Gürcüstan Seçkiləri: Etirazlar və beynəlxalq təzyiqlər - Şərh
Digər
2489
27 Nov 2024 | 10:03

Gürcüstan Seçkiləri: Etirazlar və beynəlxalq təzyiqlər - Şərh

“Qərbin və onun yerli emissarlarının imkanları get gedə, Gürcüstanda tükənməkdədir. O cəhətdən hansısa dəyişiklik ssenarisinin baş tutması real deyil”.
 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında  Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin sədri, siyasi şərhçi Elməddin Behbud bildirib.
 
Elməddin Behbud  qeyd edib ki, 150 yerlik Gürcüstan parlamentində hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası son seçki nəticəsinə görə 89 deputat mandatı qazanıb. Qalan 61 yer isə dörd müxalifət bloku arasında bölünüb:
 
“Oktyabrın 26-dan etibarən dörd müxalifət partiyası və seçki bloku seçkilərin nəticələrinin saxtalaşdırıldığını, xüsusilə  ilk dəfə tətbiq olunan elektron səsvermə zamanı vətəndaşların səsvermə hüququndakı gizlilik prinsipinin pozulduğunu, insanların yaşamadığı yaşayış məntəqələrində saxta seçki məntəqələri yaradılaraq həmin səslərin hakim partiyanın xeyrinə saxtalaşdırıldığını və. s iddia edərək parlament seçkisinin  nəticəsinin ləğv olunması və yeni seçkilərin keçirilməsini tələb edirlər.Gürcüstan prezidenti də qərbyönemlü blokda təmsil olunur və onların birgə çağırışıyla oktyabrın sonlarından noyabrın 25-nə qədər Gürcüstanda etiraz aksiyaları keçirilir. Həm Vahid Milli Hərəkat partiyasının öncüllük etdiyi seçki bloku, həm keçmişdə Vahid Milli Hərəkat partiyasında olan, sonradan ayrılaraq blok yaradan və 26 oktyabr seçkisinin nəticəsinə görə, ikinci yeri tutmuş "Dəyişiklik Naminə" seçki blokunun liderləri, həm "Güclü Gürcüstan" seçki blokunun liderləri, həm də keçmiş baş nazir Qaxariyanın rəhbərlik etdiyi blokun nümayəndələri etiraz aksiyaları keçirərək parlamentin iclasının təxirə salınması və onun qeyri-legitim elan olunması, yeni seçkilərin vaxtının təyin olunması ilə bağlı tələblər irəli sürürlər”.
 
“Baş verən hadisələrin xronologiyası onu göstərir ki, gürcü cəmiyyətində hakim Gürcü Arzusu partiyasının budəfəki seçki kampaniyasının irəli sürdüyü ənənəvi Qafqaz və gürcü mühafizəkarlığının qorunması, Gürcüstanın siyasi poliqona çevrilməməsi, xüsusilə Rusiya- Ukrayna müharibəsi fonunda Gürcüstanın tərəfə çevrilməməsi, Gürcüstanda beynəlxalq təşkilatların, Qərb institutlarının vasitəsilə yaradılan beşinci kolonun  imkanlarının məhdudlaşdırılması və digər çağırışları geniş yer tapdı və bu seçkinin nəticəsinə görə “Gürcü Arzusu” partiyası ayrılıqda hər bir müxalifət partiyasından daha çox səs yığdı”,- deyə Elməddin Behbud deyib.
 
İctimai Birliyinin sədrinin sözlərinə görə, müxalifət partiyaları iddia edir ki, bizim birgə səsimiz hakim partiyanın səsindən daha artıqdır:
 
“Noyabrın 25-i parlamentin ilk iclası keçirildi. Qanunvericiliyə görə, 150 nəfərin yarısından çoxu - 76 deputat iclasda iştirak etməli idi. Lakin partiyanın 89 mandatı var və dünənki iclasda  məlumata görə, 88  millət vəkili iştirak edib. Beləliklə çoxluq təmin olundu. Sabiq baş nazir Qaxariyanın partiyasının 12 mandatı da daxil olmaqla müxalifətin ümumilikdə cəmi 61 manat var. Qaxariyanın partiyasından olan deputatlar istisna olmaqla digər müxalif deputatlar mandatlarından imtina ediblər və yeni seçkilərin keçirilməsini tələb edirlər. Ancaq buna baxmayaraq heç bir halda bundan sonrakı proses, Gürcüstan cəmiyyətində kəskin dəyişiliklər edərək Qərb institutlarının vasitəsi ilə hakimiyyətin devrilməsi, hansısa bir inqilab ssenarisinin reallaşdırılması və yeni parlament seçkilərinin keçirilməsini  məcbur edəcək bir şərtlərin yaradılmasını gerçəkləşdirə bilməz. Bu, real görünmür. Gürcüstan parlamenti yeni tərkibdə artıq fəaliyyətə başlayıb. Dekabr ayında isə Gürcüstanda növbəti prezident seçkiləri keçiriləcək. Yanvar ayında prezidentin andiçmə mərasimi olacaq. Bildiyiniz kimk şərti olaraq "rus qanunu" adlandırılan qanun 2023-cü  ildə keçirilmiş böyük etiraz aksiyalarından sonra gündəlikdən çıxarılmışdı. Həmin qanun bu il yenidən gündəliyə qaytarıldı və parlament kapitalının böyük bir hissəsi xaricdən maliyyələşən vətəndaş cəmiyyəti institutlarına nəzarətin gücləndirilməsi ilə bağlı qanunu qəbul etdi. Bu qanun qəbulundan bu yana Qərb institutları ciddi şəkildə Gürcüstan hakimiyyətinə təzyiq edirlər ki, o qanun ləğv edilsin.  Gürcü dövlətinin milli maraqları hər bir müstəqil dövlət kimi xarici dövlətlərin, geosiyasi mərkəzlərin, xüsusilə Qərbin bir çox dairələrinin maliyyələşdirdiyi müxtəlif ictimai, siyasi təşkilatların ölkə içərisində mövcud olmasını təhdid hesab edir.  Bu təhlükənin qarşısını almaq üçün dövlət müvafiq addımlar atdı və mövcud mexanizmin təkmilləşdirilməsini həyata keçirdi.
Azərbaycan bütün dövrlərdə, istər yaxın, istərsə də uzaq məsafədə yerləşən dövlətlərə münasibətdə hər zaman bir prinsipi qoruyur. O prinsip heç bir dövlətin daxili işinə qarışmamaqdır. Strateji tərəfdaşımız olan Gürcüstana münasibətdə də biz o ölkənin daxili işinə qarışmamağı rəhbər tuturuq. Eyni zamanda, Azərbaycanın burada maraqları beynəlxalq poliqona çevrilməyən, sülhün, sabitliyin, təhlükəsizliyin mövcud olduğu, ölkəmizlə qarşılıqlı hörmətə əsaslanan münasibətə malik Gürcüstanın mövcudluğunu tələb edir. Bizim üçün, əlbəttə, çox önəmlidir ki, Gürcüstanın avtoxon əhalisi olan, orada diasporu olmayan azərbaycanlılar Gürcüstanın bərabərhüquqlu vətəndaşı kimi ölkə içərisində azad, firavan şəkildə yaşasınlar. Digər vətəndaşlar kimi onların da hüquq bərabərliyi təmin olunsun. Hakimiyyətə kimin gəlməyindən asılı olmayaraq, Azərbaycan Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərini davam etdirməkdə maraqlıdır. Hazırki siyasi vəziyyət də bu münasibətlərin ruhuna uyğundur”.
 
Mehin Mehmanqızı
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər