Cəmiyyət
594
14:08, Bu gün

"Bu həm də mənəvi ədalətin bərpasıdır"

2020-ci ilin Vətən Müharibəsindən sonra Azərbaycanın Qarabağ üzərindəki nəzarəti böyük ölçüdə bərpa olunsa da, bölgənin mərkəzi hissəsində – Xankəndi və ətraf ərazilərdə hələ də qanunsuz erməni silahlı birləşmələri mövcud idi. Bu vəziyyət həm ölkənin suverenliyinə, həm də regional təhlükəsizliyə ciddi təhdid yaradırdı.
Azərbaycanın müstəqillik tarixində 20 Sentyabr 2023-cü il xüsusi bir yer tutur. Məhz bu tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam bərpası istiqamətində sonuncu mərhələ baş tutdu. Uzun illər işğal və separatçılıq altında olan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri üzərində dövlət suverenliyi tam şəkildə təmin olundu. 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Qarabağda yerləşən qanunsuz erməni silahlı birləşmələri tərksilah edilərək, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Azərbaycanın tam nəzarətinə keçdi.
 
Bu şəhərlərin hər biri Azərbaycanın yaxın tarixində mühüm və ağrılı hadisələrlə yadda qalıb. Xüsusilə Xocalı – 1992-ci ildə baş vermiş Xocalı soyqırımı ilə xalqımızın yaddaşına əbədi həkk olunub. Məhz bu gün bu şəhərlərin yenidən Azərbaycan dövlətinin nəzarətinə qovuşması təkcə siyasi deyil, həm də mənəvi ədalətin bərpasıdır.
 
20 sentyabr, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əhəmiyyətli bir dönüş nöqtəsidir. Həmin gün Qarabağda separatçı rejim süquta uğradı, 30 ilə yaxın davam edən münaqişəyə faktiki olaraq son qoyuldu və Azərbaycanın konstitusion quruluşu bu bölgələrdə bərpa olundu. Bu baxımdan, 20 Sentyabr tarixi simvolik olaraq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin Azərbaycana tam qovuşma günü kimi yadda qalır.
 
Bu ərazilərdə artıq dövlət orqanları fəaliyyətə başlayır, bərpa və yenidənqurma işləri sürətlə aparılır. Məqsəd, bu torpaqlarda dayanıqlı sülh, təhlükəsizlik və inkişafı təmin etməkdir. Həmçinin şəhərlərin tarixi siması və mədəni irsi qorunmaqla yenidən canlandırılır.
 
Ölkə Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması olduqca əlamətdar bir gün kimi tarixə düşmüşdür.
 
Məhz bu tarixi günlə əlaqədar Prezident İlham Əliyev 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. 
 
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər