Mühazirədə mövzu ilə bağlı şəxsi fikrini söyləyən tələbə universitetdən xaric edildi...
Ekskluziv
4465
29 Oct 2024 | 10:32

Mühazirədə mövzu ilə bağlı şəxsi fikrini söyləyən tələbə universitetdən xaric edildi...

“Ayrı-ayrı fənlərin, xüsusilə ictimai fənlərin tədrisi dövründə tələbələrin dərs zamanı bu və ya digər mövzularla bağlı sual verməsi, müəllimin cavabı ilə razı olmaması, bir çox hallarda ona çox baha başa gəmişdi. Mühazirə və seminar dərslərində müzakirə mühitinin olmaması, hərbi xidmətdə olduğu kimi “baş üstə”, “oldu” sistemi ilə razılaşmayanların aqibəti isə faciə ilə nəticələnmişdi...”  
 
"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
 
(Əvvəli burada:)
 
“BDU-nun aspirant və tələbələri sovet işğal rejiminə qarşı mübarizədə. “İldırım” təşkilatı: yaradılması, fəaliyyəti və sonu                                                                                                       
 
1.BDU-nun aspirant və tələbələri sovet işğal rejiminə qarşı mübarizədə
 
Bolşeviklər Vətənimizi işğal etdikdən sonra siyasi, iqtisadi və  mənəvi sahədə olduqca sərt, amansız şəkildə müstəmləkəçilik siyasəti aparsa da, insanların, o sıradan gənclərin bir qisminin şüur və düşüncələrindən Vətən, millət sevgisini, müstəqillik arzularını silib ata bilmədi.
 
Məlumdur ki, bolşevik hökumətinin həyata keçirdiyi terror  ictimai siyasi xadimlər, elm adamları, sadə insanlara yanaşı, həm də gənclərə qarşı  tətbiq edilmişdir. Bu dəhşətli qırğın BDU-nun aspirant və tələbələrindən də yan keçməyib. Apardığımız araşdırmaya əsasən deyə bilərik ki, bu təhsil müəssisəsinin 40-a qədər aspirant və tələbəsi repressiya olunmuş, təqib və təzyiqə məruz qalmışdı. 
 
Fakültələr içərisində ən çox Tarix və Filologiya fakültəsinin tələbələri repressiya olunmuşdur. 
Əldə etdiyimiz materiallar göstərir ki, bir çox hallarda, müxtəlif səbəblərdən  Universitetin rektoru təqib və təzyiqlərin təşkilatçısı olmuşdur. Məsələn, hələ 26 Noyabr 1935-ci ildə BDU-nun rektoru B.Həsənbəyov və gizli hissənin müdiri Qritsenkonun imzası ilə gizli qrifi ilə Gəncə şəhər sovetinin xüsusi şöbəsinə məktub göndərilmişdir. 
”Az.Döv.Universiteti Sizdən xahiş edir ki, Kirovabad ş. Əzizbəyov küç. 203 nömrəli evdə yaşayan, universitetin tələbəsi Kərimov Həsən Bağır oğlunun sosial mənşəyi haqqında bizə məlumat verəsiniz.
 
Ətraflı məlumat verin. Onun atası inqilaba qədər və inqilabdan sonra nə ilə məşğul olmuşdur. Seçki hüququndan məhrum edilmişdirmi? 
Xahiş edirik cavabı gecikdirməyin” .  
Başqa bir arxiv sənədində  göstərilir ki, 5 Yanvar 1936-cı ildə 3 №-li əmrin 3-cü paraqrafında rektor B.Həsənbəyov Tarix fakültəsinin II kurs tələbəsi Ələsgərov Həmidi sosial mənşəyini təhrif etdiyinə görə Universitetdən xaric edib. O, bununla kifayətlənməyərək Həmidi komsomol sıralarından xaric etmək üçün Universitet komsomol komitəsinə onun məsələsini müzakirə aparmağı tövsiyə edib. Eyni zamanda, onun işini Bakı şəhər komsomol komitəsinə göndərmişdir .  
 
Tələbələrin sıxışdırılması üçün sosial mənşələrinin öyrənilməsinin kütləvi hal olmasını sübut etmək baxımından Universitet rektorunun Ağcabədi rayon icraiyyə komitəsinə (Bundan sonra RİK-B.Əziz) göndərdiyi məktub və aldığı cavab maraq doğurur. Gizli qrifi ilə göndərilən məktubda xahiş olunub ki, oğlu Tarix fakültəsinin tələbəsi olan Kəhrizli kənd sakini Nəsirov Kərəm İsmayıl oğlunun fəaliyyəti haqqında onlara geniş məlumat verilsin.
RİK-nin sədri və hərbi müfəttişin gizli qrifi ilə göndərdiyi cavab məktubunda yazılıb: ”Gizli. ADU-nun gizli hissəsinin müdirinə. 
 
Məlumat veririk ki, Kəhrizli kənd sakini Nəsirov Kərəm İsmayıl oğlunun sosial mənşəyi kulakdır. Atası səsdən məhrum edilmiş və üç il kulak kimi həbsə məhkum edilmişdir.  
 
Hazırkı dövrdə o sürgündən geri qayıtmış, Kəhrizli kəndindədir, işləmir” . 
 
Ayrı-ayrı fənlərin, xüsusilə ictimai fənlərin tədrisi dövründə tələbələrin dərs zamanı bu və ya digər mövzularla bağlı sual verməsi, müəllimin cavabı ilə razı olmaması, bir çox hallarda ona çox baha başa gəmişdi. Mühazirə və seminar dərslərində müzakirə mühitinin olmaması, hərbi xidmətdə olduğu kimi “baş üstə”, “oldu” sistemi ilə razılaşmayanların aqibəti isə faciə ilə nəticələnmişdi.  
Məsələn,1939-cu ilin aprelində Universitetin Kimya fakültəsinin III kursunda “Marksizm-leninizmin əsasları”  fənninin tədrisi zamanı Əyyub Şükürov adlı tələbənin bir sualı onun başına böyük bir bəla açmışdı. 
 
Bu “zərərli”, “əks-inqilabçı xarakterli” sual verən tələbənin məsələsi əvvəlcə  16 aprel 1939-cu ildə universitetin Kimya fakültəsinin komsomol təşkilatının bürosunda müzakirə edilib. Bu iclasın prokolunun maraqlı cəhətlərindən biri onun həm Azərbaycan dilində, həm də latın əlifbasında olmasındadır. Dilin ingişaf dinamikasını öyrənmək baxımından da protokoldakı ifadələr diqqəti cəlb edir.
 
İclası aparan Arakelov bildirib ki, 13 aprel 1939-cu ildə “Marksizm-leninizm” fənnindən mühazirə zamanı tələbə Əyyub Şükürov siyasi səhv buraxıb. Bu səbəbdən danışmaq üçün sözü ona verir. Ə.Şükürov bildirib: 
 
“Marqzizm-Leninizmin əsasları dərsində leqtorun leqsiyası zamanı müəllim Stolıpinin reforması dövründə (1905-1906) kəndlərdə koxalar tərəfindən artıqlamasilə pul almasını söyləyirdi. Mən isə məşğul idim. Birdən başımı qaldırıb “belə olub, belə də olacaq” sözünü dedim. Bu cümləni qapitalist ölkələrini düşünüb dedim. Sonra isə öz səhvimi başa düşdüm. Camalov - Leqsiya zamanı Şükürov bu sözü demiş. Aytonşlyus - Şükürov keçən ildə belə bir siyasi səhv buraxmış. Ona görə bu ilki səhvi də nəzərə alıb qomsomoldan çıxarmalı. 
 
Təklif:
-Şükürov Əyyub Marqisizm-Leninizmin əsasları predmeti üzrə leqsiya oxunan zaman ən kobud siyasi səhv buraxdığı üçün qomsomol sırasından xaric edilsin”  .    
 
1939-cu il aprel ayının 17-də Universitetin partiya təşkilatının büro iclasında “Marksizm-leninizmin əsasları” fənnini kimya fakültəsinin III kursunda tədris edən müəllim Mahmudovun tələbə Əyyub Şükürovun dərs zamanı “əks-inqilabi sözlər” deməsi ilə bağlı şikayətini müzakirə etmişdi .
 
İclasda əvvəlcə müəllim Mahmudov çıxış edərək bildirir ki, mühazirə zamanı çarizm dövründə Stolıpin islahatlarından, onun kənd cəmiyyətini dağıtmasından, mülkədarlara təsirindən, kapitalist və mülkədarların bu islahatdan sonra daha da varlanmasından, kəndlilərdən alınan vergilərin və yerinə yetirdikləri mükəlləfiyyətlərin daha da artmasından və s.-dən danışıb. 
 
“...Mən misal gətirib söylədim ki, əgər islahata qədər onlar kənddən 10 min toplamalı idilərsə, islahatdan sonra 20 min toplayırdılar. Artıq toplananan 10 min icma rəhbərlərinin cibinə gedir.  
 
Bu zaman tələbə Şükürov bildirdi ki, əvvəllər belə olub, indi də belədir və ölənə qədər də belə olacaq. Mən ondan “Nə söyləyirsən?” deyə ikinci dəfə soruşanda o, əvvəlki sözlərini təkrar etdi. Onda mən məsələ haqqında yenidən geniş izahat verdim. Söylədim ki, indi bizdə xalq xoşbəxtdir. Keçmişin qalıqları var. Yaxın gələcəkdə  biz artıq vergi yığmayacağıq. Bu zaman tələbələrdən biri onun dediklərini düzəltməyə çalışaraq bildirdi ki, Şükürov zarafat edir. Şükürov dərhal dediyi sözün üzərində durduğunu bildirib dedi ki, o zarafat etmir, əvvəllər necə idisə, bu həqiqətən indi də davam edir...  
 
Mən bunu partkomun nəzərinə çatdırıb xahiş etdim ki, bu məsələni axıra çatdırsın. ADU-da siyasi tərbiyə lazımi səviyyədədir. Ancaq partiya təşkilatı tələbələri yaxşı tanımır, bilmir ki, onlar nə ilə nəfəs alırlar. Mən təklif etdim ki, bu zarafat iş olmadığından  onunla  ciddi məşğul olunmalıdır, belə boşboğazlara haqq etdikləri yolu göstərmək lazımdır.
 
Şükürov Ə.: 
 
Müəllim Mahmudov Stolıpin islahatlarından danışıb vergi yığılması məsələsini izah etdi. Mən isə yerimdən bildirdim ki, vergi yığılması belə olub, ölənə qədər də, belə olacaq. Eyni zamanda bildirdim ki, ölkəmizdə hələ də köhnə fikirdə olan adamlar var”. 
 
İclasda iştirak edən Şükürovun tələbə yoldaşları, büro üzvləri də məsələyə münasibət bildiriblər. Əyyubun tələbə yoldaşı Abbasov çıxış edərək hadisəni olduğu kimi danışıb. Qeyd edib ki, onun belə cavabına hamısı gülüşüb və deyiblər ki, ”...sən ağlını itirmisən, yoxsa hələ də yatmısan.”  
 
Şükürovun digər tələbə yoldaşı Hüseynov Zahid Abbasovun dediklərini, demək olar ki, təkrar edib. 
 
Mühazirədə Əyyubla bir sırada əyləşən Qurbanov soyadlı başqa bir kurs yoldaşı dərsdə baş verənləri danışıb. Bildirib ki, “Şükürov marksizm-leninizm fənninin predmetinə fikir verməyib, onu anlamayıb. Mən ona bildirdim ki, nəyə görə sən belə şeyləri danışırsan”.  Partiya  bürosunun iclasında iştirak edən Şükürovun digər tələbə yoldaşları Abdullayev, Bünyadov, Mustafayev özlərindən əvvəl çıxış edənlərin dediklərini faktiki olaraq təkrar ediblər .
 
Şükürovu yaxşı tanıyan, sözlərindən yaxın münasibətdə olduğu hiss olunan  tələbə yoldaşı İsgəndərovun çıxışı öz sərtliyi, kəskinliyi, “partiyalılığı” ilə fərqlənmiş, iclasın sonrakı gedişinə ciddi təsir göstərmişdir. İclasın sonrakı gedişi onun çıxışının rəhbərlik tərəfindən əvvəlcədən hazırlandığını  göstərir.
 
“İsgəndərov. Belə məsələ təsadüfi , birdən-birə yaranmayıb. Mən sizə deyə bilərəm ki, Şükürov kimya fakültəsində pozuculuqla məşğul olanlardan biridir. O, düz adam deyil, cəhd edir ki, özünü yaxşı göstərsin, başqalarını pis vəziyyətə salsın. Bundan başqa o, poçtda başqasının adına olan pulu alıb, özünü fırıldaqçı kimi göstərıb. Həmçinin, mənim imzamı saxtalaşdırib ki, Neft kimya institutuna daxil olsun. Hesab edirəm ki, o indi siyasi səhvə yol verib. Təklif edirəm ki, ona qarşı ən sərt tədbir görülsün”. 
Partiya təşkilatının büro üzvü, erməni Arakelov çıxış edib bildirir ki, Şükürovla söhbət edib. 
 
“...O, vicdansızcasına bu danışılanları inkar edib bildirdi ki, mən bu mühazirəyə qulaq asmırdım, başqa işlə məşğul idim. Mən də, İsgəndərovun dediyinə tərəfdar çıxaraq onun komsomoldan və universitetdən çıxarılması təklifini müdafiə edirəm”.
 
Burada erməni hiyləgərliyi və saxtakarlığını görməmək mümkünsüzdür. Məsələ burasındadır ki, protokolda İsgəndərovun çıxışında Şükürovun komsomol və universitetdən xaric edilməsi təklifi yoxdur. O, özünün təklifini hiyləgərcəsinə İsgəndərovun adından deyir.                                    
 
Partiya bürosunun digər erməni üzvü Əsriyanın çıxışı hiyləgərlikdə Arakelovdan geri qalmır. 
 
“Mənə belə gəlir ki, Şükürov təsadüfən manevr etmir. O ,mənə bir söz deyir, ərizəsində başqa şey yazır. Sən komsomolçu  deyilsən. Komsomol təşkilatı sənin islah olunman üçün hər cür şərait yaratmışdı. O, bildirir ki, Konstitusiyanı oxuyanda özümə sual verirəm, əgər Almaniyaya getsəm, bizi dərhal instituta qəbul edərlər. Bundan başqa, o, bir dəfə millətçi hərəkətə yol verdi. Təklif edirəm ki, o Universitetdən çıxarılsın və komsomol təşkilatı qarşısında onun bu təşkilatın sıralarında qalıb-qalmaması məsələsini həll etsin”. 
 
Universitet partiya təşkilatının başqa bir büro üzvü, erməni Baqdasarov  da eyni ruhda çıxış edib. 
 
“Hesab edirəm ki, Şükürov bizim sovet ittifaqına böhtan atıb. Ona görə bütün tələbə ictimaiyyəti tələb edir və edəcək ki,ona qarşı ən sərt tədbirlər görülsün. Qoy o, burada onu indi bizim kəndlilər pis yaşayır  kimi səhv sözlər deməyə məcbur edən səbəbləri açıqlasın. Təklif edirəm ki, o Universitet və komsomol sıralarından xaric edilsin”. 
 
Partiya bürosunun üzvü, milliyətcə erməni olan Poqosovun çıxışında saxtakarlıq, böhtan əvvəlkilərdən fərqlənməmişdi. Əksinə, o heç bir fakta əsaslanmadan, Şükürovun guya millətçi baxışlarına görə vaxti ilə universitetdən qovulduğunu, sonradan səbəbi bilinmədən yenidən bərpa edildiyini söyləyib. Həm də bu zaman onun hansı tarixdə qovulduğu, nə zaman bərpa edildiyi barədə heç nə deməyib. 
 
“Biz Şükürovu pis öyrənmişik. O, bir dəfə millətçi sözlərinə, hərəkətlərinə görə Universitetdən xaric olunub. Bilmirəm nəyəsə görə onu yenidən Universitetə bərpa ediblər. İndi o, elə bir həddə gəlib ki, əks-inqilabçı sözlər danışır. Təklif edirəm ki, o, Universitetdən xaric edilsin və komsomol təşkilatı qarşısında  onun komsomolda qalıb-qalmaması məsələsi qaldırılsın”.                                
 
İclasda çıxış edən büro üzvü Yolçuyev hec nəyə əsaslanmadan deyib ki, Şükürovun replikası təsadüfi olmayıb.     
 
“...O, universitetin III kursunda oxuyur. Onun savadsız olduğunu söyləmək ayıbdır. Şükürov “Marksizm-leninizm” fənninin mühazirəsinə lazımi əhəmiyyət verməyib. Böyük ehtimalla bunun dərin səbəbləri var. Şükürov partkomda doğru danışmadı. Təklif edirəm ki, o, universitetdən xaric edilsin və fakültə bürosuna tapşırılsın ki, onun komsomol sıralarında qalıb-qalmaması məsələsini qaldırsın”.
 
Büro üzvü Zahidovun çıxışı da özündən əvvəlkilərdən fərqlənməyib. 
 
Protokoldan aydın olur ki, Şükürov cavabında çıxış edənlərdən yalnız “Marksizm-leninizm” fənnini onlara tədris edən müəllim Mahmudovun dediklərini qəbul etmişdir .                                                  
 
İclasın sonunda universitet partiya təşkilatının katibi, milliyətcə rus olan Davudov çıxış edib.
 
“...Yoldaşlar Əyyub Şükürovun həqiqi üzünü açan, sovet hakimiyyətinin əleyhinə söylədiyi əks-inqilabçı böhtanlar haqqında çoxlu faktlar dedi. O, dərsdə əks-inqilabçı çıxış edib. Davakar və dələduzdur. Poçtdan başqa tələbənin adına olan pulu alıb. Universitet rəhbərliyi qarşısında məsələ qaldırıram ki, tələbə sıralarından belələrini təmizləsin. Komsomol təşkilatının bürosuna təklif edirəm ki, iki gün ərzində onun bu təşkilatda qalıb-qalmaması məsələsini həll etsin”.
 
İclasın sonunda qəbul edilən qərarda göstərilib: “Əyyub Şükürov “Markizm-leninizmin əsasları” fənnində sovet hakimiyyətinin əleyhinə əks-inqilabi xarakterli böhtanlar atdığına görə rəhbərlik qaşısında məsələ qaldırılır ki, universiteti belə tələbələrdən təmizləsin.
 
Komsomol təşkilatına təklif edilsin ki, iki gün ərzində Əyyub Şükürovun komsomol sıralarında  qalıb-qalmaması məsələsinə baxsın”.                                                                             
 
Protokolu Universitet partiya təşkilatının katibi Davudov imzalamış, texniki katib, Plaksina isə onun doğruluğunu təsdiq etmişdir. 
 
Kimya fakültəsinin komsomol təşkilatı 16 aprel 1939-cu ildə iclas keçirərək Ə.Şükürovu öz sıralarından xaric etməsi haqqında qərar çıxarmasına baxmayaraq partiya təşkilatının iclasının qərarına uyğun olaraq 19 aprel 1939-cu ildə yenidən iclas keçirib .
 
124 komsomolçunun iştirakı ilə keçirilən iclasın qapalı olduğu qeyd edilib. Əgər əvvəlki komsomol iclasında iki məsələ müzakirə edilmişdisə, bu dəfə yalnız bir məsələ, Ə.Şükürovun məsələsi müzakirə edilmişdi. İclasın sədri Arakelov əvvəcə iştirakçılara baş vermiş hadisə haqqında məlumat verib.
 
“13 aprel 1939-cu ildə III kursda Marqisizm-Leninizmin əsasları üzrə yol.Mahmudovun leqsiyası zamanı leqtor Stolıpin reforması dövründə (1905-1906) kəndlilərin vəziyyətlərinin daha da ağırlaşmasını, kənd koxaları tərəfindən kəndlilərdən artıqlamasilə verginin yığılmasından danışarkən Şükürov: ”belə olub, belə var, belə də olacaq” kəlməsini demiş. Leqtorun və tələbələrin izahatlarından sonra belə öz sözündən çəkinməmiş. Sonra isə bu sözün qapitalist ölkələrinə aid olduğunu söyləmiş.                                                                           Yenə də 
Şükürov keçən il deqanatın saxta qolu ilə poçtdan pul alıb. Belə ki, Şükürov belə səhvləri bir neçə dəfə buraxmış. Şükürovun bu kimi qontrrevolyusion çıxışları, üçün qomsomol byurosu onu qomsomol sırasından çıxarılmasını təklif edir”. 
 
Bundan sonra söz Ə.Şükürova verilib. O bildirib ki, müəllim İsgəndərovun dərsində mühazirə zamanı “belə olub, belə olacaq” sözünü deyib. “...Qurbanov Səməd yoldaş mənim səhvimi düzəltmək istəsə də mən öz sözümün üstündə durdum. Sonra isə səhvimi anladım. Mən bu sözü qapitalist ölkələri üçün demişəm. Keçən il mən deqanatdan imtahan olacağı haqqında spravqa aldıqda, deqan mənə həmən spravqanın üzünü köçürməyi söylədi. Mən həmən spravqanın üzünü köçürüb deqanın qolunu çəkdiyim üçün mənim bu işim reqtora verildi. Poçtdan öz pulumu aldıqdan sonra həmən pulun 40 m. deqanın olduğunu söyləmişlər. Belə ki, mən bu kimi səhvləri düşünməksizin buraxmışam. Mən sizdən xahiş edirəm ki, məni qomsomol sırasından xaric etməyəsiniz”.                                                                                 
Əyyubun qrup yoldaşı çıxış edərək baş verənləri olduğu kimi danışıb onun öz səhvini etiraf etdiyini bildirir. Maraqlıdır ki, o, Əyyubun komsomoldan çıxarılması və ya töhmət verilməsi haqqında vicdanının səsinə qulaq asıb heç nə söyləməyib.
 
“...Şükürov həmin səhvi buraxmışdı. Mən onun səhvini düzəltmək istədimsə də o, razı olmadı. Sonra isə öz səhvini boynuna aldı”.  
 
Ə.Şükürovun Ziyad Hüseynov adlı başqa bir tələbə yoldaşı “sayıqlıq” göstərərək əsl sovet adamı kimi çıxış edib. O göstərib ki, Əyyub təkcə bu il deyil, keçən il də əks-inqilabi təbliğatla məşğul olmuşdu. Sən demə o, tənəffüs zamanı tələbə yoldaşları arasında  xarici ölkədə bilik almağın mümkün olub-olmadığı haqqında “əks-inqilabçı təbliğat” aparıb. Ona görə Ziyad təklif edib ki, Əyyubun bu “səhvlərini nəzərə alaraq onu komsomol sıralarından xaric etməli”.
 
Komsomolun üzvü, tələbə Xəlilovun çıxışı da eyni ruhda olub. İclasda sonuncu çıxış edən universitetin partkomu Davudov olub. 
 
İlk baxışdan aydın olur ki, bu çıxış yalanın, böhtanın tipik nümunəsidir. “Komsomol tərbiyəçi bir təşkilatdır. O,öz səhvini boynuna alan adamları tez tərbiyələndirə bilər. Şükürov bu səhvi buraxdığı zaman tələbə yoldaşları onun səhvini düzəltmək istəmişlərsə də, Şükürov onlarla razıılaşmayıb bu sözün yaxşı başa düşüb söylədiyini demiş. Sonralar öz fikrini müxtəlif formalarda müdafiə etməyə başlamış. Nəhayət bu sözün kapitalist ölkələrinə aid olduğunu demiş. Bununla Şükürov kapitalizmin daimiliyini sübut etməyə çalışır ki, bu da ən kobud siyasi səhvdir. Şükürov bununla özünü doğrultmaq istəyir. Şükürov keçən il dekanat adından saxtalıqla poçtdan pul alıb. Konstitusiya təhlili zamanı yenə siyasi səhv buraxıb. Şükürov tələbələrlə sıx yoldaşlıq rabitəsində bulunmağı bacarmayıb.
 
Şükürov studentə, qomsomola yaraşmayan xarakterə malikdir. Beləki Şükürovu qomsomol sırasından xaric etməli” 
 
Bununla da iclasda çıxışlar qurtarıb, yekun qərar qəbul edilib.
 
“1926-cı ildən qomsomol üzvü Şükürov Əyyub Teymur oğlunun: 
1.13 aprel 1939 cu ildə Marqsizm-Leninizm əsasları predmeti üzrə leqsiya zamanı siyasi səhv buraxdığı üçün,
 2. Qonstitusiya təhlili zamanı siyasi səhv buraxdığı üçün, 
3. Keçən il saxtalıqla deqanatın pulunu poçtdan aldığı üçün qomsomol sıralarından xaric edilməsini ümum iclas qərara alır”.                                                                              
Lakin Ə.Şükürovun məsələsi bununla da yekunlaşmadı. Belə ki,bu iclasdan bir qədər sonra, sanki Universitetin tədris, maddi-texniki təchizat və elmi araşdırma sahəsində müzakirə edəcəyi başqa bir işi yoxmuş kimi, 21 may 1939-cu ildə “ADU-nun kimya fakültəsinin III kurs “6-cı” qrup tələbələrinin, dekan İsgəndərovun, fakültə həmkarlar təşkilatının sədri Hacıyevin və fakültə komsomol komsomol təşkilatı bürosunun rəhbəri Hüseynovun iştirakı ilə iclası” keçirilmişdir.                             
İclasın sədri T.Hacıyev, katib isə S.Seyidov olmuşdur.                
 
İclasda Ə.Şükürovun hərəkətləri və cari məsələlər olmaqla iki məsələ müzakirə edilib. Protokolun təhlilindən aydın olur ki, əslində cari məsələ Ə.Şükürovun “mühakiməsini” ört-basdır etmək üçün oraya daxil edilib.
 
Dekan İsgəndərov çıxış edərək Əyyubun Universitetin daxilində özünü necə aparması, yoldaşları, müəllimləri ilə münasibətləri, rəftarı, Universitetə daxil olarkən saxta sənədlərdən istifadə etməsindən bəhs edib. O, Ə.Şükürovun həm “Marksizm-Leninizmin əsasları dərsində, həm də Stalin Qonstitusiyasını təhlil edərkən buraxdığı siyasi səhvləri göstərərək” onun dərslərə davam edib-etməməsi məsələsini müzakirə etməyin vacibliyini “tələbələr qarşısında qoyur”.            
 
İlk əvvəl çıxış edən qrupun komsomol nümayəndəsi Abbasağa Abbasov Ə.Şükürovun mühazirə və Konstitusiyanın təhlili zamanı siyasi səhvlərə biləkdən yol verdiyini, qrup yoldaşları ilə münasibətlərinin yaxşı olmasına baxmayaraq, müəllimlərlə rəftarının pis olmasını nəzərə alaraq ”...Partiya və qomsomol qomitetinin Şükürov haqqında olan qərarını təsdiq edərək sinfə qayıtmamasını təklif edir”.
 
Əyyubun qrup yoldaşı “Camalov Məmməd danışaraq Şükürovun şüurlu olaraq səhv buraxmasını və imtahan zamanı studentlərin imtahanı verməməsi haqqında təbliğat aparmasını və Şükürovun fırıldaqçı olmasını göstərir”.
 
Tələbə Mustafayev Zəki danışaraq Əyyubun “gic yox, bic olmasını”, qrupda oxuyan qızlarla pis rəftar etməsini deyərək belələrinin Universitetin tərbiyə edə bilməməsi səbəbindən dərslərdən kənarlaşdırılmasını istəyir. 
 
Ə.Şükürovun tələbə yoldaşı Cəfərov Yüzbəyin dedikləri əvvəl çıxış edənlərin fikirlərinin təkrarı olub. Qənbərovun çıxışı isə bir qədər fərqli olmuşdur. O, ”Şükürovun mənfi tip olmasını və bu tərbiyədə qolxozçular arasına buraxılmayaraq yenə də, tərbiyə etmək məqsədilə ya məzuniyyətə buraxmalı, ya da ,başqa ali məktəbə perevod etməli”.
 
Ş.Mirzəzadə çıxışında Ə.Şükürovun qrup yoldaşları olan Q.Həsənovaya tərbiyəsiz söz deməsini önə çəkib. L.Nəsirova isə ondan əvvəl çıxış edən Şəfiqənin fikrini çox qəribə bir məntiqlə davam etdirmişdir. 
 
“Şükürov böhtancasına Q.Həsənovanın uşaq olmasını mənə demişdir. Həsənova hələ ərə getmədiyindən bu söz onun üçün böhtandan başğa bir şey deyil”.
 
Bununla çıxışlar dayandırılmış və qərar qəbul edilmişdir. 
 
“Kimya faqülteti deqanı  İsgəndərovun göstərdiyi materiallar əsasında sinif studentlərinin çıxışlarına görə  və sinif studentləri Şükürovun pozulmasını nəzərdə tutaraq Universitet üçün yaramaz olduğundan bir daha Universitetə qayıtmamasını təklif edirlər”.
 
Beləliklə, şəxsi fikrini söyləyən bir tələbənin taleyi də “humanist” sovet rejiminin ədalətsiz münasibətinin, hər şeyə amin deyən manqurdların qurbanı olur...”
 
Təqdim etdi:
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər