Azərbaycanda alternativ hərbi xidmət barədə qanun işə düşür? - Açıqlama
Aktual
492
11:57, Bu gün

Azərbaycanda alternativ hərbi xidmət barədə qanun işə düşür? - Açıqlama

Son günlər alternativ hərbi xidmət məsələsi yenidən gündəmə gəlib. Azərbaycan Konstitusiyasında təsbit olunmasına baxmayaraq, bu xidmət növü ilə bağlı hələlik qanun qəbul edilməyib. Ermənistanla sülh sazişinin imzalanmasına doğru gedildiyi və hərbi eskalasiya risklərinin minimuma endiyi bir vaxtda, bu mövzu cəmiyyətdə yeni müzakirələrə yol açır. Bəs Azərbaycan üçün hazırkı mərhələdə alternativ hərbi xidmət qanununun qəbuluna real ehtiyac varmı? Qonşu ölkələrin təcrübəsini nəzərə alsaq, alternativ hərbi xidmətin Azərbaycanda tətbiqi hansı üstünlüklər və risklər yarada bilər?
 
Moderator.az-a açıqlama verən  İnsan hüquqları komitəsinin sədri Zahid Oruc  bildirib ki, Azərbaycan Avropa Şurasına üzv olarkən üzərinə götürdüyü öhdəliklər sırasında alternativ hərbi xidmət məsələsi də yer almışdı.
 
Millət vəkilinin sözlərinə görə, alternativ xidmətlə alternativ hərbi xidmət anlayışları bir-birindən fərqlənir və təəssüf ki, bu məsələnin mahiyyəti mediada çox zaman düzgün izah edilmir:
 
“Alternativ hərbi xidmət birbaşa peşəkar ordu quruculuğunu özündə ehtiva edir.  Bunun konkret şərtləri mövcuddur: yaş, xidmət müddəti, maddi təminatlar, sosial imtiyazlar və digər məsələlər. Belə şəxslər artıq könüllü olaraq seçdikləri fəaliyyət sahəsinə yönəlirlər.
Alternativ xidmət isə dini əqidəsinə görə birbaşa Silahlı Qüvvələrin ön cəbhəsində və hərbi təyinatlı birləşmələrdə deyil, daha çox hərbi-mülki xarakterli işlərdə xidmət göstərməyə yönəlir. Qanunvericilikdə müəyyən edilən şərtlərə əsasən, həmin insanlar hansı ərazilərdə və hansı mülki işlərdə xidmət edəcəklərinə qərar verirlər. Bu praktika Avropa Şurasına üzv olan bir çox ölkələrdə, o cümlədən qonşu dövlətlərdə də tətbiq edilir. Qeyd edək ki,  son illərə qədər Azərbaycan torpaqları  işğala məruz qaldığına görə,  alternativ hərbi xidmətin tətbiqi mümkün olmayıb.
Burada söhbət müxtəlif dini təriqətlərə bağlı gənclərdən gedir — əsasən 18–20 yaşlılardan — və onların bir hissəsi dini əqidə və ideoloji baxışlarına görə silah götürməyə və insan öldürməyə imkan verməyən mövqedədir. Belə insanların sayı on minlərlə olmasa da, mövcud idi”.
 
Millət vəkili  qeyd edib ki, qanunun qəbul edilməsi  müəyyən kiçik axınlar yarada bilərdi:
 
“Azərbaycan xalqının, millətinin övladları torpaqlarımızın azadlığına hər zaman bağlı olub və lazımi hazırlıq məktəbinə sahibdirlər. Lakin müəyyən şəxslər hərbi xidmətdən  yayınmaq məqsədilə dini əqidə məsələlərinə meyl edə və bununla alternativ xidmətə yönəlmək üçün addımlar ata bilərdilər. Bu birinci təhlükədir.
İkinci risk isə  bu qanunun qəbulu Silahlı Qüvvələrin say-tərkibinə müxtəlif formada təsir edə  və ən çox da mənəvi mühitə ziyan vurmuş olardı. Avropa Şurasına üzv ölkələrdən yalnız 26-sında belə bir qanun qəbul edilib. Ermənistan da bu sahədə qanunu qəbul etmiş ölkələr sırasındadır,  lakin tətbiq olmasınına yönəltməyiblər. 
 Hansı ölkələrdəki qəbul olunub orada  praktikanın tətbiqində alternativ xidmət əsasən sanitar, mətbəx və digər əməyə əsaslanan mülki işlərdən ibarət olur. Alternativ xidmətin müddəti hərbi xidmət müddətindən — indiki halda ali təhsili olmayan şəxslər üçün 1 il 6 ay olan müddətdən — bəzən iki dəfə artıq ola bilər. Bu, Avropa İnsan Hüquqları Konvensiyasına əsasən vicdan və dini azadlıqların təmin olunması məqsədi ilə tətbiq olunan yanaşmadır". 
 
Komitə sədri vurğulayıb ki,  alternativ xidmətin müddətinin hərbi xidmətdən uzun müəyyən edilməsinin səbəbi sui-istifadə hallarının qarşısını almaqdır:
 
“Vətən müharibəsinədək Azərbaycanın bu sahədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinin obyektiv səbəbləri olub. Lakin hazırkı şəraitdə hərbi doktrinanın dəyişməsi, peşəkar ordu quruculuğu istiqamətində Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən addımlar və orduda islahatlar davam edir. Bu məsələ Avropa Şurası–Azərbaycan münasibətləri kontekstində dəfələrlə gündəmə gətirilib. Yaxşı xatırlayıram ki, Yevlax rayonundan bir vətəndaşla bağlı məhkəmə qərarı beynəlxalq qurumlar tərəfindən arqument kimi istifadə olunurdu.  Avrpa Şurası Azərbaycanı ittiham edirdi ki, niyə bu qanun qəbul edilməyib və həmin şəxs ondan faydalana bilməyib. Halbuki, heç də araşdırmırdılar ki, həmin vətəndaş doğrudan da üç il mülki qaydada xidmət keçmək istəyərmi?”.
 
Millət vəkilinin  fikrincə, müharibədən sonrakı dövrdə alternativ xidmət məsələsi mütləq ictimai diskussiyalardan, dövlət qurumlarının müzakirəsindən və ordu quruculuğunun əsas prinsiplərinin müqayisəli təhlilindən keçməlidir:
 
“Avropa Şurasının Azərbaycanın parlament üzvlərinin mandatını dayandırdığı bir vaxtda bu məsələnin aktuallığını düşünmürük. Mənim subyektiv fikrim budur ki, alternativ xidmətlə bağlı qərarı yalnız dövlət rəhbərliyi verə bilər. Bu məsələdə fərdi təşəbbüsləri doğru hesab etmirəm”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər