Adil Qeybulla “Quska”nın müayinəsindən danışdı
Cəmiyyət
1813
05 Dec 2024 | 17:05

Adil Qeybulla “Quska”nın müayinəsindən danışdı

Xəbər verildiyi kimi, hakim Azər Tağıyev tanınmış həkim Adil Qeybullanın həbsdə olan sabiq deputat Hüseyn Abdullayevi təkrar müayinə etməsinə qərar verib.
 
Abdullayevin vəkilləri bildiriblər ki, həkim bundan əvvəl cəmi bir dəfə Abdullayevlə görüşüb, daha sonra ona icazə verilməyib.
 
Bununla bağlı Musavat.com-a açıqlama verən Professor Adil Qeybulla bildirib ki, ailənin və ya vətəndaş cəmiyyətinin istəyi ilə məhbuslara baş çəkir. 
 
“Hüseyn Abdullayevi bir neçə dəfə müayinə etmişəm. O, 6 il həbsdə olub, hazırda isə yeni cinayət işi açılıb. Onun psixoloji durumu əlbəttə ki, yaxşı olmayacaq. Onun ən azı həkim məsləhətinə və daimi həkim müşahidəsinə ehtiyacı var. Bundan əvvəl bir neçə dəfə ona baş çəkmək istədim, lakin yanına buraxılmadım. Hakimin icazəsi burada tamamı ilə yetərlidir”. 
 
Qeyd edək ki, “Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ötəngünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
 
Prokuror bəyan edib ki, sabiq deputata verilmiş ittiham məhkəmə istintaqı ilə təsdiqini tapıb.
 
Bu əsasla Hüseyn Abdullayev cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmada təqsirli bilinməli, cəzasını ümumi rejimdə çəkməsi şərti ilə 10 il müddətinə azadlıqdan məhrum edilməlidir. “Quska” özü ittihamçının çıxışını istintaq təcridxanasından video-kamera ilə dinləyib. Məhkəməyə sədrlik edən hakim Azər Tağıyev müdafiə çıxışına hazırlanmaları üçün vəkillərə vaxt verib.
 
Xatırladaq ki, H. Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və digər cinayətlərin törədilməsində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin cəza müddəti bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.
 
Link kopyalandı!
Son xəbərlər