"Atəşkəs və girovlarla bağlı sazişin əldə edilməsi hər iki tərəfin maraqlarına cavab verir, biz tərəfləri buna inandırmaq cəhdlərimizi davam edəcəyik..."
ABŞ Dövlət katibi Entoni Blinken hesab edir ki, HƏMAS-la razılaşdırılmış sövdələşmənin gerçəkləşməsinə zəmanət yoxdur.
Moderator.az xəbər verir ki, bu barədə o, Britaniyanın "Sky News" nəşrinə müsahibəsində bəyan edib.
Dövlət katibi vurğulayıb ki, danışıqların uğurlu olacağına inanır, lakin girovların azad edilməsi yolunda əvvəlkitək maneələr qalmaqdadır.
"Nə qədər çox zaman keçirsə, bizi geriyə atacaq və ya bundan sonra işimizi çətinləşdirəcək hər-hansı gözlənilməz hadisələrin riski bir o qədər çoxalır. Lakin hazırda sənəddə olan və artıq razılaşdırılanları nəzərə alsaq, mən əminəm ki, biz məqsədimizə daha yaxınıq, - Blinken bəyan edib. - Bu o deməkdir ki, biz bu məqsədə nail olacağıq? Yox, çünki hələ mürəkkəb məsələlər qalmaqdadır. Nəticədə tərəflərə qərar qəbul etmək lazım gələcək".
Blinkenin sözlərinə görə, hazırda söhbət İsrail və ya HƏMAS-a təzyiq etməkdən deyil, sazişin bağlanmasının hər iki tərəfin maraqlarına cavab verdiyini anlamaqdan gedir. Dövlət katibi vurğulayıb ki, ABŞ İsrail rəhbərliyinə təklif edilən şərtlərlə razılaşmasına məcbur edə bilməz, lakin onu belə addımın düzgün olmasına inandırmaq cəhdlərini davam edəcək.
"Demokratik rəhbərlik sistemində qərarlar liderlər tərəfindən qəbul edilir, onlar öz xalqına və öz ölkəsinin maraqlarına qarşı diqqətli olmalıdır. Biz heç kimi məcbur edə bilmərik, lakin bunun aşıq-aşkar üstünlüklərinə dəstək verə bilərik", - Blinken vurğulayıb.
Entoni Blinken bu yaxınlarda Xan-Yunisdə humanitar zonaya İsrailin zərbəsi nəticəsində 40 nəfər dinc insanın həlak olduğu, daha 60 nəfərin zərər çəkdiyi faciəyə də münasibət bildirib. "Bu, dəhşətlidir, Qəzzada günahsız insanların əzabları mənim ürəyimi parçalayır və hər gün mənə ağrı yaşadır", - o, deyib.
Bu arada isə məlum olub ki, İsrail HƏMAS lideri Yəhya Sinvara Qəzzada atəşkəslə bağlı "sərfəli təklif" irəli sürüb. Belə ki, İsrail girovların azad edilməsi və region üzərində nəzarətdən imtina etməsi müqabilində Sinvarın Qəzza bölgəsindən təhlükəsiz çıxışına zəmanət verəcəyini təklif edib, cavabın necə olacağı isə bəlli deyil.