Dünyanın 4 beynəlxalq investisiya bankında  işləyən Yusif Əfəndizadə: “Şirkət öz professional işçilərini yetişdirmək üçün gənclərə  şans verməlidir”
İqtisadiyyat
3188
07 Nov 2024 | 11:40

Dünyanın 4 beynəlxalq investisiya bankında  işləyən Yusif Əfəndizadə: “Şirkət öz professional işçilərini yetişdirmək üçün gənclərə  şans verməlidir”

Vaxtaşırı gənclərdən işsizlikdən və yaxud da şirkət, banklar tərəfindən təcrübəçi kimi  işə götürüldükdən üç ay sonra  işdən çıxarıldıqları ilə bağlı şikayətlər eşidirik.
 
“State Street Bank”, “Citi bank”, “Goldman Sachs” və “JP Morgan” kimi nəhəng banklarda  işləyən Yusif Əfəndizadə bu barədə Moderator.az-a açıqlama verərkən  qeyd edir ki, şirkət öz professional işçilərini yetişdirmək üçün gənclərə  şans verməlidir. Bu şans da haradan başlayır? Əlbəttə ki, təcrübə proqramlarından başlayır:
 
“Avropada təcrübəsi olanlarla yanaşı, təcrübəsi olmayanlara da işləmək üçün hər cür şərait yaradılır. Təəssüf ki, Azərbaycanda əmək bazarında  təcrübə proqramına   bir o qədər də önəm verilmir. Ümumilikdə, Azərbaycanla Avropanı və  yaxud da Amerikanı müqayisə edəndə belə bir nəticəyə gəlmək olur ki, Azərbaycanda təcrübəçiyə ehtiyac yoxdur.Təcrübəçi şirkətlər üçün xərc sayılır. Avropada isə hər zaman təcrübəçiyə ehtiyac var və o gələcəyin işçisidir. Şirkətin əsas hədəfi həmin işçini öz şirkətində saxlamaq, yetişdirməkdir. Bu gün Azərbaycanda  böyük şirkətlərin əksəriyyətində təcrübə proqramlarına yer verilməməsinin səbəbi sırf maddi imkanlarla bağlıdır. Şirkət rəhbərləri hesab edirlər ki, təcrübə proqramları əlavə xərcdir və onsuz da istədiyimiz kadrı tapa bilirik. Çünki Azərbaycanda   əmək bazarı dardır, kifayət qədər  iş imkanları yoxdu və rəqabətli mühit çox olduğuna görə şirkət istədiyi işçini tez bir zamanda tapa bilir. Amma xarici ölkələrdə əmək bazarı  geniş olduğundan  şirkətlər və işəgötürənlər  iş təklifi etsələr də, bazarda professional işçi tapa bilmirlər. Ona görə də belə şirkətlər gələcək əmək bazarını formalaşdırmaq üçün təcrübə proqramına önəm verirlər”.
 
Y.Əfəndizadənin sözlərinə görə, Azərbaycanda  əmək qanunvericiliyində boşluqlar olduğu üçün işçi ilə müdriyyət arasındakı münasibətlər müdriyyətin istədiyi şəkildə baş verə bilir:
 
 “Avropada  isə qanunvericiliyin tələbləri əsasında müdriyyət öz davranışlarını tənzimləyir. Məsələn, Azərbaycanda istənilən şirkət istənilən bir işçini qısa müddət ərzində işdən rahatlıqla çıxara bilər. Amma Avropada mümkünatı yoxdu ki, şirkət  rəhbəri işçini rahat şəkildə işdən çıxara bilsin. İşçi o vaxt işdən çıxarıla bilər ki, fəaliyyətində, hərəkətlərində ciddi şəkildə boşluqlar, narazılıqlar var və bu da səbəb yaradır ki, işdən çıxarılsın.  Əgər işçi rəhbərlik tərəfindən səbəbsiz yerə işdən çıxarılarsa,  onun qarşılığında  şirkət kompensasiya ödəməli olur. Ona görə də şirkətlər bunlardan həmişə ehtiyat edir. Avropada dövlət qanunvericiliyi  icazə vermir ki, şirkətlər işçini rahat şəkildə işdən çıxarsın”.
 
Yusif Əfəndizadə qeyd edir ki, işlədiyi “Citi bank”, “Goldman Sachs” kimi böyük şirkətlərdə vaxtaşırı təcrübə proqramları elan olunur:
 
 “ “Goldman Sachs” da  işlədiyim müddətdə 70 nəfər təcrübəçi işə götürülürdü. Şirkət təcrübəçiləri işə götürür, yetişdirir və onlarda da  həvəs, maraq yaranır ki, şirkətdə qalsın, işləsin. Şirkətlərin böyük əksəriyyəti həmin təcrübəçilərin orada qalıb davam etməsini arzulayırlar. Ona görə də , Avropadakı şirkətlər təcrübəçiyə motivasiya olsun deyə əmək haqqı verməkdə maraqlıdırlar”. 
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər