“Təkcə sənətimiz yox, əxlaqımız da tənəzzülə uğrayıb, efirə çıxır arxasını tamaşaçıya çevirir”
Ekskluziv
2111
30 Nov 2024 | 17:12

“Təkcə sənətimiz yox, əxlaqımız da tənəzzülə uğrayıb, efirə çıxır arxasını tamaşaçıya çevirir”

“Təkcə sənətimiz yox, sənətlə birlikdə əxlaqımız da tənəzzülə uğrayıb. Əxlaqımız əldən gedir. Bizim ziyalılarımız, alimlərimiz hara baxır? Dərdimizi kimə, hara deyək? Bunun üçün müəyyən aidiyyatı qurumlar var. Bir ölçü götürülməlidir yoxsa yox? Buna da dövlət qarışmalıdır? Dövlətin daha vacib işləri var axı! Bizə bu ölkəni, bu şəraiti, əmin-amanlığı veriblər. Azad ölkəyik, amma necə gəldi yaşayıb, necə gəldi geyinməliyik? Azərbaycan mentaliteti qalmayıb. Sənətdə də vəziyyət bu cürdür, mədəniyyətdə də”
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, xanəndə Sevinc Sarıyeva deyib. O daha sonra əlavə edib:
 
“Bir neçə gün öncə ARB kanalında yayımlanan “Həmin Zaur” verilişində sənət yoldaşlarım Almaz Orucova, Zakir Əliyev və Sahib İbrahimovla birlikdə qonaq idim. Bilirsiniz ki, həmin verilişə hər tip müğənni gedir. Bir bilməzsiniz ki, bizə nə qədər zəng edib təbrik etdilər. Veriliş hamının xoşuna gəlmişdi. Yüksək səviyyədə gözəl bir veriliş alınmışdı. Nə qalmaqal var idi, nə də artıq-əskik sözlər. Hamı öz sənətini nümayiş etdirdi. Nəyə lazımdır axı? Bayağı musiqi artıq camaatın marağında deyil. Onların ömürlərinə az qalıb. Efirlərdən çox şey asılıdır. Bərbad oxuyanların hər birini efirlər camaata zorla satır, yedizdirir. Vallah efir elə müğənnilərlə reytinq yığmır. Bədənlərini, dodaqlarını pis günə salırlar, musiqini də, mahnını da öz günlərinə qoyurlar. Biz camaatın içindəyik də, görürük ki, insanlar beziblər. Bədən şəkilləndirmə ilə efirə çıxırsan, arxanı da tamaşaçıya çevirirsən. Mən də səhnə adamıyam, mən də üz baxımı, gözəlləşmə prosedurları edirəm. Amma çərçivədən, hədəqədən çıxmıram. Müəyyən oxuyanlara baxıram oxumaqdan çox danışırlar. Bir müğənniyə bir dəfə sual verdim ki, efirdə hər ağzına gələni danışma da, pis görünür. Bilirsiniz mənə nə dedi? Dedi ki, məni toylara oxumağıma görə yox, danışığıma görə aparırlar. Barı heç olmasa elə danışmaq lazımdır ki, tamaşaçıya fikirlərini yaxşı çatdırasan. Efirdə bazar söhbətlərini etmək olmaz. Biz hər bir evin qonağıyıq. Hər evdə ən azından bir uşaq bizə baxır. Biz efirlərə çıxanda bunları düşünməliyik. Kiminsə naməhrəmini gətirib ortaya qoymaq, məişət söhbətlərini danışmaq doğru deyil. 36 ildir sənətdəyəm, son 5-6 ildə gördüklərimi bu illər ərzində görməmişəm. Biz o dövrdə belə olmamışıq. Böyük-kiçik hörməti artıq qalmayıb. Sənəti olmayan, başı çıxmayan da sənətdən danışır. Bir dəstgah oxuyan yoxdur. Efirə çıxanlar ancaq ərəb-fars, hind ritmlərində oxuyurlar. Muğam müsabiqələrindən çıxıb toyxana mahnıları oxuyurlar” deyə xanəndə bildirib.
 
Sənətkar həmkarlarının “oğluma müğənni qız almaram” fikirləri ilə razı deyil:
 
“O vaxt müğənni qız almırdılar. İndi yaxşı müğənni xanımı alırlar. Yaxşılar həmişə olub. Bizim dövrümüzdə müğənni qızı almırdılar. Pis baxırdılar. Yazıq oxuyanlar o dövrdə indikilər kimi hərəkət etmirdilər. Nə edirdik ki? İndi də yaxşı oxuyan, əxlaqı olan müğənni qızı alırlar. Günay İmanverdiyeva, Nisbət Sədrayeva kimi əxlaqlı xanım müğənnini kim almaz? Mən subay xanımlardan danışıram da. Pis harada olsa pisdir. Hər sahənin pisi yaxşısı var. Biz göz önündə olduğumuz üçün daha çox görünürük. Biz müğənniyik efirlərə çıxırıq, amma müəyyən sahələrin xanımları var ki, bədənşəkilləndirmə və digər əcaib plastik əməliyyatlar etdirirlər. Müğənniləri başa düşmək olur, yaxşı bəs müəyyən sahələrin xanımlarına nə düşüb? Onlar ki, efirə, tamaşaçı qarşısına çıxmırlar” deyə xanəndə deyib.
Link kopyalandı!
Son xəbərlər