"ABŞ prezidentinin Putinin təbliğatını təkrarladığını eşitmək ayıbdır..."
Məşhur kinorejissor və bir sıra ABŞ senatoru Zelenskinin tərəfini tutub
Məşhur amerikalı kinoprodüser, Amerika Kino Akademiyasının üzvü, Ukraynanın "1+1" telekanalının yaradıcısı Aleksandr Rodnyanski ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı son qeyri-diplomatik ifadələrinə cavab verib.
Moderator.az xəbər verir ki, bu barədə "currentime.tv" nəşri yazıb.
Nəşr xatırladıb ki, Tramp Zelenskinin "aşağı reytinqə" malik olduğunu iddia edərək, onu seçkilərin keçirilməməsində, korrupsiyada və hətta "qazanmaq mümkün olmayan müharibəni" Ukraynanın başladığında ittiham edib.
"Seçkilərsiz diktator Zelenski dərhal hərəkətə keçməsə, onun ölkəsi qalmayacaq", - Tramp bildirib. Kiyevi tənqid edərkən o, Rusiyanın Krımı ilhaq etməsi və səkkizillik hibrid müharibədən sonra genişmiqyaslı işğala başlamasına baxmayaraq, Vladimir Putini qınamayıb.
Rodnyanski Trampın Zelenski ilə bağlı sözlərini iqtibas gətirməyib: "Vens, Uolts və Maskın sözlərini də yazmayacağam. Bunları hər kəs oxuyub. Bir çoxları dəhşətə gəlib, kimlərsə sevinib. Hər kəs müzakirə edib", - kinoprodüser bildirib. O, sadəcə, Zelenskiyə qarşı deyilən sözlərin "misli görünməyən ədalətsizliyinə" toxunmaq istədiyini vurğulayıb.
"Ukraynalılar öz prezidentindən çox şeyi- bürokratizmi, söz azadlığı ilə bağlı vəziyyəti, müxalifətə qarşı sərt mübarizəni tələb edə bilər. Səhvlər, yanlış qərarlar, yerinə yetirilməmiş vədlər... Bu, beş ildən çoxdur hakimiyyətdə olan və ölkə üçün ən ağır dövrdə qərar vermək məcburiyyətində qalan hər bir dövlət başçısına aid ola bilər. Amma bu müharibəni Vladimir Zelenski başlamayıb. Rusiya təcavüzünün səbəbi onun qərarları və hərəkətləri olmayıb. Bu, Putin başda olmaqla Rusiya rejiminin günahı, məsuliyyəti və cinayətidir", - Rodnyanski qeyd edib.
Onun fikrincə, Trampın sözləri Putinin məsuliyyətini aradan qaldırır, "bu isə, yumşaq desək, ədalətsizlikdir". "Zelenski ukraynalıların dəstəyini itirməyib. Heç bir 4 faizdən söhbət gedə bilməz. O, hələ də populyardır və Trampın sözləri onun nüfuzunu yalnız gücləndirib, ona dəstəyi artırıb", - kinorejissor vurğulayıb.
Qeyd edək ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun 4-9 fevral 2025-ci il tarixlərində keçirdiyi sorğuya görə, ukraynalıların 57 faizi Zelenskiyə etibar etdiyini bildirib. 37 faiz ona etibar etmədiyini söyləyib, 6 faiz isə mövqeyini müəyyənləşdirə bilmədiyini qeyd edib. Trampın bəyanatlarından sonra isə prezidentə dəstək nəzərəçarpacaq dərəcədə artıb.
Rodnyanski xüsusilə vurğulayıb: "Zelenski qorxaq deyil. O, müharibənin əvvəlində qorxmayıb və ölkəni birləşdirərək çoxlarını ruhlandırıb. Və o, indi də Trampa üç dəfə yox deyib, bu isə Trampı qəzəbləndirib: o, Ər-Riyadda görüşə getməyib, çünki orada lider mövqeyi təklif olunmayıb, o, müharibə bitənədək seçkilər keçirməkdən imtina edib və o, ABŞ-a Ukraynanın yeraltı sərvətlərini verən müqaviləni imzalamayıb. Strateji müttəfiqdən tam asılı olan bir ölkənin lideri üçün bu, cəsarətli addımdır".
"Sonda deyə bilərəm ki, hər şeyin necə başa çatacağını bilmirəm. Ümid edirəm ki, insanlar ölməkdən qurtulacaq və Ukrayna layiq olduğu gələcəyi qazanacaq. Amma çox kədərlənirəm. Heç vaxt düşünməzdim ki, Ukrayna prezidentini, özü də Rusiyanın gətirdiyi bu alçaq müharibə davam edərkən, belə haqsız hücumlardan qorumaq məcburiyyətində qalacağam", - Rodnyanski deyib.
Eyni mövqeni bir sıra nüfuzlu ABŞ senatorları da bölüşüb. Xüsusilə, respublikaçı senatorlar Tramp administrasiyasının siyasətinin Putinin mövqeyini gücləndirəcəyindən narahatlıqlarını ifadə edib. Onlar Ukraynanın Rusiya təcavüzünün qurbanı olduğunu və "təcavüzkarı sakitləşdirmək" siyasətini dəstəkləmədiklərini bildirib.
Luiziana ştatından senator Con Kennedi müharibəni məhz Putinin başladığını vurğulayaraq, onu "qara qəlbli cinayətkar" adlandırıb. Missisipi senatoru Rocer Uiker Putini "hərbi cinayətkar" kimi dəyərləndirərək, onun ya həbsxanada ömür sürməli, ya da edam edilməli olduğunu bildirib və Ukraynanı sülh danışıqlarına qatılmağa çağırıb.
Şimali Karolinadan senatoruə Tom Tillis isə Zelenskini "diktator" adlandırmaqla razılaşmadığını qeyd edib. Senatın çoxluq lideri Con Tun isə Trampın şəxsi fikrini ifadə etdiyini, lakin eyni zamanda ABŞ administrasiyasının Ukraynada sülhə nail olmaq cəhdlərini dəstəklədiyini bildirib.
Demokrat senatorlar, xüsusilə Riçard Blumental və Berni Sanders Trampı daha kəskin tənqid edib. Sanders bildirib: "Biz Amerika tarixində çox kədərli bir məqamın şahidi oluruq. ABŞ prezidenti Rusiya diktatoru Vladimir Putinlə birləşərək Ukraynanın müstəqilliyini və demokratiyasını sarsıtmağa çalışır".
Demokrat Çak Şumer isə Trampın Ukraynaya qarşı hücumlarını "iyrənc" və "həqiqətin təhrif edilməsi" adlandırıb: "ABŞ prezidentinin, xüsusilə də Ukraynanın hesabına danışıqların zəminini hazırlayarkən, Putinin təbliğatını təkrarladığını eşitmək ayıbdır".