Evlərində kirayə qalan oğlanı sevdi:
1599
07 Oct 2024 | 14:12

Evlərində kirayə qalan oğlanı sevdi: "Məni məcbur etdilər ki..." – ŞOK TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1977-ci il təvəllüdlü Həsən şəxsi münasibətlər zəminində mübahisə zamanı qızının qaynı Pənaha (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
 
Hadisə ötən il dekabrın 21-də Sumqayıt şəhəri, Tuqzavod ərazisində yerləşən dəmir yolu keçidinin yaxınlığında baş verib.
 
Həsən qızı Sevilin ailəsində baş vermiş mübahisələrdən dolayı onun qaynı Pənaha irad bildirib. Pənah onu yumruqla vurub.
 
Bundan əsəbləşən Həsən istintaqla müəyyən edilməyən predmetlə Pənahın qarın, qasıq və kürək nahiyələrinə vurub.
 
İstintaq orqanı Həsənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edib.
 
“Yoldaşım məni fikrimdən daşındırdı”
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əvvəllər Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Sumqayıt Şəhər Məhkəməsinin 2022-ci il tarixli qərarı ilə cəza müddəti 1 il azaldılıb:
 
“2023-cü ildə cəzamı çəkərək bitirdim. Evliyəm, iki övladım var, fərdi əməklə məşğulam. 2020-ci ildə həyat yoldaşım mənə qonşumuz Sadiqin qızım Sevillə ailə həyatı qurmaq istədiyini dedi. Əvvəl bu məsələyə narazılığımı bildirdim. Çünki onların ailəsinin həyat tərzi bizim ailəmizin həyat tərzi ilə uyğun deyil. Lakin həyat yoldaşım Səmayə məni fikrimdən daşındırdı və qızımın Sadiqlə ailə həyatı qurmasına razılıq verməyimə nail oldu.
 
Aramızda olan razılığa əsasən, qızımın ailəsi üçün öz yaşadığımız həyətdə fərdi yaşayış evi tikəcək, onlar həmin evdə yaşayacaqdılar. Mən özüm də gündəlik onlara maddi dəstək olacaqdım”.
 
“Qızımdan nə üçün döyüldüyünü soruşdum”
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, qızı Sevillə Sadiqlə rəsmi nikahı olmayıb: “Bununla bağlı dəfələrlə Sadiqin anası Kəmaləyə narazılığımı bildirdim. Lakin Kəmalə hər dəfə mənə qısa müddətdə nikah bağlayacaqlarını deyirdi.
 
Ailə həyatı qurduğu ilk günlərdən Sadiqin ailəsində qızıma zülm verilməyə başladılar. Əvvəl yalnız Sadiqin özü qızımı döyürdüsə, sonradan qardaşı Pənah da qızımı döyməyə başladı. Mən bir neçə dəfə onlarla söhbət etdim, qızımdan nə istədiklərini soruşdum, onlar etdiklərini heç vaxt etiraf etmədilər. Hətta bir dəfə qızımı çəkdiyi zülmlərdən qurtarmaq üçün öz evimə qaytardım.
 
Bir neçə ay evimdə qaldıqdan sonra Kəmalə bizə barışığa gəldi. Səhvlərini etiraf edərək söz verdi ki, bir daha qızımı incitməyəcəklər. Mən isə öz növbəmdə qızıma cehiz olaraq əlavə avadanlıq verdim və dolanışıqları düzəlsin deyə onlara köməklik edəcəyimi bildirdim.
 
Qızımın ailəsinə maddi yardım göstərsəm də, onların evində gündəlik ərzaq olmurdu. Qızımı döydükləri günlərin birində ondan nə üçün döyüldüyünü soruşdum. Ərinin işdən gəldikdən sonra yemək istədiyini, amma evdə ərzaq olmadığı üçün yemək bişirə bilmədiyini, buna görə də döyüldüyünü bildirdi”.
 
“Haqq-hesab sormadım”
 
Həsənin sözlərinə görə, işləri ilə əlaqədar Laçın rayonuna gedib: “Hadisədən təxminən 4-5 gün əvvəl həyat yoldaşım Səmayə mənə qızımın qaynı Pənah tərəfindən döyüldüyünü və evlərinə geri qayıtdığını dedi. Laçında olduğumdan heç onlara zəng edərək haqq-hesab sormadım. Niyyətim Sumqayıt şəhərinə qayıdanda üzbəüz görüşüb, söhbət etmək idi”.
 
Həsən deyib ki, yaşadığı evə qayıdanda qızı ilə söhbət edib: “Döyülməsinin səbəbini soruşanda əvvəl qaynanası Kəmalə, sonra qaynı Pənah tərəfindən döyüldüyünü dedi. Səbəbini soruşduqda isə məlum oldu ki, onu məndən pul istəməyə məcbur edirlər”.
 
“Ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdim”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Sumqayıt şəhəri, Tuqzavod ərazisində yerləşən dəmir yolu relslərinin yanında Pənahı görüb: ”Onu yanıma çağırdım. Həmin vaxt az miqdarda spirtli içki də içmişdim. Pənahla salamlaşdım, nə üçün qızımı döydüklərini soruşdum. O, qızımın döyülmədiyini, evi özbaşına tərk etdiyi üçün qardaşının qızıma qarşı əsəbi olduğunu dedi. Pənahdan yaşadığımız məhəlləni tərk etmələrini tələb etdim. O, israrla evlərini tərk etməyəcəklərini, dava-dalaşın səbəbkarının qızım olduğunu bildirdi.
 
Pənahın qızıma şər atmasından əsəbləşdim. Onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdim. Pənah yumruqla sifət nahiyəmə bir neçə zərbə vurdu. Məndən daha gənc və idmançı, cüssəli olduğu üçün ona gücümün çatmayacağını anladım. Şalvarımın bel nahiyəsinə keçirdiyim bıçağı çıxararaq Pənahın qarın nahiyəsinə iki zərbə vurdum. Məqsədim Pənahı qorxutmaq və onların qəsəbəni tərk etmələrinə nail olmaq idi.
 
Bıçaqla xəsarət yetirməyimə baxmayaraq Pənah davamlı olaraq mənim baş və sifət nahiyəmə bir neçə zərbə vurdu. Artıq zərbələrin təsirindən müvazinətimi saxlaya bilmədim, aşağıya doğru əyildim. Bu zaman Pənah da üzünü çevirərək getmək istədi. Mən isə bıçaqla onun kürəyinə bir zərbə vurdum. O, yaşadıqları ünvana doğru qaçmağa başladı. Mən ibıçağı yaxınlıqda olan kanala ataraq oradan uzaqlaşdım.
 
Səhəri gün özüm könüllü şəkildə Sumqayıt Şəhər Polis İdarəsinə gələrək təslim oldum”.
 
“Aralarında hər hansı narazılıq olmayıb”
 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Pənahın sözlərinə görə, ailə üzvləri ilə birgə Sumqayıt şəhərində yerləşən 147 saylı peşə liseyinin yataqxanasında yaşayır: “Qardaşım Sadiq 2020-ci ilin iyul ayında bizimlə eyni qəsəbədə yaşayan Sevillə ailə həyatı qursa da, rəsmi nikah bağlanmadı. Onların arasında hər hansı bir narazılıq yox idi. Lakin bəzi vaxtlar Sevilin atası Həsən sərxoş halda yaşadığımız ünvana gələrək qızını aparmaq istəyirdi. Bu səbəbdən ailədə mübahisələr yaranırdı”.
 
Zərərçəkmiş qeyd edib ki, 2021-ci il iyulun 27-də hərbi xidmətə gedib: “Mən hərbi xidmətə gedən vaxt Sevil qardaşım Sadiqlə birlikdə idi. Hərbi xidmətdə olan zaman isə Həsən qızı Sevili öz evlərinə aparıb və uzun müddət onlarla qalıb.
 
2023-cü ilin yanvarın 1-də hərbi xidmətdən tərxis oldum. Bu vaxt artıq Sadiq Sevillə barışmışdı. Sevil bizimlə birlikdə yaşamağa davam elədi”.
 
“Atası evinə getdiyini dedi”
 
Zərərçəkmişin ifadəsinə görə, həmin il dekabrın 7-də qardaşı Sadiqlə birlikdə işdə olan zaman Sevil anasına və digər ailə üzvlərinə heç bir məlumat vermədən evi özbaşna tərk edərək atası evinə və qonşuya gedib:
 
“Anam Sevilin özbaşına hərəkətinə əsəbiləşib və onlar arasında mübahisə baş verib. Anam Sevilə bizimlə birlikdə yaşamaq istəmirsə, atası evinə gedə biləcəyini bildirib. Sevil də bəzi əşyalarını götürərək evi tərk edib.
 
Ətraflı
Mən qardaşımla həmin gün axşam evə gəldikdə anam baş verənləri bizə danışdı və Sevilin birdəfəlik atası evinə getdiyini dedi”.
 
“Qızını niyə yola vermədiyimizi soruşdu”
 
Pənah qeyd edib ki, bir neçə gün sonra Həsən ona zəng edərək Laçın rayonunda olduğunu, Sevilin qalan əşyalarını göndərməyi istəyib: “Mən avtomobil kirayələyərək Sevilin qalan bütün əşyalarını onlara apardım. Bu vaxt Sevil və qohumları ilə normal ünsiyyətdə oldum. Heç bir aqressiv davranış olmadı.
 
Dekabrın 22-də axşam saatlarında yaşadığımız qəsəbədə kafe sahibi Əli adlı şəxs mənə zəng edərək qardaşım Sadiqin kafeyə 88 manat borcu olduğunu bildirdi. Mən evdən 100 manat götürərək həmin kafeyə getdim və Sadiqin borcunu ödədim. Kafedən çıxaraq yaşadığımız qəsəbədə yerləşən, mütəmadi alış-veriş etdiyimiz "Bərəkət" adlı marketə yollandım. Marketə olan borcumuzun 59 manat olduğunu dəqiqləşdirdim. Lakin üzərimdə olan pul borcu ödəməyə kifayət etmədiyi üçün yenidən evə qayıtdım. Əlavə olaraq 50 manat götürərək marketə doğru getdim.
 
Dəmir yolu relslərini keçəndə arxamca Həsənin uca səslə məni səslədiyini eşitdim. Ona yaxınlaşaraq salamlaşdıq. Həsən mövzuya başlar-başlamaz bizim artıq bu məhəllədə yaşaya bilməyəcəyimizi, oradan köçərək getməli olduğumuzu bildirdi.
 
Həsənin spirtli içkinin təsiri altında olduğunu hiss etdiyim üçün növbəti gün görüşərək söhbət etməyi təklif etdim. O, nə üçün qızını yola vermədiyimizi soruşdu. Mən də Sevilin qardaşımdan icazəsiz evi tərk etdiyini dedim. Bu səbəbdən qardaşımın ona qarşı aqressiv olduğunu söylədim”.
 
“Məni uca səslə dayanmadan təhqir etdi”
 
Pənahın dediyinə görə, Həsən onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, anasını küçə söyüşləri ilə təhqir edib:
 
“Təhqirlərə cavab olaraq onun sifət nahiyəsinə yumruq zərbəsi vurdum. İçkili olduğundan zərbənin təsirindən müvazinətini itirdi və daha ağır söyüşlər söyməyə başladı. Həsənin məni uca səslə dayanmadan təhqir etməsindən əsəbləşdiyi üçün onun sifət və baş nahiyəsinə bir neçə zərbə vurdum. Bu zaman o, şalvarının bel nahiyəsinə keçirtdiyi bıçağı oradan çıxardaraq qarın nahiyəmə iki zərbə vurdu.
 
Hər hansı ağrı hiss etmədiyim üçün mən də onu yumruqla zərbələr vurmaqda davam etdim. Sifət nahiyəsində şişkinliyin yarandığını gördüyüm üçün üzümü çevirərək getmək istədim. Bu zaman Həsən kürək nahiyəmə də bir bıçaq zərbəsi vurdu.
 
Çox qan itirməmək üçün yaşadığımız mənzilə doğru qaçaraq getdim. Qardaşım və anam evdə idi. Onlar məni xəstəxanaya apardılar”.
 
“Qızına işgəncə verməmişik”
 
İş üzrə şahid qismində ifadə verən Sadiqin sözlərinə görə, Sevillə ailə həyatı qursa da, aralarında rəsmi nikah bağlanmayıb: “Əvvəllər münasibətlərimiz normal idi. Lakin sonradan Sevilin valideyinləri bizim ailəmizdə söz-söhbət yaratmağa başladılar. Atası Həsən mütəmadi olaraq spirtli içki qəbul edir və sərxoş halda qızını öz evinə aparmaq üçün yaşadığımız ünvana gəlirdi.
 
Hətta bir neçə dəfə işdən gələrkən Sevilin evdə olmadığını görmüşəm. Anamdan soruşanda Sevilin ata evinə getdiyini bildirib. Lakin nə mən, nə də ailə üzvlərim Sevilə fiziki işgəncə vermişik”.
 
İş üzrə şahid qismində danışan Sevilin sözlərinə görə, Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivində yerləşən peşə liseyində 9-cu sinfə qədər oxuyub: “Sadiq mənimlə eyni liseydə, lakin bir sinif aşağı təhsil alıb. Məktəb vaxtı Sadiq mənə sevgisini etiraf etdi. Mən bu barədə atama məlumat verdim. Atam isə Sadiqin üstünə acıqlandı. Bundan sonra mənim Sadiqlə əlaqəm olmadı.
 
Təxminən 2020-ci il əvvəllərində atam yaşadığımız evin yaxınlığında əlavə fərdi yaşayış evi tikdirdi. Həmin evin üst mərtəbəsinə beton tökdürmək istəyirdi. Bununla bağlı iş görə biləcək fəhlələr axtararkən qardaşım atama dostlarının olduğunu dedi və həmin uşaqları köməyə çağıracağını bildirdi.
 
Sonradan adının Pənah olduğunu bildiyim şəxs qardaşımla birlikdə evimizə gəldi. Qardaşım onu dostu kimi təqdim etdi. Atam Pənaha tək olduğunu və işi görə bilməcəyini dedi.
 
Pənah qardaşının səfərbərlik idarəsində olduğunu və işini bitirdikdən sonra kömək üçün yanına gələcəyini söylədi. Təxminən yarım saat sonra Sadiqin gəldiyini gördüm. Sadiqin Pənahla qardaş olduqlarını başa düşdüm. İki qardaş birlikdə işlərini gördülər, sonra atam onların zəhmət haqqını ödədi.
 
Bir neçə gün sonra Sadiqin anası Kəmalə atamın yanına gələrək kirayə ev istəyib. Atam evlərdən heç birinin boş olmadığını bildirib.
 
Həmin axşam atam Kəmalənin onun yanına gəldiyini söyləyəndə anam Kəmaləni tanıdığını dedi, xahiş etdi ki, həmin qadını qohumlarımızın evinə kirayə köçmələrinə kömək etsin. Atam anamın xahişi ilə Kəmalə və övladlarını qohumların evinə kirayə köçmələrinə kömək etdi.
 
Bir müddət sonra Kəmalə evin təmirsiz olduğunu və orada yaşaya bilməyəcəklərini dediyi üçün, həmçinin həmin vaxt atama məxsus yaşadığımız evə yaxın ev boşaldığına görə onlara ora köçmələrinə icazə verdi. Bir müddət Kəmaləgil bizə məxsus evdə kirayə yaşadılar”.
 
“Məndən tələb edirdilər ki, atamdan pul alım”
 
Sevil qeyd edib ki, 2020-ci ilin ortalarında Kəmalə anasına yaxınlaşaraq onu oğlu Sadiqə almaq istədiyini deyib:
 
“Atam ilk əvvəl narazılıq etdi, amma anamın təkidi ilə razılaşdı. Mən Sadiqlə ailə həyatı qursam da, aramızda rəsmi nikah bağlanmadı. Hər dəfə Sadiq və Kəmalədən niyə nikah bağlamadıqlarını soruşduqda, hər dəfə bir bəhanə ilə məni aldatdılar.
 
Ailə qurduğumuz gündən atam bizin ailəyə maddi dəstək göstərib. Atam bizə ərzaq almadığı vaxtlarda demək olar ki, evdə yeməyə heç nə tapmırdıq. Evdə yemək bişməyəndə Sadiq məni döyürdü. O və anası Kəmalə məndən tələb edirdilər ki, atamdan pul alım. Bəzən utandığım üçün atamdan pul ala bilmirdim. Həmin vaxt da Sadiqgil məni döyürdülər.
 
Son vaxtlar məni qaynım Pənah döyməyə başladı. Bir neçə dəfə bezərək atamın evinə getsəm də, sonradan onlar gələrək üzrxahlıq edib, məni geri qaytarıblar. Sonuncu dəfə məni döydükləri üçün atamın evinə getdim. Atam Laçın rayonunda idi, ona zəng edərək Pənahın məni döydüyünü dedim”.
 
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Həsənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza alıb. /Teleqraf.com/
Link kopyalandı!
Son xəbərlər