Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” seminarının açılışı olub.
Moderator.az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli, eləcə də, müxtəlif dövlət qurumlarından nümayəndələr, media mənsubları iştirak ediblər.
Tədbirdə öncə, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra 27 Sentyabr — Anım Gününə həsr olunmuş “Həmişə bizimləsən” filmi nümayiş etdirilib.
Filmin nümayişinin ardınca çıxış edən Komitə sədri R.Məmmədov qeyd edib ki, seminarın əsas məqsədi ənənəvi düzənin dəyişdiyi, yeni geosiyasi reallıqların formalaşdığı indiki dövrdə din amilini siyasi-psixoloji və ideoloji təsir alətinə çevirmək cəhdləri barədə fikir və məlumat mübadiləsi aparmaqdır:
“İdeoloji təhlükəsizlik və din indi əvvəlki onilliklərlə müqayisədə bir-birilə daha sıx qarşılıqlı təsirə malikdir. Müxtəlif dövlətlər bu mövzudan siyasi manipulyasiya, ideoloji təzyiq predmeti kimi faydalanmağa çalışır. Əlbəttə ki, Azərbaycan dövləti belə cəhdlərə qarşı kifayət qədər effektiv mübarizə imkanlarına malikdir. İdeologiya elə bir həssas istiqamətdir ki, ictimaiyyət və dövlət, vətəndaş cəmiyyəti institutları ilə hökumət qurumları məsuliyyəti bölüşməlidir”.
Komitə sədri bildirib ki, bu məsələdə mediadan gözləntilər böyükdür: “Media mənsublarının qeydlərini, iradlarını, təkliflərini öyrənmək çox vacibdir. Media nümayəndələri üçün xəbərin, informasiyanın nə qədər mühüm əhəmiyyət kəsb etdiyi məlumdur. Eyni zamanda ideoloji təhlükəsizliklə jurnalistin peşəkar fəaliyyəti arasında sərhədlər haqqında da aydın təsəvvür olmalıdır. Məsələnin mürəkkəbliyi də burasındadır ki, ideologiya da informasiya istehsalı qədər geniş bir sahədir və burada sərhədləri müəyyən etmək olduqca çətindir”.
Açılış mərasimində çıxış edən Ə.Həbibbəyli sosial mediada yayılan dezinformasiyalar və bu vəziyyətdə ənənəvi medianın rolu barədə fikirlərini bölüşüb:
“Sosial mediada yayılan dezinformasiyalar bir çox hallarda ənənəvi mediaya sıçrayaraq öz əhatə dairəsini artırır. Bəs necə mübarizə aparmaq lazımdır? Bu suala birmənalı cavab vermək çətindir. Bu mənada, əsas yük ənənəvi medianın üzərinə düşür. Ənənəvi media mənsubları, xüsusən, dini mövzulara olduqca həssas yanaşmalı, dezinformasiyaların yayılmasının qarşısını almalıdır”.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə təşkil olunan və iki gün davam edəcək seminar çərçivəsində “Dini etiqad azadlığı və azad media: sərhədlər haradan başlayır?”, “Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları” və “Dini radikalizmlə mübarizə və media” adlı sessiyaların həyata keçirilməsi nəzərdə tutulur.