Dünyanın yeni geopolitik quruluşu sürətlə dəyişməkdədir. Trampın digər ölkələrə tətbiq etdiyi tariflər hər gün daha da yüksəlir. Eyni zamanda,Kanadadan, Aİ-dan, Çindən ABŞ-yə qarşı tariflər gəlməkdə davam edir. Bu beynəlxalq ticarət müharibələri, qlobal iqtisadiyyatın müxtəlif istiqamətlərində qeyri-müəyyənlik yaratmaqdadır. Öz növbəsində, belə bir mühitin Azərbaycan iqtisadiyyatına necə təsir edəcəyi, xüsusilə inflyasiya göstəricilərinin daha da artması ehtimalı ciddi narahatlıq doğurur. Hazırda, ölkəmizdə inflyasiya 5,5%-ə qədər yüksəlib və bu meyil davam edərsə, inflyasiya rəqəmləri daha da artacaq? Qarşıdakı aylarda Azərbaycanda gözlənilən iqtisadi proqnozlar nələrdir?

Bu barədə Moderator.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, dünyada hazırda müşahidə olunan qarşılıqlı rüsum və vergi tədbiqi, ümumiyyətlə aparıcı ölkələrin biri-birilərinə qarşı iqtisadi və ticari xarakterli təhdidləri təbii ki, qlobal iqtisadiyyatda müsbət heç nə yaratmır, əksinə böyük risklər ortaya çıxardır:
“Bu da Azərbaycan kimi ölkələr üçün ciddi təhlükələr törədir, müəyyən təsir və təzyiqlər formalaşdırır. Etiraf etmək lazımdır ki, bunun artıq, küləyi hiss olunur. Bunun ən mühüm göstəricilərindən və yaxud əlaməntlərindən biri inflyasiyanın nisbətən sürətlənməsidir. Belə ki, nə yanvar ayı ərzində, nə də fevral ayının yekununa ölkəmizdə inflyasiya göstəricisi ürəkaçan həddə qeydə alınmayıb. Lakin bizim üçün əsas faktor, neftin qiyməti məsələsidir. Neftin ucuzlaşması faktoru ölkəmiz üçün həmişə ciddi təhdid və təhlükə xarakterli hadisə sayılıb ki, deyəsən artıq, bu da, gerçəkləşməyə doğru start götürüb”.
İqtisadçı xatırladıb ki, D.Tramp hələ birinci, yəni 2017-2021-ci illərdə prezidentliyi dövründə də Səudiyyə Ərəbistanını neftin qiymətini artırmaqda ittiham edirdi:
“Ona görə ki, adıçəkilən ölkə qurumda əsas söz sahibi sayılır. D.Tramp o vaxt da bəyan etmişdi ki, neft 50 dollardan aşağı olmalıdır. Bu isə bizə sərfəli deyil. Düzdür, qiymətlərin 50 dollardan aşağı düşəcəyi haqda danışmaq hələ tezdir, ancaq, real olaraq 70 ABŞ dollarının üzərinə düşmüş sayılır ki, bu da ötən ilin dekabrından sonra ən aşağı qiymət səviyyəsidir. Yəni, neftin bundan sonra mərhələli olaraq ucuzlaşması prosesi qaçılmaz gözlənilir. Bu isə ən azı dövlət büdcəmizdə neftin bir barelini 70 ABŞ dollarından götürməyimiz baxımından elə məhz cari il üçün də narahat olmağa əsas yaradır. Odur ki, həm bu, həm də dünya bazarlarında neftin ucuzlaşacağı təqdirdə yanacaq və buna uyğun olaraq logistik xərclərin də nisbətən azalacağına baxmayaraq, aparıcı ölkələrin qarşılıqlı rüsum tətbiq etmələri səbəbindən ciddi bahalaşma təhlükəsi gözləntisi ölkəmizdə ilk növbədə inflyasiyanın getdikcə hələ bir az da sürətlənəcəyi vədi formalaşdırır. Bizdə isə inflyasiya hələ yenicə səngimiş sayılırdı”.
“Bir sözlə, neftin ucuzlaşacağı və ümumən qiymətlərin bahalaşacağı, yəni kəskin inflyasiya dalğalanmalarının ortaya çıxacağı kimi amillər və yaxud gözləntilər üzündən ölkəmiz üçün artıq, ilk üç ayını başa vurmaq üzrə olduğumuz cari ilin qalan dövrü ərzində müəyyən təhdidlər görünür. Ancaq ən mühümü odur ki, neftin qiyməti çox düşməsin. Özü də bu, elə bir vaxta düşür ki, həm dövlət büdcəmiz üzrə xərclər geniş xarakter daşıyır, həm də qeyri-neft-qaz sektoru real olaraq əvvəlkindən daha çox dəstək gözləyir”, - deyə Pərviz Heydərov qeyd edib.
Mehin Mehmanqızı