Televiziya və radioda REKLAMA DAİR TƏLƏBLƏR – Qanun nə deyir?
1625
09 Aug 2024 | 18:27

Televiziya və radioda REKLAMA DAİR TƏLƏBLƏR Qanun nə deyir?

Məlum olduğu kimi nüfuzlu televiziya və radio proqramlarının efir vaxtında göstərilən reklamlar xüsusilə kütləvi istehlak malları bazarı üçün ən effektiv reklam formatıdır. Bunu reklamlar üçün ödənilən yüksək məbləğlərdən də aydın görmək olar. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, dünya dövlətlərinin demək olar ki, hamısında reklam qanunvericiliyinin tələblərinə riayət edilməmə halları baş verir. Hətta son dövrlərin təcrübəsi onu deməyə əsas verir ki, reklam yayımlanmaları ilə bağlı pozuntular bir çox hallarda o həddə çatır ki, insanlar televiziya və radio proqramlarını məhz reklam yayımlamalarına görə izləmək istəmirlər. Reklamların müddətlərinə və yayımlanma tezliklərinə əməl edilməməsi bəzən dözülməz həddə çata bilir.
 
Ölkəmizdə reklamın sifarişi, istehsalı (hazırlanması) və yayımlanması sahəsində müna­sibətlərin, onlara nəzarətin və tənzimləmənin, həmçinin reklam sahəsində özünütənzimləmənin hüquqi əsaslarını müəyyən edən “Reklam haqqında” 15 may 2015-ci il tarixli Azərbaycan Respublikasının Qanununu qüvvədədir. Həmin qanunun 2.0.1-ci maddəsinə görə reklam dedikdə, reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat başa düşülür.
 
Düzdür, Azərbaycan Respublikasında televiziya və radio kanallarında reklam yayımlanması zamanı çox ciddi və kobud pozuntulara rast gəlinməsə də, bəzi hallarda telekanallar reklamla bağlı müəyyən qanun pozuntularına yol verirlər. Təsadüfi deyil ki, keçmiş Milli Televiziya və Radio Şurası, hazırda isə adı çəkilən orqanın xələfi olan Azərbaycan Respublikası Audiovizual Şurası televiziya kanallarında “Reklam haqqında” qanunun tələblərinin müəyyən pozulma faktlarına rast gəlindiyini dəfələrlə aşkar etmiş və müvafiq tədbirlər görmüşdür. Əlbəttə, bu sahədə mütəmadi monitorinqlərin də aparılmasının şahidi oluruq.
 
Ümumilikdə götürdükdə, reklam “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan şərtlər hüdudunda müəlliflik hüququ və əlaqəli hüquqların obyektidir.
 
Qeyd edək ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə televiziya və radio proqramlarında yayımlanan reklam asan başa düşülən olmalı və həmin proqramların elementlərindən vizual (görüntülü) və (və ya) akustik (səsli) şəkildə fərqlənməlidir.
 
Televiziya və radio proqramı reklam yayımlanması məqsədi ilə onun başlanması barədə xəbərdarlıqdan sonra kəsilə bilər (sponsor reklamı istisna edilməklə).
 
Hətta qanunun tələbinə görə reklamın, o cümlədən onun başlanması barədə xəbərdar­lığın səsinin yüksəklik həddi yayımlanan proqramın səs yüksəkliyi həddindən artıq olmamalıdır. Səs yüksəkliyinin həddi texniki qaydalara uyğun olaraq müəyyən edilir.
 
Bir proqramın yayımı zamanı reklam sözü gedən Qanunun 20.4-cü və 20.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla göstərilə bilər. Reklam ayrı-ayrı proqramların arasına blok şəklində salınmalıdır.
 
Qanunun 20.4-cü maddəsinə əsasən müstəqil hissələrdən ibarət televiziya və radio proqramlarında, idman proqramlarında, fasilələrlə gedən tədbirlərin və tamaşaların yayımında reklam yalnız müstəqil hissələrin arasında ya da fasilələrdə verilə bilər. Ayrıca proqramlarda bir reklam blokunun sonu ilə növbəti reklam blokunun əvvəli arasındakı zaman kəsiyi 15 dəqiqədən az olmamalıdır.
 
Haqqında söhbət açdığımız qanunun 20.5-ci maddəsində isə təsbit edilmişdir ki, bədii və televiziya filmləri 45 dəqiqədən çox davam edərsə, yalnız 45 dəqiqədən sonra reklamla kəsilə bilər. Filmlər bir və ya bir neçə 45 dəqiqədən azı 20 dəqiqə çox çəkərsə daha bir reklam fasiləsinə icazə verilir.
Bəs, görəsən, hansı proqramlar yayımlanarkən reklamlar verilə bilməz?
 
Dərhal qeyd edək ki, xəbər proqramları, dini və uşaqlar üçün proqramlar, həmçinin 30 dəqiqədən az çəkən seriallar, əyləncəli proqramlar, siyasi proqramlar, sənədli filmlər reklamla kəsilə bilməz. Əgər bu proqramlar 30 dəqiqədən çox çəkərsə, sözü gedən Qanunun 20.4-cü, bir və ya bir neçə 45 dəqiqədən ən azı 20 dəqiqə çox çəkərsə isə, həmin Qanunun 20.5-ci maddələrinin tələbləri onlara da şamil edilir.
 
Reklamın ümumi həcminə gəlincə, bu, bir saatda 12 dəqiqədən çox ola bilməz.
 
Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən elan olunmuş matəm günlərində televiziya və radio proqramlarında reklam yayımlanması qadağandır.
 
Bundan başqa, Azərbaycan Respublikası Milli Məclisi sessiyalarının, rəsmi dövlət tədbirlərinin, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin çıxışları reklam materiallarının verilməsi məqsədi ilə kəsilə bilməz, habelə reklam materialları qaçan sətirlər vasitəsilə yayımlana bilməz.
“Reklam haqqında” Qanunun tələblərinə əsasən reklam dövlət əleyhinə yönələn açıq çağırışlara, dövlətə xəyanətə, terrorçuluğa, zorakılığa, təcavüzə, milli mənəvi dəyərlərə, insanların həyat və sağlamlığına, şərəf və ləyaqətinə, dini və siyasi əqidəsinə, ictimai təhlükəsizliyə, ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik etməməlidir. Reklamda Azərbaycan Respublikasının dövlət rəmzlərinin və atributlarının təhrifinə, etik normalara zidd hallara yol verilməməlidir.
 
Reklamda həmçinin əmtəənin dövlət və yerli özünüidarəetmə orqanları, dövlət mülkiyyətində yaxud asılılığında olan kommersiya və qeyri-kommersiya təşkilatları, publik hüquqi şəxslər, büdcədənkənar fondlar və ya onların vəzifəli şəxsləri tərəfindən dəstəklənməsinə yol verilmir.
 
Həmçinin narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının reklamına yol verilmir.
 
Bundan başqa, Azərbaycan Respublikasının ərazisində mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların, habelə reklam istehlakçısının mənəviyyatına, fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən, onda zərərli vərdişlər aşılayan, ictimai təhlükəsizlik, ətraf mühit üçün təhlükə potensialı olan əmtəələrin və hərəkətlərin reklamı qadağandır.
Onu da diqqətə çatdıraq ki, reklamda yalnız Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilmiş ölçü vahidlərindən istifadə olunmalı, əmtəələrin qiyməti Azərbaycan Respublikasının pul vahidi (rüsumsuz ticarət mağazaları istisna olmaqla) ilə göstərilməlidir.
 
Nəyin yayınmlanmasını reklam hesab etmək olmaz?
 
Qanunda müəyyən olunmuşdur ki, aşağıdakılar reklam sayılmır:
 
– reklam yayıcısının öz məhsullarını anons etməsi;
 
– kommunal xidməti təşkilatlarının və xeyriyyəçilərin yayımladığı elanlar.
 
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda “Haqsız reklam”, “Qeyri-dəqiq reklam”, “Gizli reklam”, “Sosial reklam”, “Sponsor reklamı” növləri və bununla bağlı münasibətlər də tənzimlənir.
 
Sözügedən qanunda “Reklamda yetkinlik yaşına çatmayanların müdafiəsi”, “Məsafədən satış üsulu ilə satılan malların reklamı”, “Əmtəə satışını stimullaşdıran tədbirlər haqqında reklam”, “Əmtəənin qiymətinin dəyişməsi haqqında reklam”, “Dövri mətbu nəşrlərdə, yazılı bildirişlərdə, çap və audiovizual məhsullarda reklam”, “Telekommunikasiya qurğuları və poçt göndərişləri ilə yayımlanan reklam”, “Teatr tamaşası, kino, konsert və digər kütləvi tədbirlər xidməti göstərilərkən yayımlanan reklam”, “Nəqliyyat vasitələrində reklam”, “Açıq məkanda reklam”, “Alkoqollu içkilərin reklamı”, “Tütün, tütün məmulatları və onlara aid ləvazimatların reklamı”, “Dərman vasitələrinin, tibb vasitələrinin, tibbi xidmətlərin reklamı”, “Bioloji aktiv qida məhsullarının, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamı”, “Silahların, hərbi texnikanın, pirotexnika vasitələrinin reklamı”, “İdman mərc oyunlarının, lotereyaların reklamı”, “Maliyyə, bank, sığorta, investisiya xidmətlərinin, qiymətli kağızların reklamı” ilə bağlı məqamlar da diqqəti çəkir.
 
İstənilən şəxs, bu qanuna müraciət edərək reklamla bağlı qanunvericiliyin tələbləri ilə daha təfərrüatlı tanış ola bilər.
 
Sonda, onu bildirək ki, bilə-bilə yalan reklam etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 198-ci maddəsinə görə cinayət məsuliyyətinə, reklam haqqında qanunvericiliyin pozulması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428-ci və digər bir sıra maddələrinə görə inzibati məsuliyyətə səbəb olur.
 
Yunis XƏLİLOV
 
Naxçıvan Dövlət Universitetinin “Hüquq fənləri” kafedrasının müəllimi, hüquqşünas
 
Medianews.az
 
Link kopyalandı!
Son xəbərlər