İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
Ekskluziv
16288
03 Sep 2024 | 10:20

İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL

Moderator.az əməkdaşı ilk qadın xalq şairi Mirvarid Dilbazinin Pirşağıda yerləşən bağında qonaq olub. Bağ evinə daxil olar-olmaz bizi şairin yeganə qız övladı Xatirə Dilbazi, onun həyat yoldaşı Zaur bəy və xaricdə təhsil alıb doğma ölkəsinə qayıdan, ixtisasca ekoloq olan nəvəsi Nazim qarşılayır. Xatirə xanım bizə xoşgəldin deyib, bağdakı üzümdən dərib stola qoyur:
 
“Ağ şanıdır. Bakı bağlarının bəzəyi..”
 
Bir az köks ötürəndən sonra söhbətinə davam edir.. Ara-sıra müsahibimizin gözləri də dolub-boşalır..
 
“Bu bağ evini anam öz pulu ilə alıb. Heç kim ona hədiyyə etməyib. Anam ümumiyyətlə hədiyyə almağı sevməzdi. Dəfələrlə Ulu Öndərimiz doğum günlərində zəng edib onunla danışardı, nə istədiklərini soruşardı. Anam heç nə xahiş etməzdi. Deyərdi ki, hər şeyim var, hər şey gözəldir”..
 
..(Əli ilə göstərərək) Bu maşını da o vaxt Yazıçılar Birliyindən öz pulu ilə alıb. Bir neçə adama verirdilər, anam da aldı. Bura şair bağıdır. Anam özü də sadə idi, bağ da sadədir. Yay aylarını demək olar ki, burada olurduq. Bu bağın bir vaxtları var idi ki, adam əlindən aşıb-daşırdı.. İndi sakitlikdir. Anam o səs-küyü də, o insan selini də sanki öz ölümü ilə aparıb getdi. Bağa bu gün anamsız gəlmək bizim üçün olduqca ağır və çətindir.. Hər yerdə onun qoxusunu duyub, nəfəsini hiss edirəm. Bu bağın bağ olmağında bir insanın adını çəkməyə bilmərəm. Əli müəllim həm mənim əziz dostum, qardaşım, həm də anamın mənəvi oğludur. Bu gördüyünüz ev əzəldən belə deyildi.. Əli müəllimin köməyi ilə bütün bunları sonradan düzəldib, özümüzə şərait yaratdıq. Onun da burada bir otağı var. O bizim evin sakinidir” deyə şairin qızı bildirib.
 
Mirvarid Dilbazinin qızı bildirib ki, anası daxilən zəngin bir insan idi.
 
“İnsan daxilən zəngin olmalıdır, maddi cəhətdən yox. Anam da daxilən zəngin insan idi. Heç vaxt bəzənməyə, saç düzümləri etməyə həvəsi olmayıb. Baxan deməzdi ki, şairdir. Makinasında oturub bütün günü yazırdı”...
 
Xatirə Dilbazinin anidən dodağı qaçır, üzündə bir təbəssüm yaranır. Yadına anası ilə bağlı maraqlı və gülməli əhvalatın düşdüyünü işarə edir..
 
“Bir gün Nəbi Xəzri anama bir kitab yollamışdı. Anam kitabı həmin şəxsdən aldı. Kişi dedi ki, kitab Mirvarid xanıma çatacaq, özü yoxdur? Anam ev geyimində, baxımsız halda idi. Demişdi ki, mən onun qulluqçusuyam, kitabı Mirvarid xanıma çatdıraram. Bəy nəslindən olsa da çox sadə insan idi. Mən sizə təşəkkürümü bildirmək istəyirəm ki, isti yay günlərindən birində bizim bağımızda olub, anamı yad edirsiniz” deyə şairin qızı bildirib.
 
Moderator.az bağ evindən çəkilən özəl fotoları sizlərə təqdim edir. Qeyd edək ki, şairin bağ evinin fotoları ilk dəfədir ki, mətbuatda yayımlanır. Paylaşılan zaman istinad mütləqdir.
Link kopyalandı!
Son xəbərlər