Ekskluziv
1817
05 Dec 2024 | 16:38

"İsrail Qəzzada fələstinlilərə qarşı əsl soyqırım törədib" - "Amnesty İnternational"

 
"İsrail Qəzzada fələstinlilərin həyatını amansızcasına, yorulmadan və tamamilə cəzasızlıq şəraitində əsl cəhənnəmə çevirib, onları birbaşa mənada məhv etmək niyyətində olub..."
 
Dekabrın 5-də dünyanın ən tanınmış "Amnesty İnternational" hüquq-müdafiə təşkilatı "Sən özünü sanki natamam insan kimi hiss edirsən: İsrailin Qəzzada fələstinlilərə qarşı soyqırımı" adlı 296 səhifəlik məruzə dərc edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.
 
Məruzədə deyilir ki, İsrail 2023-cü ilin okyabr ayından Qəzzada apardığı hərbi əməliyyatların gedişində "fələstinlilərin həyatını amansızcasına, yorulmadan və tamamilə cəzasızlıq şəraitində əsl cəhənnəmə çevirib". 
 
Bütövlükdə, hüquq müdafiəçiləri bölgənin bombardman edilməsi, mülki əhalinin öz evlərini tərk etməsi, ərzaq və tibbi yardımın çatışmazlığı faktlarını qeyd edib.
 
"Amnesty İnternational" hüquq-müdafiə təşkilatının məruzəsində göstərilir ki, İsrail "Soyqırım haqqında Konvensiya" ilə qadağan edilən hərəkətlərə yol verib, birbaşa mənada Qəzzada fələstinliləri məhv etmək niyyətində olub.
 
Belə hərəkətlərə qətllər, ağır bədən xəsarətləri və ya psixi travmalar yetirmək və qəsdən Qəzzada fələstinlilər üçün onların fiziki məhvinə hesablanan şərait yaradılması daxildir.
 
Artıq bir çox aylar ərzində İsrail fələstinlilərlə nə hüquqları, nə də insan ləyaqəti olan natamam insanlar qrupu kimi davranır, açıq şəkildə onları fiziki cəhətdən məhv etmək niyyətini nümayiş etdirir", - bu barədə təşkilatın baş katibi Anyes Kallamar bəyan edib.
 
"Bizim məruzəmizdən çıxan nəticələr beynəlxalq birliyə hərəkətə keçmək üçün siqnal olmalıdır. Bu, soyqırımdır və buna dərhal son qoyulmalıdır", - o, bəyan edib.
 
"Hazırda İsrailə silah tədarükünü davam etdirən dövlətlər bilməlidir ki, onlar soyqırımın qarşısının alınması üzrə üzərinə götürdükləri öhdəlikləri pozur və soyqırımın iştirakçılarına çevrilməklə risk edir", - o, vurğulayıb.
 
"İsrailə hər-hansı təsiri olan ölkələr, ilk növbədə əsas silah tədarükçüsü olan ABŞ və Almaniya kimi, habelə Avropa İttifaqının üzvü olan digər ölkələr, Böyük Britaniya və başqaları İsrailin Qəzza bölgəsində fələstinlilərə qarşı qanlı cinayətlərinə dərhal son qoyulması üçün təxirəsalınmaz tədbirlər görməlidir", - Anyes Kallamar bəyan edib.
 
"İsrail dəfələrlə iddia edib ki, onun Qəzzada hərəkətləri legitimdir və  HƏMAS-ın məhv edilməsi kimi hərbi məqsədlə bunlara haqq qazandırmaq olar. Lakin soyqırım törətmək niyyəti hərbi məqsədlərlə tamamilə eyni zamanda həyata keçirilə bilər və İsrailin yeganə məqsədi olmaya bilər", - o, əlavə edib.
 
Xatırladaq ki, "Amnesty İnternational" ("Beynəlxalq Amnistiya") 1961-ci ildə Böyük Britaniyada təsis edilən və bütün dünya boyunca insan haqları uğrunda mübarizə aparan qeyri-hökumət təşkilatıdır.
 
Təşkilatın məlumatlarına görə, onum 10 milyon tərəfdarı (iki milyondan artıq üzvü və təxminən 7 milyon tərəfdarı) var. Beləliklə, "Amnesty İnternational" dünyada ən çoxsaylı hüquq-müdafiə təşkilatıdır.
Link kopyalandı!
Son xəbərlər