“Hansı əsasla Bakının Rusiya-Ukrayna sülh danışıqlarının məkanı olacağı haqda danışırlar, anlaya bilmirəm...”
Ekskluziv
1996
11 Sep 2024 | 09:32

“Hansı əsasla Bakının Rusiya-Ukrayna sülh danışıqlarının məkanı olacağı haqda danışırlar, anlaya bilmirəm...”

“Hazırda Putinin Avropa ilə müharibəni qurtaran kimi, öz düşərgəsinə hansı ölkələri qəbul edəcəyi məsələsi gündəmdədir. Onun bizdən sonra Özbəkistana, Monqolustana getməsi bununla bağlıdır...”
 
Rusiya lideri V.Putinin Bakı səfərindən sonra  yerli mediada Azərbaycan paytaxtının Rusiya-Ukrayna sülh danışıqlarının məkanına çevrilə biləcəyi haqda söhbətlər səngimir. Amma o vaxtdan tərəflər arasında gərginlik daha da artıb. Ukrayna tərəfi Rusiya şəhərlərinə yalnız dronlarla, özü də əsasən hərbi obyektlərə və yanacaq bazalarına hücum etsə də, Rusiya Ukraynanın böyük şəhərlərinin birbaşa yaşayış massivlərini ballistik və qanadlı raketlərlə vurur,  yenə də onlarla dinc insan həlak olur. Rusiya 2014-cü ildən xeyli hissəsini işğal etdiyi Donbasda yenə də irəliləməyə çalışır, Ukrayna isə Rusiyanın Kursk vilayətinin bir hissəsini bir aydan çoxdur ki, nəzarətdə saxlayır. Bəs görəsən, belə bir şəraitdə Bakıda Putin və Ukrayna dövlət başçısı V.Zelenski arasında sülh danışıqlarının baş tutması mümkündürmü və hətta baş tutacağı halda belə, bunun real nəticəsi olarmı?
 
Siyasi analitik Tahir Cəfərli mövzu ilə bağlı Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib:
 
“Putinin  Bakı səfərindən sonra hansı əsasla Azərbaycan paytaxtının Rusiya-Ukrayna sülh danışıqlarının məkanına çevrilə biləcəyi haqda danışırlar, anlaya bilmirəm. Hazırda Ukrayna-Rusiya danışıqlarının baş tutacağı haqda yalnız fərziyyələr yürüdə bilərik. Amma erməni kanallarına baxsaq, hamısı bir ağızla Zəngəzurun boşaldılacağından danışır. Yəni aydın olur ki, Bakıdakı danışıqların əsas mövzularından biri  məhz  Zəngəzur dəhlizi olub. Və burda həqiqət payı var, çünki Rusiyanın Zəngəzur dəhlizinin açılmasında iqtisadi maraqları mövcuddur. Bunun üçün isə Kreml ilk növbədə Tehranla razılaşmalıdır. Çünki  İran Zəngəzur vasitəsi ilə öz mallarını Ermənistana çatdırır, o, isə dünya bazarına çıxarır. Biz  Zəngəzuru alsaq, İran bazarının yolunu tutarıq. Odur ki, Prezident 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasını əsas götürüb, Zəngəzura girə bilmir. Oraya girəcəyimiz halda biz İranla üzləşə bilərik. Rusiya bunun üçün İranı lokalizə etməlidir ki, Azərbaycan Zəngəzura girə bilsin.   
 
Qayıdaq Rusiya-Ukrayna cəbhəsinə... Belə bir durumda biz  eyni köklü eyni dinli, eyni tarixi olan xalqların bir-birinə qarşı gün-gündən dərinləşən ölüm-dirim müharibəsi apardığını görürük. Burada  Rusiyanın taleyi həll olunur. “Rusiya Ukraynaya qalıb gəlməsə, dağılacaq” fikri ilə də razılaşmaq olar. Halbuki Rusiya yox, Ukraynanı Rusiyaya qarşı qoyan Avropa birliyi ölkələri dağılma təhlükəsi qarşısındadır. Rusiya isə hərbi sənaye  kompleksi(HSK) gündə bir zavod və fabrikini işə salır...
 
Ukrayna müharibəsi nəticəsində Avropa Birliyi ölkələrinin iqtisadiyyatı pis hala düşüb, kritik vəziyyətdədir. Götürək “Folksvagen” şirkətini - bağlandı... Bu cür hadisələr başqa ölkələrdə də baş verir. Nəticədə Avropa ABŞ-dən tam asılı vəziyyətə düşür... 
 
Ukrayna müharibəsinin mahiyyəti Avropanı pis günə salmaqdır. Bu, ABŞ-də qurulmuş oyundur.  
 
Ötən söhbətlərimizdən birində Dünya bankının hesabatına əsasən Rusiyanın iki ildəki ÜDM-nin müqayisə etdik. 2022-ci ildə, yəni müharibə başlanan ili onun ÜDM-i 2,45 trilyon idi, 2023-cü ildə isə 6,24 trilyon olub. Bu o deməkdir ki, Rusiyanın gəlirləri üç dəfə artıb,  elə ABŞ kimi o da  müharibə etməklə varlanır... 
 
Odur ki, Rusiya Kiyevə girməyincə, yəni Ukraynanı təslim etməyincə, müharibəni dayandırmayacaq. Bundan əlavə, müharibənin davam etdirilməsi ABŞ-nin xeyrinədir. SSRİ dağılandan sonra bərbad hala düşmüş HSK gün-gündən güclənir. Elə Rusiyanınkı kimi...
 
Ukrayna bir az da Rusiya ərazisində irəliləyib Kursk və başqa şəhərlərə girsə, Moskva bu ölkəyə qarşı taktiki atom bombası işlədəcəkdir. Bununla da müharibə bitəcək. Əlbəttə ki, Rusiyanın xeyrinə. Ancaq belə olduğu halda Rusiya istədiyi ölkəni sülh danışıqları üçün seçə bilər. Əlbəttə ki, bu, Azərbaycan üçün şərəf  olar...
 
Və hazırda Putinin Avropa ilə müharibəni qurtaran kimi, öz düşərgəsinə hansı ölkələri qəbul edəcəyi məsələsi gündəmdədir. Onun bizdən sonra Özbəkistana, Monqolustana getməsi bununla bağlıdır...”
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər