Paşinyan-Ərdoğan görüşünün pərdəarxası: Cənubi Qafqazı nə gözləyir?
Dünya
2430
21 Jun 2025 | 20:20

Paşinyan-Ərdoğan görüşünün pərdəarxası: Cənubi Qafqazı nə gözləyir?

 “Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərini müəyyən mənada yeni bir siyasi mərhələnin başlanğıcı kimi dəyərləndirə bilərik.Tarixdə ilk dəfə olaraq Ermənistanın baş naziri Türkiyəyə rəsmi səfər etdi"
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Allahverənov deyib.
Deputatın sözlərinə görə, əvvəllər beynəlxalq tədbirlər çərçivəsində iki ölkə nümayəndələri arasında müxtəlif görüşlər baş tutmuşdu:
“ Lakin bu dəfəki səfər fərqlidir – çünki Ermənistan rəhbəri birbaşa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə təşrif buyurdu. Paşinyan bu dəvəti müsbət qarşılayaraq iyunun 20-də Türkiyəyə səfər etdi. Səfər bir neçə səbəbdən yeni siyasi mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu, eyni zamanda Ermənistanın müstəqil və balanslaşdırılmış xarici siyasət yürütmək niyyətindən irəli gələn bir addımdır.
Məlumdur ki, Ermənistan uzun illər xarici siyasətində Rusiya vektoruna üstünlük verib. Lakin son aylarda, xüsusilə bu ilin fevralından etibarən İrəvan Qərblə münasibətləri genişləndirmək, Avropa İttifaqı ilə yaxınlaşmaq və yeni əməkdaşlıq platformalarına qoşulmaq istiqamətində addımlar atmağa başlayıb. Ermənistan parlamentində Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsinin gündəmə gəlməsi bu kursun gücləndiyini göstərir. Belə bir məqamda Türkiyə ilə münasibətlərin qurulması Ermənistan üçün siyasi və iqtisadi dividentlər vəd edir. Xüsusilə nəzərə alsaq ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və Paşinyan həmin vaxta qədər konkret siyasi uğurlar əldə etməyə çalışır.
Əvvəla, bu səfər Cənubi Qafqazda sabitliyin təmin olunması üçün Azərbaycanla davam edən sülh prosesinə dəstək baxımından önəmlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səfər çərçivəsində bölgədə eskalasiyaların qarşısının alınması, tərəflər arasında etimadın bərpası üçün dialoqun vacibliyini vurğuladı. Bu, Cənubi Qafqazda konsensusun formalaşdırılması və sülhə aparan yolun davam etdirilməsi baxımından mühüm siqnaldır”.
 
Deputat sözünə davam edərək vurğulayıb ki, bu səfər birbaşa Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlıdır:
“Tərəflər arasında birbaşa dialoqun aparılması həm siyasi etimadın möhkəmlənməsinə, həm də əməkdaşlıq mexanizmlərinin formalaşmasına şərait yarada bilər. Nikol Paşinyanın Türkiyəyə etdiyi səfər yalnız Ermənistan-Türkiyə münasibətləri baxımından deyil, ümumilikdə Cənubi Qafqaz regionunun gələcəyi baxımından da mühüm əhəmiyyət kəsb edir. Səfərin əsas məqsədi normallaşma prosesini sürətləndirmək idi. Texniki və praktiki məsələlərin gündəmdə olması göstərir ki, tərəflər simvolik jestlərdən çox real əməkdaşlığa yönəlmək istəyirlər.”
 
A. Allahverənov onu da qeyd edib ki, səfərin mühüm komponentlərindən biri də Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları ilə bağlı idi. Bu prosesdə Türkiyənin mövqeyi və rolu xüsusi önəm daşıyır:
“Türkiyə Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunmasında maraqlı və eyni zamanda bu istiqamətdə real təsir gücünə malik əsas aktorlardan biridir. Paşinyanla Ərdoğan arasında aparılan müzakirələrdə bu məsələ də gündəmdə olub. Bu, Türkiyənin həm vasitəçi, həm də tərəfdaş kimi prosesə töhfə verməyə hazır olduğunu bir daha göstərir.
Səfər çərçivəsində Nikol Paşinyan Türkiyədəki erməni icmasının bəzi nümayəndələri və müxtəlif dini qurumlarla da görüşlər keçirdi. Bu kontekstdə gələcəkdə sərhədlərin açılması, yeni marşrutların istifadəyə verilməsi, regional təhlükəsizliyin təmin olunması və vasitəçilərsiz danışıqlar kimi məsələlər müzakirə edildi. İşgüzar səfər real dialoqun aparılması üçün əlverişli zəmin yaratdı. Əsas diqqət konkret və praktik məsələlərin – sərhədlərin açılması, nəqliyyat dəhlizlərinin fəaliyyəti və qarşılıqlı sazişlərin imzalanması kimi addımların müzakirəsinə yönəlib. Bu, Ermənistan üçün olduqca vacibdir.
Bu səfər zamanı Ermənistanın mövqeyindən aydın şəkildə hiss olunurdu ki, məqsəd Türkiyə ilə birbaşa əlaqələrin qurulması və bu münasibətlərin inkişaf etdirilməsidir”.
"Bu məsələlər təkcə Türkiyə üçün deyil, Azərbaycan üçün də strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Söhbət, xüsusilə Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi vasitəsilə yükdaşımaların həyata keçirilməsindən gedir. Türkiyənin Naxçıvanla birləşdirilməsi məqsədilə inşa edilən Naxçıvan dəmir yolu xətti və bu imkanlardan maksimum istifadə bölgənin logistik potensialını artıracaq.
Diqqət çəkən məqamlardan biri də odur ki, bu proseslərdə Ermənistan, Azərbaycan, Türkiyə, Avropa İttifaqı və Rusiya kimi regional və beynəlxalq aktorlar iştirak edir. Beləliklə, bölgədə çoxşaxəli əməkdaşlıq platformasının ilkin konturları formalaşmağa başlayıb. Əgər Zəngəzur dəhlizinin istifadəsi yaxın gələcəkdə reallaşarsa, bu, regionda yeni imkanlar yaradacaq və maraqlı tərəflərin geosiyasi və iqtisadi mövqelərini gücləndirəcək.
Bu baxımdan, Paşinyanın səfəri hərtərəfli və müsbət dəyərləndirilə bilər. Ümid edilir ki, bu səfər sülhün təmin olunması, regional inkişafın sürətləndirilməsi və əməkdaşlığın gerçəkləşməsi baxımından faydalı olacaq. Yaxın zamanda səfərin praktiki nəticələri özünü daha aydın şəkildə göstərə bilər”, – deyə Azər Allahverənov qeyd edib.
 
Mehin Mehmanqızı
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər