Kamala Harris Putini Batı xanla müqayisə edib
Ekskluziv
1738
20 Sep 2024 | 20:09

Kamala Harris Putini Batı xanla müqayisə edib

"Harris "tərəddüd edən" ştatlarda spesifik elektoratı təşviq edir..."
 
"Putin mənin xoşuma gəlir, mən də onun xoşuna gəlirəm..."
 
Kamala Harrisin seçkiöncəki qərargahı "tərəddüd edən" ştatlarda reklam kampaniyasına başlayıb. Bu zaman demokratların namizədinin Ukraynayönümlü, respublikaçıların namizədinin isə Rusiyayönümlü olması vurğulanır.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Yeni seçkiöncəki strategiya çərçivəsində dərc edilən videolarda Rusiyanın Ukraynaya hücumu Batı xanın yürüşünə bərabər tutulub. Reklamda deyilir ki, Kiyev indiki administrasiyanın dəstəyi ilə azadlıq uğrunda döyüşür.
 
Bu yanaşmaya əks olaraq Trampın seçkiöncəki mitinqdə "Putin mənim xoşuma gəlir, mən də onun xoşuna gəlirəm" və respublikaçılardan vitse-pezidentliyə namizəd Ceyms Vensin "Ukraynada baş verənlər məni maraqlandırmır" bəyanatları qeyd edilir.
 
"Amma Kamala Harrisi maraqlandırır", - buna bu çarxın müəllifləri əmin edir. Onlar əlavə edir ki, demokratların namizədi "ABŞ-ın təhlükəsizliyi naminə Putinlə mübarizə aparacaq".
 
Bu təşviqat kampaniyasına faktiki olaraq seçkiöncəki yarışmanın nəticəsini müəyyən edəcək altı "tərəddüd edən" ştatdan üçündə-Pensilvaniya, Miçiqan və Viskonsin ştatlarında start verilib. Belə seçim təsadüfi deyil, bu regionlarda əslən Şərqi Avropadan-Ukrayna, Polşa, Baltikyanı ölkələr və digər dövlətlərdən olan çoxsaylı insan yaşayır. 
 
Demokratlar Partiyası Şərqi Avropa elektoratı ilə işləməyə böyük diqqət yetirir. Belə ki, Harris ötən çərşənbə axşamı baş tutan debatlarda "burada, Pensilvaniyada 800 min amerikalı polyaklara" müraciət edərək iddia edib ki, Polşa Rusiyanın növbəti hədəfi olacaq. "Əgər Donald Tramp prezident olsaydı, Putin indi artıq Kiyevdə olardı", - Kamala Harris bəyan edib.
 
Pensilvaniyada əhalinin  təxminən 5 faizi (700 mindən artıq) əslən Polşadan, təxminən 122 mini Ukraynadandır. Miçiqanda təxminən 900 min amerikalı polyak və 40 min ukraynalı yaşayır. Viskonsində əslən Polşadan olan təxminən 480 min adam yaşayır.
 
Demokratların strategiyasının nə qədər səmərəli olacağı aydın deyil. Mərkəzi və Şərqi Avropadan olanlar arasında Ukraynada müharibə seçiminin bu və ya digər namizədin xeyrinə təsir edib-etməyəcəyi barədə sorğular hələ keçirilməyib. Həmçinin Rusiya-Ukrayna böhranının həllinə əhalinin bu kateqoriyasının Harris, yoxsa Trampın yanaşmasını daha yaxşı hesab etdiyi barədə də informasiya yoxdur.
 
Bu ştatlarda sorğular bütün əhali arasında keçirilib. Müəyyən edilib ki, onların xeyli hissəsi Trampın Ukraynada müharibəni dayandıra biləcəyini və onun prezidentlik dönəmində ABŞ-ın hərbi münaqişələrdə iştirak etməyəcəyini hesab edir.
 
Bundan başqa, ABŞ-da prezidenti seçkilərində xarici siyasət, adətən, başlıca prioritet deyil, seçiciləri ən çox maraqlandıran iqtisadi məsələlər, qiymət artımı və immiqrasiyadır.
 
Lakin demokratların qərargahı qeyd edir ki, indiki sıx rəqabət şəraitində bir neçə min səs də nəticəni müəyyən edə bilər, ona görə də  onlar əhalinin bu kateqoriyasına hədəflənmək qərarı verib.
 
Belə strategiyanın qismən uğur qazanmaq şansı var. 2020-ci ildə Bayden Trampa bu ştatlarda qalib gəlib. Pensilvaniyada o, 80 min, Miçiqanda 154 min, Vinkonsində cəmi 20 min artıq səs toplayıb.
 
Respublukaçı namizədin seçkiöncəki qərargahı siyasi rəqiblərin videoçarxda ifadə edilən gümanlarını rədd edib.
 
"Tramp sülhün bərpası, Amerikanın gücü və dünya meydanında çəkindirici amil olması üçün bütün zəruri olanları edəcək. O, bunu bacaracaq yeganə adamdır, - bunu qərargahın nümayəndəsi Stiven Çunq bəyan edib. -  Donald Tramp prezident olsaydı, Rusiya ilə Ukrayna arasında müharibə baş verməzdi", - o, vurğulayıb.
 
Harrislə debatlar zamanı Tramp iki dəfə Ukraynanın qələbəsini arzu etməsi barədə sualdan yayınıb. O, bəyan edib ki, münaqişənin hər iki tərəfi ilə danışıqlar aparacaq və qeyd edib ki, Bayden müharibənin qarşısının alınması cəhdlərini iflasa uğradıb.
Link kopyalandı!
Son xəbərlər