İranın uzun illərdir ki, ABŞ və Qərbə qarşı siyasi müstəvidə cəbhə aldığı, bu ölkələrin regiona gəlişini özünün qırmızı xətti elan etdiyi hər kəs məlumdur. Rəsmi Tehran dəfələrlə müxtəlif hərbi-siyasi yetkililərin dili ilə elan edib ki, Qərbin bölgəyə gəlişinə cavabı hərbi konsteksdə olacaq.
Bu gün Ermənistanda Qərbin hərbi təlimatçıları mövcuddur ki, onlar sadəcə məğlub ordunun yenidən formalaşmasını həyata keçirmir, həm də bölgədə region dövlətləri ilə bağlı geniş kəşfiyyat işləri aparırlar. ABŞ, Kanada, Fransa və s. Qərb ölkələrinin dövlət rəsmiləri, diplomat və hərbçiləri mütəmadi şəkildə Qərbi Zəngəzura səfərlər təşkil edərək burada bilavasitə müşahidələr həyata keçirir, müxtəlif dəstək kampaniyaları adı altında regionda möhkəmlənirlər. Kanadanın İrəvandakı səfiri Endryu Turnerin ötən ay Qərbi Zəngəzura səfəri, səfər sənasında verdiyi bəyanat buna nümunədir. Ermənistan Qərbi Zəngəzurda faktiki olaraq “mini Avropa” yaradıb ki, burada Qərbin hərbi missiyası açıq şəkildə fəaliyyət göstərməkdədir. Hansı ki, Qərbin bölgədəki hərbi mövcudluğunun ən çox İran üçün təhdid təşkil etdiyi birmənalıdır.
Lakin təəssüflər olsun ki, Qərbi bölgəyə gətirən Ermənisanın bu fəaliyyəti Tehran tərəfindən heyrətamiz susqunluqla müşahidə edilməkdədir. İran tərəfi 44 günlük Vətən müharibəsindən sonra bölgəni Qərbin xüsusi xidmət orqanlarının fəaliyyət meydanına çevirən Ermənistana bir dəfə belə olsun öz etirazını bildirməyib.Bunun əksinə olaraq, bu gün də Ermənistanın maraqlarının aşkar müdafiəçisi kimi çıxış edən Tehran, Zəngəzur dəhlizinin açılmasını önləmək üçün dəridən-qabıqdan çıxmaqdadır. Halbuki, Zəngəzur dəhlizinin nə İran, nə də digər region dövlətləri üçün heç bir təhdid təşkil etmədiyi, əksinə, sülh və firavanlıq vəd etdiyi məlumdur.
Görünən odur ki, Tehran rejiminin Azərbaycana olan nifrəti ona təhlükəsizliyi ilə bağlı mövcud reallıqları belə görməyə imkan vermir. Bu siyasi korluğun İranı hansı sürprizlərlə üz-üzə qoyacağını isə zaman göstərəcək.
Seymur ƏLİYEV