Ekskluziv
2042
10 Oct 2024 | 23:34

"Covid-19" keçirmiş insanlar üçün yeni risklər ortaya çıxıb - CNN 

"Ən gözlənilməz tapıntı "Covid-19"un ürək-damar sisteminə təsirinin sağalmadan sonra ən azı üç il ərzində saxlanılmasıdır..."
 
Alimlərin təhlili göstərib ki, "Covid-19" xəstəliyini keçirmiş insanlar ciddi xəstəliklər riski ilə iki dəfə çox üzləşməli olub. 
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı məlumat verib.
 
Məlumatda deyilir ki, insanın keçirdiyi koronavirus infeksiyası yoluxmadan sonra ən azı üç il müddətində ölüm halları da daxil olmaqla infarkt və insult riskini xeyli artıra bilər.
 
"Covid-19"- un nəticələri-alimlərin tədqiqatı
 
Bu yaxınlarda "UK Biobank"ın məlumatlarını təhlil edən alimlərin apardığı tədqiqat həyəcanlı meylləri üzə çıxarıb.
 
Tədqiqata 2020-ci ildə peyvəndlərin meydana çıxmasından öncə "Covid-19" testi müsbət olan 11 min nəfərin məlumatları daxil edilib. Bu nəticələr həmin dövrdə koronavirusa yoluxmayan 222 mindən artıq insanın məlumatları ilə müqayisə edilib.
 
Təhlil göstərib ki, "Covid-19" keçirənlər iki dəfə çox infarkt və insult kimi ciddi xəstəliklər riski ilə üzləşib, özü də bu hallar tez-tez ölümlə nəticələnib.
 
Lakin həlledici kəşf ondan ibarətdir ki, yüksək risklər zamanla yoxa çıxmır. Tədqiqatçılar qeyd edib ki, gözləntilərə rəğmən, "Covid-19"un ürək-damar sisteminin sağlamlığına təsiri sağaldıqdan sonra ən azı üç il ərzində saxlanılır.
 
"Riskin azalmasının hər-hansı əlamətləri yoxdur. Bu, ən gözlənilməz və maraqlı tapıntılardan biridir", - əsas tədqiqat müəllifi, ABŞ Klivlend ürək-damar və metabolik elmlər Klinikasının Departament rəhbəri qeyd edib.
 
Tədqiqatda iştirak etməyən Minnesota ştatından Meyyo Klinikasının kardioloqu doktor Patrisiya Best bu nəticələri şərh edib.
 
O, vurğulayıb ki, infeksiyalar bir qayda olaraq ürək tutmaları riskini müvəqqəti olaraq yüksəldir, lakin adətən bu risk sağaldıqdan tez bir zaman sonra azalır. Lakin "Covid-19" başqa cür təsir göstərə bilər, çünki onun orqanizmə təsiri digər infeksiyalardan əhəmiyyətli dərəcədə fərqlənir.
 
Mümkün izahatlar
 
Alimlər koronavirusun ürək-damar sisteminə nədən bu qədər uzun müddətə təsiri barədə hələlik vahid fikrə gələ bilməyib.
 
Cənubi Kaliforniya Biokimya və Molekulyar Genetika Universitetinin professoru Humen Allayyinin fikrincə, "Covid-19", ehtimal ki, arteriya və damarların divarlarında zədələnmələr törədir, bu da zamanla özünü büruzə verir.
 
Tədqiqatçılar güman edir ki, koronavirus infeksiyası arteriyalarda lövhələri dağılmağa daha meylli edir, bu da tromb əmələ gəlməsi riskini yüksəldir. 
 
Alimlər həmçinin hesab edir ki, qan qrupu ilə əlaqəli olan gen "Covid-19"dan sonra infarkt və insultlar riskinin yüksəlməsində müəyyən rol oynaya bilər, hərçənd, bunun dəqiq mexanizmi hələlik aydın deyil.
Link kopyalandı!
Son xəbərlər