“Rövşən İsax heç bir serialda aktyora təzyiq etməyib, kiçiltməyib, əzməyib, bu sözləri deyənlərin...” - FOTO+ÖZƏL
Ekskluziv
3838
29 Aug 2024 | 13:47

“Rövşən İsax heç bir serialda aktyora təzyiq etməyib, kiçiltməyib, əzməyib, bu sözləri deyənlərin...” - FOTO+ÖZƏL

Bakı Uşaq və Gənclər Teatrının baş rejissoru, tanınmış aktrisa İlhamə Əhmədova Moderator.az-ın suallarını cavablandırıb.
 
-İlhamə xanım, sizi əsasən tamaşaçılar Rövşən İsaxın ekran əsərlərindən tanıyıblar. Sonuncu dəfə “Yuxu kimi” serialı ilə tamaşaçıların görüşünə gəldiniz... Serialın 5 mövsüm efirə getməsi sizi yormadı ki?
 
-Bəzən sənətçi müntəzəm olaraq çəkildiyi rolu, obrazı bir yerə qədər oynayır. Sonra deyir ki, yox ee, bezdirdi məni, yordu, burada dayandırmaq lazımdır. Amma “Yuxu kimi” serialındakı rolum haqda bunu deyə bilmərəm. Bu serialı da gözəl, dəyərli, istedadlı rejissor Rövşən İsax çəkirdi. O artıq bu sahədə möhürünü vurub, Azərbaycanın brend rejissorudur. Eyni zamanda ssenarini də Rövşən müəllim və Elxan Xanəlizadə yazırdılar. “Yuxu kimi” serialı 5 mövsüm efirdə yayımlandı, biz heyət olaraq yorulduq demədik. Tamaşaçılar bu serialı çox sevirdilər. Ekran əsəri həftədə 1 dəfə efirə gedirdi, onlar istəyirdilər, deyirdilər ki, kaş həftənin 5 günü sizin serialınız yayımlanardı. Çəkiliş zamanı biz dincəlirdik. Bir də görürdün ki, elə ağır məqamlar, səhnələr olurdu, amma buna baxmayaraq işimizdən zövq alırıq. Yorulmurduq. Hər dəfə ssenarini oxuyanda görürdüm ki, yeni fikir, yeni hadisə var. Təkrarçılıq yox idi. 
-Oynadığınız rola görə qınanılmısınız?
 
-Tamaşaçılar məni oynadığım rola görə heç vaxt qınamayıblar, əksinə seviblər. Çox sağ olsunlar. Firəngiz obrazı fədakar anadır. Bütün analar övladları üçün canlarını qurban verərlər. Baxmayaraq ki, mənim oğlum hansı işlə məşğuldur, neynir, mən bunları bilirəm, amma bununla belə oğlumu sevirəm, onun xoşbəxtliyini istəyirəm. Canımı istəsə belə ona qurban verməyə hazıram. Bu serialda heç vaxt yorulmamışam. Yalnız zövq almışam. Rövşən müəllim bizimlə elə gözəl işləyir ki.. Onun kimi insanları Allah qorusun və Azərbaycan mədəniyyətindən əskik etməsin. İkinci rejissorumuz Vüqar Əmirov da bizimlə mehribancasına, dostcasına çalışırdı. İnşallah qismət olsa yeni mövsümdən Rövşən İsaxın daha bir serialında çəkiləcəm. 
-Siz həm də Bakı Gənclər və Uşaq teatrının baş rejissoru, aktrisasısınız. Nədənsə siz daha çox seriallardan tanınıb, sevildiniz..
 
-Teatr məktəbdir, məbəddir. Teatr çox dərin anlayışa malik olan yerdir. Həqiqətən də teatr gözəl yerdir. Ordan yorulmaq olmur, zövq alırsan. Aktyoru, rejissoru teatr yetişdirir və filmə, seriala təhvil verir. Mənim teatrdakı işim, serialdakı işimə, yaxud da əksinə bir-birinə mane olmayıb. Rövşən İsaxın elə başa düşən bir heyəti var ki.. Onlar bilirlər ki, aktyor teatrda işləyir. Serialın prodüsseri Rizvan bəy bütün bu işlərin öhdəsindən layiqincə gəlir. O elə edir ki, bu iş o işə mane olmasın. Teatr bütün seçimlərdə, bütün hallarda mənim üçün zirvədə dayanır. Mən aktrisa kimi seriallardan, filmlərdən tanınıram. Amma məni xalqımıza sevdirən də, tanıdan da elə teatr olub. O yetişdirdi məni xalqa təqdim etdi. Təbii ki, seriallar, filmlər vasitəsilə.. Serial da, film də, teatr da, televiziya da mədəniyyətimizə xidmət edir, vəhdət təşkil edir. Yetər ki, mədəniyyətimizə vicdanla, əxlaqla, gözəl xidmət edək, yaşadaq, zirvəyə qaldıraq. Onu aşağı salmayaq. Tamaşaçılarımızda zövq aşılayaq. Mən bunu arzulayıram.
-Həqiqətən də Rövşən İsaxın bu gün çəkdiyi seriallar Azərbaycanda ən baxımlı, ən reytinqli, ən səviyyəli və sanballı ekran əsərləridir. Amma nədənsə bəzi sənətçilər, (onların sayı elə də çox deyil) müsahibələrində Rövşən İsaxdan giley edirdilər. Bilmirəm, Rövşən İsaxın iş prinsipi onları qane etmir ya da başqa bir nüanslar. Buna səbəb nədir?
 
-Mən 4-cü serialdır Rövşən İsaxla işləyirəm. “Pərvanələrin rəqsi”, “Sonuncu fəsil”, “Vicdan haqqı”, hələ ki, sonuncu isə “Yuxu kimi” oldu. Bilmirəm hansı aktyor nə deyir, necə narazılığını bildirir, mən onu deyə bilmərəm. Mən şəxsən İlhamə Əhmədova əminliklə deyə bilərəm ki, Rövşən İsaxın çəkdiyi seriallarda heç bir bir aktyora, sənətçiyə təzyiq yoxdur. O heç kimi əzməyib və kiçiltməyib. Bunu tam əminliklə deyirəm. Mən bu setdə aktyora yüksək hörmət və dəyərdən başqa heç nə görməmişəm. Şikayət edənlərin şəxsi işləridir, heç nə deyə bilmərəm. Rövşən İsax bir çoxlarını tanıdıb, sevdirib, başqa rejissorlara təqdim edib. Mən hörmət, dəyər görmüşəm. Tək onun özündən yox, elə heyətindən də. Ora gedəndə bilirlər ki, hansı yeməyi sevirəm, məxsusi həmin yemək hazırlanır. Bu tək mənə yox, bütün sənətçilərə qarşı olan münasibətdir. Çox rejissorlarla işləmişəm, filmlərində çəkilmişəm, amma Rövşən İsax kimisini görməmişəm. 
-Bu gün bəzi rejissorlar müğənniləri, modelləri gətirib seriallarda çəkirlər. Onlar da bir müddətdən sonra öz aləmlərində “sənətkar” olub böyük-böyük sənətdən danışırlar..
 
-Çox gözəl, doğru dediniz. Sənətdən, mədəniyyətdən xəbəri olmayan insanlara yox, o şəxsləri gətirib seriallarda, filmlərdə çəkənlərədir sözüm. Onların sənətdən xəbərləri yoxdur, mədəniyyətimizə necə xidmət edəcəklər? Hər zaman bunun əleyhinə olmuşam. Hər kəs öz işini bilməlidir. Mən fəhləyəmsə qoy gedim fəhlələyimi edim. Fəhlə olmaq ayıb, pis bir iş deyil. Çünki o bu işi bacarır. Hər kəs öz sahəsində çalışsa vallah heç nə pis olmaz. Amma elə rejissorlarımız var ki, gətirib həmin insanları çəkib, aktyor kimi xalqa təqdim edirlər. Həmin insanlar da sabah gəlib “məndən yoxdur” deyirlər. Halbuki onlar mədəniyyətimizə xidmət etmirlər. Müğənnisənsə get müğənniliyini et, mahnını oxu. Modelsənsə get podiuma çıx. Onları aktyorlara qarışdırmasınlar. Çox gözəl, istedadlı aktyorlarımız var. Yenə də deyirəm, Rövşən İsaxın çəkdiyi bütün aktyorlar ixtisaslı, peşəkar aktyorlardır. Və hər kəs öz yerindədir. Mən çox istərdim ki, bütün rejissorlar aktyorlarla işləsinlər. Gedib daha yoldan keçənlərə rol təklif etməsinlər.
Link kopyalandı!
Son xəbərlər