“ ...BDU-nun elmi katibi Əli Məmmədbəyova əmlakı müsadirə olunmaqla 10 il iş verilir..."
"Belə tale, həm də bu gün sovet adamı, sovet ədaləti və humanizmi kimi anlayışları nostalji ilə xatırlayanlara növbəti bir ibrət dərsidir..."
“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir...
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır. Materialın bu hissəsində kitabın “Repressiya olunmuş rektorlar və digər rəhbərlər” bölməsində 1935-1937-ci illərdə BDU-nun rektoru olmuş Balabəy Həsənbəyovun saxta ittihamlarla şərlənərək “əks-inqilabçı” kimi istintaqa cəlb edilməsi zamanı başına gətirilənlərdən və sonda güllələnməsi haqda istintaq materiallarının ən əsas və maraqlı hissələri ilə tanış ola biləcəksiniz.
"Repressiya olunmuş rektorlar və digər rəhbərlər...
(Əvvəli burada: )
Elmi katib: Əli Məmmədbəyov
(Qeyd edim ki,Ə.Məmmədbəyov haqqında olan bu materiallar ilk dəfə elmi dövriyyəyə bizim tərəfimizdən daxil edilmişdir- B.Ə.)
Repressiyaya məruz qalan BDU müəllimlərindən biri də, həbs olunarkən Universitetin elmi katibi işləyən Məmmədbəyov Əli Əhməd oğlu olmuşdur Cinayət işinin materialının üstündə onun həbsinin başlanğıc tarixi 16 aprel 1938-ci il, qurtarması isə, təxminən üç ay sonra,15 iyun 1938-ci il göstərilmişdir.
Anket məlumatına əsasən 1898-ci ildə Dərbənd şəhərində dünyaya gələn Əli müəllim “Azərbaycan Sovet Ensiklopediyasının (Bundan sonra ASE-B.Əziz) işçisi, Azərbaycan Dövlət Universitetinin müəllimi və elmi katibi” olub.
16 aprel 1938-ci ildə başlayan istintaq işlərindən aydın olur ki, müstəntiq ilk dindirmədə Ə.Məmmədbəyovun əks-inqilabçı millətçi, qiyamçı təşkilatın üzvü olmasını heç cür sübut edə bilməyib. Axı üzvü olmadığı təşkilatın işində iştirak etmək haqqında nəyi və necə deməli olduğunu yazıq Məmmədbəyov haradan bilsin...
İlk istintaq zamanı müstəntiq ondan, sanki artıq əks-inqilabi təşkilatın üzvü olduğu sübut olunubmuş kimi, bu təşkilatda daha kimləri tanıdığını, onu kimlərin buraya cəlb etdiyini soruşub. Əslində bu həm də psixoloji təzyiqlərdən biri olmaqla istintaq altında olanı hövsələdən çıxarmaq, əsəbiləşdirərək, daha çox səhvə yol verməyə təhrik etmək məqsədi daşıyırdı. Müstəntiq ona səmimi olmağı, istintaqla əməkdaşlıq etməyi təklif etsə də, heç bir nəticəsi olmur.
Birinci istintaqdan sonra üç nömrəli metodun - işgəncənin tətbiqi ilə vəziyyət tamamilə dəyişib. Məhz bundan sonra işgəncələrə dözməyən Ə.Məmmmədbəyov istintaqa sərf edən ifadələr verməyə başlayır.
Müstəntiq sanki sübut edibmiş kimi ona deyib: “Sən millətçi təşkilatda olarkən Vəli Xulufludan başqa digər rəhbər iştirakçılarla da əlaqədə olmusan. Bu məsələ ilə bağlı daha geniş məlumat verin”.
Artıq hansı ifadəni verməyin lazım olduğu “başa salınan” Əli müəllim əks-inqilabi millətçi təşkilata o zamanlar S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti adlanan indiki Bakı Dövlət Universitetinin rektoru Balabəy Həsənbəyov tərəfindən cəlb edildiyini və təşkilatla da məhz onun vasitəsi ilə əlaqə saxladığını bildirib.
(…)
Maraqlıdır ki, bu istintaqdan xeyli əvvəl, daha doğrusu, 1937-ci ilin oktyabr ayının 11-də B.Həsənbəyova SSR Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar sessiyasının iclasında ölüm hökmü verilib və bu hökm 1937-ci il oktyabrın 12-də yerinə yetirilib. Qəribəsi budur ki, B.Həsənbəyovun 239 səhifədən ibarət olan istintaq işində müstəntiq rektorun guya mövcud olmuş əim(əksi-inqilabçı müsavatçı- S.L.) qrupunun tərkibində Ə.Məmmədbəyovun olduğunu bir yerdə də olsun qeyd etməyib, adı çəkilməyib. İndi birdən-birə güllələndikdən sonra onun adından Əli müəllimin əleyhinə ifadələr alınması xeyli suallar doğurur.
Böyük bir cinayətkar qrupu “uğurla ifşa” etmək ərəfəsində olan müstəntiq Ə.Məmmədbəyovdan B.Həsənbəyovun qrupuna kimlərin daxil olduğunu soruşduqda o, əvvəlcə BDU-da çalışan yeddi adamın adını çəkib, bir qədər sonra isə "unutduğu" digər adamların da adını söyləyib.
“1. Ağamir Məmmədov - ADU-nun kitabxanasının direktoru.
2. Əhməd Kazımov - fəlsəfə kafedrasının dosenti.
3. İsrafil Axundov - siyasi iqtisad kafedrasının dosent əvəzi.
4. Əbdül Yusifov - ADU-nun partiya təşkilatının katibi.
5. Xasay Abbasov - tələbə, ADU-nun tələbə həmkarlar təşkilatının sədri.
6. Baba Babayev - ADU-nun hazırlıq şöbəsinin müdiri.
7. Əlihüseyn Biləndərli" .
Onu da bildirək ki, bu adamlardan bir qismi Əli müəllimin istintaqından bir neçə ay əvvəl, qalanları isə elə həmin vaxtlarda güllələnməyə məhkum edilmişdi. Ə.Məmmədbəyov ifadəsində B.Həsənbəyovun qrupunda Universitetin tarix fakültəsinin dekanı, professor B.N.Tixomirovun, professor Ə.S.Qubaydullinin, komsomol komitəsinin katibinin də olduğunu bildirib.
"Mən Həsənbəyovun qrupunun bir iştirakçısının adını çəkməyi unutmuşam... həmçinin Azərb. SSR Xalq Maarif Komissarı, Pedaqoji texnikumun keçmiş direktoru Abbas Yusifov...”
(…)
Əli müəllimin istintaq işinin içərisində onun həbsindən altı ay əvvəl “1. milli respublikaların SSRİ-dən silahlı yolla ayrılmasına hazırlaşan və vahid türk-tatar dövlətinin yaradılmasına çalışan Ümumittifaq əks-inqilabi pantürkist təşkilatın mərkəzinin üzvü olduğuna; 2. Pantürkist təşkilatda bilavasitə fəal iş apardığına və Tatarıstan, Özbəkistan, Krım və Azərbaycanda təşkilata yeni-yeni üzvlər cəlb etdiyinə; 3. Ziyanverici-təxribatçılıq qrupu yaratdığına və Azərneftkombinatın mədənlərində bir sıra ziyanverici aktlar təşkil etdiyinə; 4. Türk, alman və yapon kəşfiyyatlarının casusu kimi fəal iş apardığına görə”
qondarma ittihamlarla təqsirləndirilərək həbs edilmiş və güllələnmiş BDU-nun müəllimi, tarixçi professor Əziz Qubaydullinin ifadəsi maraq doğurur...
4-5 avqust 1937-ci il tarixindəki istintaqında Əziz Saleh oğlu Qubaydullin göstərir: “Mən pantürkistlərin içərisində əks-inqilabçı mövqeli, SSRİ ərazisində pantürkist dövlət yaratmağıqarşısına məqsəd qoyanlardan aşağıdakıların adlarını çəkə bilərəm: ...12. Əli bəy Məmmədbəyov-ADU-nun elmi katibi...
Vəli Xuluflu mənə bildirdi ki, əks-inqilabçı-millətçi təşkilata məndən başqa həmçinin aşağıdakılar daxildir: ... 8. Əlibəy Məmmədbəyov – ADU-nun elmi katibi, Vəli Xuluflunun yaxın dostu, Həsənbəyovun adamı (hər ikisi həbs olunub). 1936-cı ildə ADU-da mənimlə söhbət zamanı pantürkist və yerli millətçi fikirlər söylədi. ADU-nun akademik heyəti arasında millətçi təbliğat aparırdı”.
Təəccüblüdür ki, Ə.Qubaydullinin işinin içərisində bu ifadəyə rast gəlmədik. Bu da ifadənin əslində saxta olduğunun göstəricisidir.
.
1938-ci il iyulun 8-də Əli Məmmədbəyovun işi üzrə istintaqın başa çatması haqqında protokol tərtib edilərək ittiham qərarı hazırlanıb.
“... 1. Əli Əhməd oğlu Məmmədbəyov əks-inqilabçı millətçi təşkilatın iştirakçısı olmuş, bu təşkilata indi xalq düşməni kimi mühakimə olunmuş Vəli Xuluflu tərəfindən cəlb edilmişdir
2. Əim təşkilatla fəal təşkilati əlaqəni Vəli Xuluflu və Balabəy Həsənbəyov vasitəsi ilə aparmışdır.
3. ADU-da praktik şəkildə əksinqilabçı ziyankar fəaliyyətdə iştirak etmişdir. Özünü günahkar hesab etmir.
Müttəhim Ə.Qubaydullin, B.Tixomirov və Zəki Yaqubun ifadələri ilə ifşa olunmuşdur. Bunlara əsasən Ə.Ə.Məmmədbəyov Azərb. SSR cinayət məcəlləsinin 64, 72, 73-cü maddələri ilə ittiham olunur və işi Azərb. SSR Fövqəladə Üçlüyünə təqdim olunur”.
Fövqəladə üçlük 15 iyul 1938-ci ildə 3 bənddən ibarət olan bu qərarı qüvvədə saxlayıb. XDİK Üçlüyünün qərarı ilə Ə.Məmmədbəyova əmlakı müsadirə olunmaqla 10 il iş verilir. İstintaqsız, vəkilsiz, demək olar ki, qiyabi formada keçirilmiş məhkəmənin qərarı ilə Rusiyanın Belomorsk şəhərindəki həbs düşərgəsinə göndərilən Əli müəllim bununla barışmayıb. Azərb.SSR-də etdiyi şikayətlərin heç bir nəticə verməməsi səbəbi ilə ədalətin bərpa olunması ümidi ilə Moskvaya şikayət məktubu yazıb)Yazıq bilmir ki, bu işlərin başında dayanan elə Moskvadakı yüksək səlahiyyət sahibləri olmuşdu -B.Ə.)
“Mən SSRİ EA Azərbaycan filialının ASE-nin redaksiyasının keçmiş elmi əməkdaşı, Azərb. SSR Ali təhsil müəssisəsinin siyasi iqtisad kafedrasının dosentiyəm. 9 aprel 1938-ci ildə Bakıda həbs olunmuşam. Həbsim süni surətdə təşkil olunmuş, istintaq zorla, güclə, kobud, vəhşi metodlarla aparılmışdır. Azərbaycan XDİK-nin müstəntiqləri istintaqı apararkən məni elə həddə çatdırmışdılar ki, demək olar ki, həyatım dayanmışdı. Böhtan, yalan, fitnəkar dolu ifadələrə əsaslanan ittiham müstəntiqlər tərəfindən saxta şəkildə tərtib edilmişdir. Heç bir üzləşdirmə aparılmadı, məhkəməsiz, qiyabi formada Azərbaycan XDİK-nin Üçlüyünün qərarı ilə "əks-inqilabçı element" adı verildi...”.
Sonra o, məktubunda neçə il iş aldığını yalnız həbs düşərgəsində öyrəndiyini bildirərək bu qərarın yanlış, təsadüfi olduğunu yazıb.
“... 20 yaşından Sovet elmi, mədəni-maarif idarələri və müəssisələrində vicdanla işləyən, heç bir qüsuru olmayan adamın taleyini belə yüngül həll etmək olmaz”.
Qeyd edək ki, repressiyaya uğramış xeyli sayda adamlar ona nə qədər iş verildiyini həbs düşərgəsində öyrənib. Bu keçirilən məhkəmələrin, yazılan protokolların nə qədər saxta olduğunu bir daha sübut edir. Bu cür məlumatlar sağ-salamat həbs düşərgəsinə çatanların verdiyi xəbərlərdir. Belə olduqda günahsız yerə güllələnən adamların məhkəməsinin protokollarındakı məlumatlara necə inanaq?
Ə.Məmmədbəyov məktubunda heç bir cinayət törətmədiyini, siyasi şantajçı, sosial ziyankar, anti-sovet, anti-bolşevik mövqedə olmadığını, bu səbəbdən tələbələrin ona heç vaxt irad tutmadığını, əksinə, onun siyasi iqtisaddan dediyi dərslərə daha həvəslə gəldiklərini, maraqla qulaq asdıqlarını və bu səbəbdən tələbələrinin onu çox sevdiklərini, vicdanının təmiz
olduğunu bildirib.
Əli müəllim məhz bunları əsas götürüb ona bəraət verilməsini xahiş etmişdir. Ürəkağrıdan bu məktuba təbii ki, müsbət cavab verilmir...
Yazıq Əli müəllim. Sən nə biləsən, işğal rejiminə sədaqətlə qulluq etməyin xoşbəxt sonluğu olmur. Digər tərəfdən, belə tale, həm də bu gün sovet adamı, sovet ədaləti və humanizmi kimi anlayışları nostalji ilə xatırlayanlara növbəti bir ibrət dərsidir.
Bu dəfə Əli müəllimin anası Sara Əsgər qızı Məmmədbəyova 31 iyul 1940-cı ildə Moskvaya, L.Beriyaya üçlüyün qərarından şikayət edib, oğlunun günahsız olduğunu, ona qarşı haqsızlıq edildiyini, işi tələb edib yoxlatmasını və nəticəsi barədə ona da məlumat verilməsini “acizanə surətdə xahiş” edib.
Ancaq gecə-gündüz oğlunu düşünən bu zavallı hala salınmış anaya da heç bir cavab verilmir.
Həbs edildikdən üç il sonra, 16 may 1940-cı ildə Əli müəllim Moskvaya ikinci məktub göndərib. O, bu məktubunda başına gələnləri sadalayır, etdiyi şikayətləri xatırladır, vəziyyətinin getdikcə pisləşdiyini, həbsindən üç il keçdiyini, heç bir günahı olmadan ağır şəraitdə olduğunu göstərib yazdığı məktubların Bakıya göndərilməməsini, işə Moskvada baxılmasını xahiş edir.
Ancaq bu dəfə Ə.Məmmədbəyova Azərbaycan SSR Prokurorunun xüsusi işlər üzrə müavini Seliverstokun imzası ilə cavab gəlib. Cavabda ittiham hökmü təkrarlanır və sonda qərara yenidən baxılmasına ehtiyac olmadığı göstərilir.
Məktubun sonundakı “...Məmmədbəyovun istintaqı getdiyi vaxt Vəli Xulufluya iş verildiyi (əslində güllələndiyi - Boran Əziz) üçün ondan Məmmədbəyov haqqında ifadə alınmayıb” ifadəsi diqqəti daha çox çəkir. Elə təkcə bu istintaqın necə saxta, qurama olduğunu açıq göstərir.
Əli Məmmədbəyovun günahsız olması, yalnız Stalin-Beriya cütlüyünün SSRİ-də, M.Bağırovun isə Azərbaycandakı əməlləri üzə çıxarıldıqdan sonra aydınlaşdı. 1956-cı ilin 17 yanvarında vaxtilə Ə.Məmmədbəyovla aspiranturada bir yerdə oxumuş, BDU-nun siyasi iqtisad kafedrasının müəllimi, Axundov Əli Bəhram oğlu, 3 fevral 1956-cı ildə isə BDU-nun iqtisadi coğrafiya kafedrasının müdiri, Ə.Məmmədbəyovun tələbə yoldaşı Əliyev Hadi Bədəl oğlu şahid qismində Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nin müstəntiqinə ifadə veriblər.
Hər ikisi Əli müəllimin əim görüşlərinin şahidi olmadıqlarını, belə bir təşkilatın mövcudluğundan və Əli müəllimin də onun üzvü olmağından xəbərsiz olduqlarını, buna inanmadıqlarını, Əli müəllimin savadlı, işə həmişə vicdanla yanaşdığını bildiriblər. H.Əliyev ifadəsində Ə.Məmmədbəyovun rector B.Həsənbəyovla yaxınlığını isə hər ikisinin iqtisadçı olması, K.Marksın "Kapital" əsərinin Azərbaycan dilinə birgə tərcümə etmək istəkləri ilə izah edib. İstintaq işinin yenidən hərtərəfli, obyektiv araşdırılması, şahid ifadələri əsasında 7 fevral 1956-cı ildə yekun arayış hazırlanır. Arayışda istintaq dövründə Ə.Məmmədbəyovun cəmi iki dəfə dindirildiyi göstərilir. Birinci dindirilmədə o, əks-inqilabçı millətçi təşkilatın üzvü olmadığını, ikinci istintaqda isə bu anti-sovet, anti-bolşevik təşkilata V.Xuluflu və B.Həsənbəyov tərəfindən cəlb edildiyini məlum üsulların tətbiqindən sonra "etiraf edib”.
Arayışda qeyd edilib ki, işdə adı çəkilən adamlarla üzləşdirmə aparılmayıb, onların işlərinin içərisində Ə.Məmmədbəyovla bağlı ifadələr olmayıb.
“Ə.Məmmədbəyov... qeyri-müəyyən və yoxlanılmamış məlumatlar əsasında həbs olunmuş və .... 10 il müddətində azadlıqdan məhrum edilərək İslah Əmək Düşərgəsinə göndərilmişdir. Ə.Məmmədbəyov həbs müddətini çəkərkən 30 iyun 1942-ci ildə vəfat etmişdir. İstintaq Məmmədbəyovun günahını sübut edə bilmədiyindən Azərb. SSR Cinayət- prosessual qanununun 4-cü maddəsinin 5-ci bəndini rəhbər tutaraq təklif edirəm ki, Xüsusi Üçlüyün 15 iyun 1938-ci il tarixdəki qərarı ləğv edilsin”.
Bunu əsas götürən Azərb. SSR Prokurorluğu 12 mart 1956-cı il-də Azərb. SSR Ali Məhkəməsinin Məhkəmə Kollegiyasına nəzarət qaydasında etiraz göndərib. Cəmi bir həftə sonra, 19 mart 1956-cı ildə məhkəmə Əli Əhməd oğlu Məmmədbəyova bəraət verib.
Beləliklə, daha bir günahsız yerə repressiya qurbanı olmuş adam bəraət alıb, üstündən “xalq düşməni” adı götürülür. Əslində bu təkcə Ə.Məmmədbəyovun ailəsi üçün deyil, həm də BDU üçün əhəmiyyətli bir qərar olmuşdur. Bu dolayısı ilə BDU- nun “xalq düşmənlərinin” toplaşdığı bir mərkəz olmadığının da təsdiqi idi…”
(Davamı var)
Təqdim etdi: Sultan Laçın