1668
07 Sep 2024 | 14:00

"Manatlıq taksi"lərlə bağlı AÇIQLAMA

Bakı metrosunun "20 Yanvar" stansiyasının ətrafında fəaliyyət göstərən "manatlıq taksi"lərin, ya da mikroavtobusla qanunsuz sərnişindaşıma həyata keçirilməsinin çıxış yolu marşrut taksi kimi onların leallaşdırılmasıdır.
 
Bu barədə Musavat.com-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib: “Yadınızdadırsa əvvəllər marşrut taksi var idi. Avtobusların qiyməti üç dəfə yüksək idi. O da sürətli hərəkət edirdi. Müntəzəm sərnişin daşıma ilə məşğul olmaq üçün müvafiq lisenziya olmalıdır. Qurum bu taksiləri ora-bura qovmamalıdır.. Biz istəyirik manatlıq taksilər olsun. Amma qəza baş verəndə dərhal günahkar olan qurumları axtarırıq. İnsanlar qanuna uyğun sərnişindaşıma həyata keçirsələr, daha düzgün olar. Əgər buna tələb varsa, onlar leqallaşdırılmalıdır. Bu sərnişinlər üçün də, həmin taksi sürücüləri üçün müsbət olar. O sürücülər sənədlərini alsınlar, lisenziya ilə işləsinlər”.
 
Qeyd edək ki, Bakı metrosunun "20 Yanvar" stansiyasının ətrafında fəaliyyət göstərən "manatlıq taksi"lərin yığışdırılması bu xidmətdən istifadə edən sərnişinlərin narazılığına səbəb olub.
 
Şikayətçilərin taksi ilə getdiyi ünvanlar üzrə müvafiq marşrut xətləri işləsə də, sərnişinlər saatlarla yollarda qalırlar. Buna səbəb avtobuslar arasındakı interval uzunluğu, həm də bu minik vasitələrində əlverişsiz şəraitin olmasıdır. "Manatlıq taksi"lər fəaliyyətini dayandırsa, bəs camaat evinə necə tez gedəcək? Köhnə avtobuslardır, istidə bişirik, biz də məcbur olub taksidən istifadə edirik", - deyə sakin narazılığını bildirib.
 
Ərazidə "manatlıq taksi"lərin yığışdırılmasının səbəbinə gəlincə isə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qeyd edilən ərazidə ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi zolaq ayrılıb. Mövcud qanunvericiliyin tələblərinə əsasən, həmin zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti, eləcə də dayanması və durması qadağandır.
 
Link kopyalandı!
Son xəbərlər