Buna görə də İran İsraili vurmaqdan imtina etdi - NYT
Dünya
2585
30 Nov 2024 | 21:36

Buna görə də İran İsraili vurmaqdan imtina etdi - NYT

İran prezidenti İlon Maskla nədən danışıb və Tehran Trampdan nə gözləyir?..
 
"Biz 40 ildir ki, bir hücumu da cavabsız qoymamışıq", - bu barədə İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ali komandirlərindən biri oktyabrın sonunda, İsrail Hərbi-Hava Qüvvələrinin İrana zərbəsindən sonra bəyan edib. Bir ay keçib, amma cavab yoxdur. 
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
 
İranın ali vəzifəli şəxsləri hər gün İsraili hücuma görə cəzalandıracağı ilə təhdid edir, cavab zərbəsinin "qaçılmaz" olduğunu deyir, artıq kod adı "Doğru vəd-3" adlandırılan əməliyyat planının çox diqqətlə işlənib hazırlandığını iddia edir. Lakin səs-küylü bəyanatlardan başqa ortalıqda heç nə yoxdur.
 
Nədən İran İsrailə cavab zərbəsi endirməyə tələsmir? Nəşrin jurnalistləri bu suala cavab verməyə cəhd edib. Noyabrın 28-də dərc edilən məqalədə ayətüllah rejimini öz planlarına yenidən baxmağa vadar edən səbəblər açıqlanıb. 
 
Bu səbəblərdən biri Donald Trampın İsrail HHQ-nin İrana hücumundan 10 gün sonra ABŞ prezidenti seçkilərində qalib gəlməsidir. 
 
SEPAH daxil olmaqla İranın beş mənbəsi müxbirlərə bəyan edib ki, Tehran Trampı ən radikal qərarlar qəbul etmək iqtidarında olan proqnozlaşdırılmayan lider hesab edir. Bu, onun birinci prezidentlik müddətində ABŞ-ın İranla nüvə sövdələşməsindən çıxması, İrana qarşı iqtisadi sanksiyaların bərpa edilməsi və İranın Qüds Qüvvələrinin komandanının aradan götürülməsində özünü büruzə verib.
 
Həmin mənbələrin sözlərinə görə, Tehran rejiminin İsrailə cavab zərbəsi ilə bağlı qərara yenidən baxmasına digər amillər, o cümlədən İsrail ordusunun "Hizbullah"a dağıdıcı zərbələri və İranda energetika böhranı səbəb olub, bu da hakimiyyəti elektrik enerjisinin fasilələrlə verilməsinə məcbur edib. Böhran İran iqtisadiyyatındakı neqativ prosesləri daha da pisləşdirib və inflyasiyanın artmasına gətirib çıxarıb.
 
Lakin başlıca səbəb ABŞ-da prezident seçkiləri olub. İrandakı mənbələr belə fikir ifadə edib ki, Tehran hər halda Trampla Ağ Evə qayıtdıqdan dərhal sonra  qarşıdurmaya getmək istəmir. İran rejimi gələcək administrasiyada təyinatları diqqətlə izləyir və qeyd edir ki, həlledici mövqeləri "quzğunlar" tutub. 
 
Tehran Trampın Livan, Qəzza və Ukraynada müharibələrə son qoyacağı vədlərini tam ciddiliyi ilə qəbul edir. Məhz buna görə də rəsmi şəxslər yalnız sözdə təhdidlərlə kifayətlənir. Əvvəlcə deyilirdi ki, cavab zərbəsi "uyğun məqamda" endiriləcək, lakin sonra "regionda hadisələrin inkişafı nəzərə alınmaqla" ifadəsi üzə çıxıb.
 
İsrailə cavab zərbəsi məsələsində son söz İranın Ali dini rəhbəri ayətüllah Əli Xameneiyə məxsusdur. Lakin İranın mülayim hesab edilən yeni prezidenti Məsud Pezeşkianın xarici siyasətə təsiri böyükdür.
 
Məqalədə Pezeşkianın amerikalı milyardçı İlon Maskla İranın BMT-dəki daimi nümayəndəsinin Nyu-Yorkdakı şəxsi iqamətgahında baş tutan görüşü barədə yeni məlumatlar yer alıb.
 
Bu görüşü "çox mühüm" adlandıran iki məlumatlı mənbə İran prezidenti və Maskın Tehran və Vaşinqton arasında münasibətlərdəki gərginliyin azaldılmasının mümkünlüyünün müzakirə edildiyini təsdiq edib.
 
Məlumata görə, Tehran "Hizbullah"a ciddi təzyiq göstərərək öz satellitlərini Livanda atəşkəsə inandırıb. Noyabrın ortalarında ayətüllah Xameneinin tapşırığı ilə onun müşaviri Əli Laricani Beyruta gəlib.
 
Səfər rəsmi olsa da, onun əsl məqsədi gizli saxlanılıb. Jurnalistlər iddia edir ki, Laricani "Hizbullah"ı öz qüvvələrini İsrail sərhəddindən geri çəkməsinə məcbur edib, bunun əvəzində atəşkəs vəd edib. Müşavirin İrana dönməsindən 48 saat sonra vasitəçilərlə danışıqlarda ilk ciddi irəliləyiş əldə edilib. 
 
"Hizbullah" bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsində nəzərdə tutulduğu kimi sərhəd xəttindən geri çəkilməyə hazırdır. Bundan öncə o, bu təklifi "ağlasığmaz və qəbuledilməz" adlandırıb.
Link kopyalandı!
Son xəbərlər