaraq videonun yanlış montaj edildiyini etiraf edib və üzr istəyib. Qurum bildirib ki, "Panorama" verilişində yayımlanan kadrlar izləyicilərdə yanlış təəssürat yaradıb və həmin buraxılış artıq efirdə olmayacaq.

BBC-nin Şura rəhbəri Samir Şah ayrıca Ağ Evə məktub göndərərək bu hadisəyə görə şəxsi təəssüfləndiyini bildirib. Bu addım Vaşinqtonla London arasında mövzunun artıq yalnız media mübahisəsi olmadığının, diplomatik həssaslığa keçdiyinin göstəricisi kimi dəyərləndirilir.

Tramp bildirib ki, məsələni hələ Böyük Britaniyanın baş naziri Kir Starmerlə müzakirə etməyib, lakin yaxın günlərdə danışmağı planlaşdırır. Onun sözlərinə görə, Starmer hadisədən "çox narahat olub" və əlaqə yaratmağa çalışıb.

Hüquq ekspertləri isə bildirir ki, əgər Tramp iddianı davam etdirərsə, proses presedent xarakteri daşıya bilər. Bu, yalnız BBC üçün deyil, geniş media sektoru üçün, xüsusilə də siyasi liderlərin çıxışlarının kəsilib kontekstdən çıxarılması tendensiyası barədə xəbərdarlıq mesajı ola bilər.

Siyasi şərhçilərin fikrincə, bu hadisə həm də Trampın media ilə savaşının yeni mərhələsidir. O, bu istiqaməti öz siyasi obrazının vacib hissəsinə çevirib və indi onu hüquqi sahəyə daşımağa çalışır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər