Eldar Mahmudov Ramiz Mehdiyevin bəd əməllərinə niyə və necə göz yumub?
Ekskluziv
1953
16:13, Bu gün

Eldar Mahmudov Ramiz Mehdiyevin bəd əməllərinə niyə və necə göz yumub?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanət və digər maddələrlə ittiham edilməsi yalnız onun özünü deyil, eləcə də onun dostluq etdiyi, sıx münasibət qurduğu bir sıra məmurları da media və ictimaiyyətin tədqiqat obyektinə çevirib. Bu qəbildən olan şəxslərdən biri də sabiq MTN şefi Eldar Mahmudovdur.

Maraqlıdır ki, Eldar Mahmudovun nazir olduğu dönəmdə Ramiz Mehdiyev və onun yaxın çevrəsinin bəd əməlləri ilə bağlı rəhbəri olduğu qurum tərəfindən  heç bir konkret ölçü götürülməyib, bu istiqamətdə heç bir addım atılmayıb. Halbuki, milli təhlükəsizlik naziri kimi yüksək ranqlı məmurların milli dövlətçilik prinsipinə nə dərəcədə bağlı olub-olmadığını nəzarətdə saxlamaq, bu yöndəki sapmaları vaxtında müəyyən etmək Eldar Mahmudovun işi idi. Lakin Eldar Mahmudov əlindəki nəhəng kəşfiyyat-informasiya imkanlarına baxmayaraq, bu istiqamətdə nəinki heç bir addım atmayıb, əksinə, Ramiz Mehdiyevlə tam bir uzlaşma içərisində fəaliyyət göstərib. Bəs Eldar Mahmudovun Ramiz Mehdiyevin qanunsuz əməllərinə göz yummasına nə səbəb olub?

Bu səbəblərdən biri Eldar Mahmudovun da Ramiz Mehdiyev kimi milli maraqlardan daha çox şəxsi maraqlarının qeydinə qalmasıdır. Bu mənada Eldar Mahmudovla Ramiz Mehdiyevi bir medalın iki üzü kimi xrakterizə etmək mümkündür.

İkinci bir səbəb hər iki şəxsin sözlü və ya sözsüz razılaşma əsasında fəaliyyət göstərməsi, “dəymə mənə dəyməyim sənə” prinsipini rəhbər tutmasıdır. Çünki Ramiz Mehdiyev siyasi hakimiyyətin Prezidentdən sonra ən nəhəng fiquru hesab edildiyi kimi Eldar Mahmudov da güc nazirləri arasında ən elitar şəxs hesab olunurdu. Bu baxımdan hər iki şəxsin bir-birinə ehtiyac duyduğu, bir-birindən asılı olduğu şübhəsizdir.

Üçüncü bir ehtimal isə hər iki şəxs arasında yaxın dostluq münasibətinin mövcudluğudur ki, bu da səmimi insani münasibətdən daha çox fərdi maraqlara xidmət edib. Məhz bu səbəbdən Eldar Mahmudov Ramiz Mehdiyevin qanunsuz əməllərinə göz yumub, bu fəaliyyəti əngəlləmək üçün heç bir real addım atmayıb.

Bir qədər də ümumiləşdirsək, ehtimal etmək olar ki, Eldar Mahmudovun Ramiz Mehdiyevin anti-milli fəaliyyəti ilə bağlı susqunluğu iki amillə bağlı ola bilər.

Birincisi, Eldar Mahmudov bu fəaliyyət haqqında məlumatlı olsa da, yuxarıda vurğuladığımız hər hansı səbəbdən bu məsələyə hüquqi müstəvidə aydınlıq gətirməkdə maraqlı olmayıb. İkinci və az bir ehtimalla, Eldar Mahmudov Ramiz Mehdiyevin qanunsuz addımlarından məlumatsız olub ki, bu halda yenə də sabiq MTN şefi məsuliyyət daşıyır. Çünki tutduğu post, daşıdığı vəzifə Eldar Mahmudovdan yalnız Ramiz Mehdiyevin deyil, irili-xırdalı bütün məmurların anti-milli fəaliyyətindən xəbərdar olmağı tələb edirdi.

Bu baxımdan, çox güman ki, Ramiz Mehdiyevlə bağlı yaşanan hadisələr fonunda Eldar Mahmudovun da sabiq administrasiya rəhbəri ilə bağlı əlaqələri araşdırlacaq, yuxarıda qeyd edilən hər bir ehtimal ayrı-ayrılıqda təhlil olunacaq, bütün müqəssirlər qanun qarşısında məsuliyyətə cəlb olunacaq.

 

Link kopyalandı!
Son xəbərlər