"Region əcdadların xatirəsini ucaldacaq, gələcək nəsillərin haqlarını qoruyacaq və azadlıq, ədalət və birliyin şərtlərində ortaq taleyini bərpa edəcək..."
Afrika İttifaqı keçmiş imperiyalara tarixi günahlarını xatırlatmağı və onlardan reparasiya tələb etməyi qərara alıb
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Nəşr yazır ki, ittihamlar müxtəlif istiqamətlərdən gəlir: əsrlərlə davam edən köləlik, kolonial istismar və hətta iqlim dəyişikliyinin nəticələri. Amma hələ ki, bu iddiaların həyata keçirilməsi üçün dəqiq strategiya mövcud deyil.
Reparasiya hərəkatının genişlənməsi
Afrika Karib hövzəsi ölkələrinin təcrübəsini izləyərək, Britaniya və digər keçmiş imperiyalardan kompensasiya istəmək niyyətindədir. Əddis-Əbəbədə keçirilən Afrika-Karib sammitində Afrika İttifaqı Komissiyasının rəhbəri "reparasiya ədaləti və gerçək azadlıq" tələbi ilə çıxış edib. Cibutidən siyasətçi Mahmud Əli Yusif isə bildirib ki, iki region "əcdadların xatirəsini ucaldacaq, gələcək nəsillərin haqlarını qoruyacaq və azadlıq, ədalət və birliyin şərtlərində ortaq taleyini bərpa edəcək".
Böyük Britaniyanın tarixi yükü
Britaniya imperiyası bir vaxtlar Afrikanın dörddə birinə nəzarət edirdi. Bu səbəbdən də ona qarşı iddialar yalnız kölə ticarəti ilə məhdudlaşmır, həm də müstəmləkəçiliyin mirası və bu gün də davam edən "struktur və sistemli ədalətsizliklərə" yönəlir. Maraqlıdır ki, köləlikdən təkcə Avropa deyil, bəzi Afrika krallıqları da qazanc götürüb. Məsələn, indiki Benin ərazisində mövcud olmuş Dahomey kralı Qezo kölə alverinin ləğvinə qarşı çıxıb çünki bu, onun dövlətinə böyük gəlir gətiririb.
Reparasiyaların mümkün formaları
Tələb olunan kompensasiyalara yalnız pul ödənişləri deyil, həm də dünya iqtisadiyyatında islahatlar, oğurlanmış mədəniyyət nümunələrinin geri qaytarılması və iqlim dəyişikliyinin nəticələrinə görə ödənişlər daxil ola bilər. Hazırda bəzi Britaniya muzeyləri Benin bürünclərini, Aşanti qızılını və Efiopiya kilsəsinə məxsus müqəddəs əşyaları geri qaytarmağa başlayıb.
Karib təcrübəsi və çətinliklər
Karib ölkələrinin təşkilatı - KARIKOM on ildən çoxdur ki, keçmiş imperiyalardan trilyonlarla dollar tələb edir. Onların hazırladığı "10 maddəlik plan"a maliyyə ödənişləri ilə yanaşı, rəsmi üzr, borcların silinməsi, təhsil və iqtisadi dəstək daxildir. Lakin bu səylər indiyədək Böyük Britaniya və Fransanın sərt müqaviməti ilə qarşılaşıb.
Yamayka hətta kral III Karlın vasitəçiliyinə ümid bəsləyir, Qrenada isə "Bank of England"-dən birbaşa kompensasiya tələb edib. Maraqlıdır ki, bəzi şəxslər də şəxsi ödənişlərə başlayıb: məsələn, BBC-nin keçmiş jurnalisti Laura Trevelyan öz ailəsinin sahib olduğu plantasiyalara görə Qrenadaya təzminat ödəyib və yüzdən çox varis onun təşəbbüsünə qoşulub.
Afrikanın növbəti addımı
Afrika İttifaqı artıq bu məsələyə həsr olunmuş "Reparasiya ili" elan edib. Təxminən səkkiz aydır ki, xüsusi bölmə kompensasiya strategiyasını hazırlayır. Lakin hələ də konkret mexanizm yoxdur. Bununla belə, həm Afrika, həm də Karib hövzəsi sabiq müstəmləkəçilərin qarşısında birgə çıxış etməyə hazırdır.
Bu mübarizə sadəcə pul məsələsi deyil. Afrikalı ekspertlərin fikrincə, oğurlanmış mədəniyyətin geri qaytarılması, tarixi ədalətsizliyin tanınması və iqtisadi bərabərsizliyin aradan qaldırılması qitənin mədəni dirçəlişi və gələcək nəsillərin azadlığı üçün vacib addımlardır.