Nuran Abdullayev Forumdan danışdı:
1463
14 Sep 2024 | 17:13

Nuran Abdullayev Forumdan danışdı: "Əsas hədəfimiz bütün dünyada yaşayan azərbaycanlı həkimləri birliyə cəlb etməkdir"

"Çox sevinirik ki, Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumu uğurla fəaliyyətə başlayıb. Bu Forumda məqsəd Almaniyada fəaliyyət göstərən həkimlərimiz arasında əlaqələri daha da inkişaf etdirməkdir".
 
Bu sözləri Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev Bonn şəhərində keçirilən Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumu zamanı jurnalistlərə açıqlamasında deyib.
 
O vurğulayıb ki, eyni zamanda, tibb işçilərinin elmi fəaliyyətlərinin genişləndirilməsi istiqamətində lazım olan dəstəyin və onların inkişaf potensiallarının müzakirəsi Forumda əsas müzakirə məsələlərindəndir. 
 
N.Abdullayev söyləyib ki, qarşıda duran əsas hədəflərdən biri də gələcəkdə Almaniyada yaşayan Azərbaycanlı Həkimlərin Forumunun əhatə dairəsini daha da genişləndirərək bu işə Avropada yaşayan, daha sonra isə bütün dünyada yaşayan azərbaycanlı həkimləri cəlb etməkdir.
 
Alyans sədri həmçinin Forumun Almaniya-Azərbaycan əlaqələrinin inkişafında rolundan da danışıb: "Hesab edirəm ki, bu kimi tədbirlərin keçirilməsi həm də Almaniya-Azərbaycan əlaqələrinin də inkişafına müsbət təsir göstərəcək. Azərbaycanlı həkimlərin Almaniya səhiyyəsinə verdiyi töhfələr danılmazdır. Məhz bu kimi məsələlər iki ölkə arasında münasibətlərin inkişafına təkan verir".
 
N.Abdullayev Forumda aparılan müzakirələrdən söz açarkən mühüm bir təklif irəli sürdüyünü də açıqlayıb. Belə ki, o, Almaniyada çalışan azərbaycanlı həkimlərin Azərbaycan Tibb Universiteti ilə elmi və praktiki əməkdaşlığa hazır olduğunu bildirib. 
 
Alyans sədri söyləyib ki, həkimlərimiz elmi və praktiki fəaliyyətləri ilə universitetin daha da inkişafına öz töhfələrini verə bilər. N.Abdullayev Almaniyadakı azərbaycanlı həkimlərin ölkəmizin ali tibb təhsili müəssisəsinin inkişafı naminə əməkdaşlığa başlanılmasının vacibliyini bildirib:
 
"Eyni zamanda, hesab edirəm ki, yeni yaradılan Qarabağ Universitetində də gələcəkdə tibb sahəsi üzrə ixtisaslar olarsa, Almaniyadakı azərbaycanlı həkimlər burada da elmi və praktiki istiqamətdə dəstəklərini göstərə bilər. Düşünürəm ki, bu cür qarşılıqlı əməkdaşlıqlar həm təhsil müəssisələrimizin, həm də ölkəmizin adına yalnız uğur gətirər".
Link kopyalandı!
Son xəbərlər