1877
30 Nov 2024 | 09:55

"Qərb güc tətbiq etmək, etiraz aksiyalarını daha da alovlandırmaq niyyətindədir" - Xəyal Bəşirov şərh etdi

“Gürcüstanda parlament seçkilərində qalib gələn “Gürcü Arzusu” partiyası tərəfindən  Qərbin siyasətindən imtina etməklə bağlı konkret mövqe ortaya qoyulub”
 
 
Bu fikirləri Moderator.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib.
 
Politoloqun sözlərinə görə, “Gürcü Arzusu” partiyası və ona yaxın olan partiyaların təşkil etdiyi koalisiya artıq parlamentin iclasını keçirib və parlamentin iclası nəticəsində  Baş nazir də seçilib:
 
“Bir neçə gün sonra Gürcüstan Konstitusiyasına görə ilk dəfə xalq tərəfindən deyil seçki kollegiyası tərəfindən prezident seçkiləri də keçiriləcək. Çox güman ki, Gürcüstanın yeni prezidenti Kavelaşvili olacaq. Çünki Kavelaşvilinin prezident seçilmə şansı hazırkı prezident Zurabişvilidən daha çoxdur”.
 
Politoloq qeyd edib ki, Baş nazir İrakli Kobaxidze  Avropa İttifaqı ilə 2028-ci ilədək üzvlük danışıqlarının başlanması məsələsindən imtina etdiyini açıqlayıb:
 
 “Baş nazir Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə cavab olaraq sərt mövqe bildirib. Gürcüstan tərəfi atdığı bütün bu addımları onunla əlaqələndirir ki, Qərb onlara müstəqil dövlət kimi baxmır. Mixail Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra 20 il ərzində Gürcüstanın Avropa istiqamətində getdiyi o yolun üzərindən “Xarici agent”lər haqqında və LGBT-nin qadağan edilməsi haqqında qanunların qəbul edilməsi zamanı Qərb buna etiraz olaraq  Gürcüstanın avrointeqrasiya istiqamətində atdığı addımların qarşısını kəsmiş oldu. 
Hakimiyyət Avropa İttifaqına üzvlüyə namizədlik statusunu ləğv etdi və bir sıra digər addımlar atdı. Gürcüstanla Qərb ölkələri arasında baş verən bu proseslər onu göstərdi ki, bu,reallaşmalı olan məsələ idi”.
 
X.Bəşirov  hesab edir ki, Gürcüstanda etiraz aksiyaları  o dərəcədə geniş vüsət almayıbsa, Qərb dövlətlərinin inteqrasiya siyasətinin tərəfdarları, hazırkı hakimiyyəti dəstəkləyən şəxslərin tərəfdarları ilə müqayisədə daha azdır:
 
“Çünki insanlar 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında müharibəni alovlandıran və daha sonra Gürcüstanı sonuna qədər müdafiə etməyən Qərbə o qədər də etimad göstərmirlər. Gürcüstan cəmiyyəti Mixail Saakaşvilinin müqəddəratını, Ukraynada baş verən prosesləri, ondan öncə Moldovada gedən prosesləri gördülər və bundan nəticə çıxartdılar ki, Qərbin özünə lazım olan əsas  öz maraqlarıdır və bu maraqlar təmin olunana qədər  addımları atırlar. Daha sonra isə artıq o addımlarını davam etdirmirlər. Ona görə də, hazırkı iqtidar və  onların tərəfdarı Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə cavab olaraq bu mövqeyi sərgilədilər. Bu gün Ukraynada, Yaxın Şərqdə və o cümlədən də Cənubi Qafqazda, mövqeləri zəifləyən Qərb artıq anlayır ki,  güc tətbiq etmədən bu prosesləri reallaşdırmaq olmaz. Ona görə artıq güc tətbiq etmək, həm də etiraz aksiyalarını alovlandırmaq niyyətindədir. Hər bir halda baş verən proseslərin nəticəsi bunu göstərəcək. Düşünürəm ki, Gürcüstan cəmiyyəti düzgün seçim edəcək”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər