Bizi sosial şəbəkələrdən izləyin:
“Xurşidbanu Natəvanın nəvə və nəticələri Şüvəlanda, Mir Mövsüm Ağa ziyarətgahındakı qəbirstanlıqda uyuyur. O yeri o vaxt mənim babam Sovet illərində özü üçün götürmüşdü. Babamı orada dəfn edəndən sonra ard-arda onun övladları rəhmətə getdi və orada dəfn etdilər. Orada 8 məzar var. Anamı da orada dəfn ediblər. İstərdim ki, məni də dünyamı dəyişəndən sonra anamın yanında basdırsınlar. Natəvanın həyat yoldaşı Seyid Hüseyn Ağa Şuşada dəfn olunub. Bolşeviklər Qarabağa gələndə mənim babam və bir çox qohumlar qaçaq düşürlər. Stalin rəhmətə gedəndən sonra babam Bakıya gəlir və Şüvəlanda məskunlaşır. Orada da yaşayır, ferma müdiri işləyir, orada da rəhmətə gedir”
Bunu Moderator.az-a açıqlamasında Xurşidbanu Natəvanın kötücəsi Sevil Ağamirova deyib.
O daha sonra bildirib ki, heç bir əsərdə, tamaşada Natəvanın obrazı tam açılmayıb.
“Natəvan bir dəryadır. Onu dərk etmək, öyrənmək lazımdır. Babamın bir əlyazması var, zaman-zaman onu verirəm ki, gənclər oxusunlar, məlumatlansınlar. Natəvanın hələ teatrdakı obrazı tam açıqlanmayıb, sirli qalıb. Onun üçün gərək bir neçə seriyalı film çəksinlər ki, hər şeyi izah edə bilsinlər. Bir tamaşa ilə Natəvanı izah etmək olmaz. Natəvanın obrazını Amaliya Pənahova o vaxt gözəl oynayıb. Orda da obraz tam açılmayıb. Mənə elə gəlir ki, onun obrazı nə vaxtsa tam açılacaq. Ola bilər ki, mən o günü görmərəm. O elə bir xanım, şəxsiyyət olub ki, Azərbaycana belə qadınlar tarixdə nadir hallarda gəlirlər. Mən ulu nənəmlə fəxr edirəm. Babamın bir neçə əlyazmasını mən aidiyyatı qurumlara göndərmişəm. Dövlətimiz, cənab prezidentimiz Natəvanın irsini yaşadır, məzarını bərpa edir, yeniləyir. Bir varis kimi bunlar hamısı məni sevindirir” deyə Xurşidbanu Natəvanın kötücəsi deyib.