Yapon Vangasının iyul yuxusu ölkədə təlaş yaratdı – hökumət sakitliyə çağırır
Dünya
3176
06 Jul 2025 | 20:40

Yapon Vangasının iyul yuxusu ölkədə təlaş yaratdı – hökumət sakitliyə çağırır

Yaponiyada manqa müəllifi Ryo Tatsukinin 25 il əvvəl yazdığı “Gördüyüm gələcək” adlı komiksindəki iyul fəlakəti barədə səhnələr son günlər sosial şəbəkələrdə geniş yayılıb və ölkədə ciddi təlaşa səbəb olub.
 
Moderator.az xəbər verir ki, sözügedən komikdə 2025-ci ilin iyul ayında baş verəcək güclü zəlzələ və sunami təsvir edilir.
 
Daily Mail-in məlumatına görə, bir çox turist bu səbəbdən Yaponiyaya səfər planlarını ləğv edib. Yapon hökuməti və meteoroloji qurumlar isə insanları panikadan çəkinməyə, yalnız elmi məlumatlara əsaslanmağa çağırır.
 
Ryo Tatsuki özü də bildirib ki, o peyğəmbər deyil və yuxuları sadəcə şəxsi təəssüratlardır. Bununla belə, bəzi oxucular onun manqasındakı öncəgörmələrin əvvəlki illərdə gerçəkləşdiyini iddia edirlər.
 
Yuxularla yazılmış gələcək...

Ryo Tatsuki 1985-ci ildən etibarən yuxularını qeyd etməyə başlayıb və 1999-cu ildə bu qeydləri əsasında "Gördüyüm gələcək" adlı manqa nəşr etdirib. O vaxtdan bəri bəzi oxucular bu manqadakı bir sıra hadisələrin gerçək həyatda baş verdiyini iddia edir. Məsələn, Freddi Merkürinin ölümü, şahzadə Diananın avtomobil qəzası və 2011-ci ildə Yaponiyanın Tohoku bölgəsindəki dağıdıcı zəlzələ kimi hadisələrin manqada qabaqcadan təsvir edildiyi deyilir.

2021-ci ildə yenidən nəşr olunan manqada 2025-ci ilin iyulunda baş verəcək nəhəng bir fəlakət təsvir olunur: Yaponiyanın cənub sularında okean dibi yarılır, su qaynayır və iki əjdaha dənizin dibindən qalxır. Nəticədə Yaponiyaya nəhəng sunami hücum edir, şəhərlər su altında qalır, körpülər dağılır.

Turistlər kütləvi şəkildə səfərlərini ləğv edir

Bu "öncəgörən" görüntülər ictimaiyyətdə, xüsusən də Asiya ölkələrindən Yaponiyaya səfər etməyi planlaşdıranlar arasında təlaşa səbəb olub. "Bloomberg Intelligence" nəşrinin məlumatına görə, yalnız Honqkonqdan Yaponiyaya olan səfər sifarişləri ötən illə müqayisədə 50 faiz azalıb. İyunun sonu - iyulun əvvəlində isə bu azalma 83 faizə çatıb.

"Elmə inanın, manqaya yox"

Yaponiyanın səlahiyyətli orqanları isə insanları sakitliyə çağırır. Miyagi prefekturasının qubernatoru Yoşihiro Muray bildirib: "Sosial şəbəkələrdəki söz-söhbətlər turizmə zərər verə bilər. Narahatlıq üçün heç bir əsas yoxdur. Yaponlar öz evlərindədir. Zəhmət olmasa bu şayiələri qulaq ardına vurun və Yaponiyaya gəlin".

Yaponiya Meteorologiya Agentliyinin zəlzələləri və sunamiləri müşahidə bölməsinin rəhbəri Ayataka Ebita isə vurğulayıb ki, müasir elmin imkanları daxilində dəqiq vaxt, yer və miqyasla zəlzələni qabaqcadan təyin etmək olduqca çətindir. Lakin ictimaiyyət yalnız elmi məlumatlara əsaslanmalıdır.

Bununla belə, iyulun əvvəlində Yaponiya ətrafında bir neçə zəlzələ baş verib. İyulun 4-də Kyushu adası sahillərində 5,5 bal gücündə, ertəsi gün isə Kaqosima prefekturasında 5,4 bal gücündə təkanlar qeydə alınıb. Bu zəlzələlər manqadakı "iyul fəlakəti"nə dair inamı bir qədər də artırıb.

Yapon Vangası özünü peyğəmbər saymır

Ryo Tatsuki özü dəfələrlə vurğulayıb ki, o peyğəmbər deyil və gördüyü yuxulara kor-koranə inanmaq lazım deyil. O, insanları elmə və rəsmi məlumatlara əsaslanmağa çağırır. Bununla belə, onun bəzi yuxularının gerçəkləşməsi haqqında yayılan məlumatlar onu Yaponiyada bolqar Vanga kimi kult şəxsiyyətə çevirib.

Yaponiya dünyada ən çox zəlzələ olan bölgələrdən biridir - burada 6 və yuxarı bal gücündə baş verən zəlzələlərin beşdə biri qeydə alınır. Bu səbəbdən də hər hansı bir "öncəgörmə" yox, elmi ehtimallar əsasında hazırlıqlı olmaq daha real və əsaslandırılmış yanaşmadır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər