İpoteka kreditlərinin həcmi artırılacaq - Kimlər güzəştli ipoteka ala bilər?
İqtisadiyyat
2028
06 Dec 2024 | 09:13

İpoteka kreditlərinin həcmi artırılacaq - Kimlər güzəştli ipoteka ala bilər?

Gələn il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq. Bu o deməkdir ki, növbəti il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 1 milyard 168 milyona manata çatacaq.
 
Bu barədə açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, bu həmçinin daha çox vətəndaşlarımızın ipoteka kreditindən faydalanaraq mənzil almaq imkanının yaranması deməkdir.
 
 Vüqar Bayramov qeyd edib ki, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur:
 
“Bu eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin portfelini də genişləndirir. Deməli, bu həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir”.
 
İndiyədək fond tərəfindən 52 min 59 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 276 milyon manatdan çoxdur.
 
Eyni zamanda, daxili ipoteka krediti verən banklar var ki, bu banklar  müştərilərə daha əlçatan şərtlərlə bankın öz vəsaiti hesabına mənzil və ya fərdi yaşayış evi əldə etmək imkanı verir. Qeyd edək ki, hazırda daxili ipoteka krediti verən bankların sayı azdır. Daxili ipoteka krediti verən banklar "ABB", "Xalq Bank", "Kapital Bank", "Bank VTB" və "Ziraat Bank Azərbaycan"dır. 
 
Bəs kimlər güzəştli ipoteka ala bilər?
 
İpoteka kreditlərini adi və güzəştli şərtlərlə əldə etmək mümkündür. Adi ipoteka kreditlərinin maksimal məbləği 150 000 AZN-dirsə, güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 8 faizlə 30 il müddətinə təklif olunur.
 
Lakin güzəştlər hamıya şamil olunmur. İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ var:
 
Gənc ailənin üzvü olan aşağıdakı şəxslər
şəhidin övladları;
Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları;
Azərbaycanın Milli Qəhrəmanının övladları;
Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;
Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı    (I, II və ya III yer);
Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;
Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
şəhid ailəsinin üzvü (əri/arvadı).
Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı).
Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı).
 
Qeyd edək ki, güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.
 
Mehin Mehmanqızı
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər