"İsrail Qəzzanın mərkəzində yerləşən məktəbdəki məsciddə səhər ibadətinə toplaşan şəxslərə qarşı vəhşicəsinə qətliam torədib..."
Misir və İordaniya İsrail Müdafiə Ordusunun Qəzzadakı məktəbə zərbəsini kəskin şəkildə pisləyib.
Moderator.az xəbər verir ki, bu barədə Misir XİN bəyanatında deyilir. Məlumatı "iz.ru" nəşri yayıb.
Bəyanatda deyilir ki, fələstinlilərin qəsdən qətlə yetirilməsi İsrail tərəfinin müharibəyə son qoymaq üçün siyasi iradəsinin olmadığının inandırıcı sübutudur.
Nazirlik vurğulayıb ki, Qəzza bölgəsində mülki əhaliyə davam edən hücumları ilə İsrail beynəlxalq humanitar hüququ misli görünməyən tərzdə görməzdən gəlir.
Misir XİN Qəzza bölgəsində Fələstin xalqının müdafiəsini təmin edən və müdafiəsiz mülki şəxslərə hücumlara son qoyan vahid beynəlxalq mövqeyin işlənib hazırlanmasını tələb edib.
Misir və İordaniyadan başqa, Yəmən husilərinin rəhbərliyi də qəzəbli bəyanatla çıxış edib. Hərəkatın rəsmi nümayəndəsi Məhəmməd Əbdül Salam bəyan edib ki, İsrail ABŞ-ın tam dəstəyi ilə Qəzzanın mərkəzində yerləşən məktəbdəki məsciddə səhər ibadətinə toplaşan şəxslərə qarşı vəhşicəsinə qətliam törədib.
Xəbər verildiyi kimi, bu gün səhər İsrail Hərbi-Hava Qüvvələri Qəzza şəhərində "Əl-Əlbin" məktəbinin ərazisinə zərbə endirib, nəticədə 100-dən artıq dinc sakin həlak olub, onların arasında qadınlar və uşaqılar da var.
"Bu qətliama görə İsrail və Amerika administrasiyası tam məsuliyyət daşıyır", - Qəzza mülki müdafiə xidmətinin bəyanatında deyilir.
"Associated Press" agentliyinin məlumatında deyilir ki, məktəbdə Qəzzanın digər hissələrindən öz evlərini tərk edən və buraya qaçıb gələn və sığınacaq tapan insanlar olub.
Şahidlərdən birinin agentliyə dediyinə görə, hücum səhər tezdən xəbərdarlıq edilmədən, insanların məktəbin daxilində olan məsciddə ibadət etdiyi zaman başlayıb, zərbə anında məktəbdə təxminən altı min adam olub.