NATO Rusiyaya öz qoşunlarını Gürcüstandan çıxarmağa çağırış edib
Ekskluziv
1636
08 Aug 2024 | 17:38

NATO Rusiyaya öz qoşunlarını Gürcüstandan çıxarmağa çağırış edib

 
"NATO Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü tamamilə dəstəkləyir..."
 
Şimali Atlantika Alyansı (NATO) Rusiyanın Gürcüstana qarşı silahlı təcavüzünün 16-cı ildönümündə bu ölkənin ərazi bütövlüyü və suverenliyinə tam dəstək verdiyini bəyan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Alyansın mətbuat katibi Fara Dahlalla bəyan edib. Məlumatı "evrointegration.com" nəşri yayıb.
 
Bu zaman NATO təcavüzkar ölkəyə Gürcüstanın razılığı olmadan orada yerləşdirdiyi hərbi qüvvələrini çıxarmağa çağırış edib.
 
"Cənubi Osetiya və Abxaziya 16 illik Rusiya işğalında olmasına rəğmən, Gürcüstanın tərkib hissəsidir. NATO Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü tamamilə dəstəkləyir", - spiker yazıb.
 
Öz növbəsində Avropa İttifaqının baş diplomatı Jozep Borrel Rusiya-Gürcüstan müharibəsinin 16-cı ildönümü ilə bağlı bəyanatında davam edən işğalı pisləyib və münaqişənin dinc yolla həllinə çağırış edib.
 
Bu arada isə Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Gürcüstana qarşı silahlı təcavüzünün başlanmasının 16-cı ildönümü ilə bağlı bəyanatla çıxış edib. 
 
Nazirlik xatırladıb ki, Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edərək yüzlərlə günahsız insanı qətlə yetirib və əmin edib ki, Ukrayna Gürcüstanın müstəqilliyi, suverenliyi və beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir və "Kremlin qəsbkarlıq siyasətini qətiyyətlə pisləyir".
 
"Rusiya 2008-ci il tarixli atəşkəs sazişinə uyğun olaraq öz qoşunlarını Gürcüstanın suveren ərazisindən çıxarmalı və Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarının üzdəniraq " müstəqil dövlətlər" kimi tanıdığını ləğv etməlidir. 
 
Yalnız beynəlxalq birliyin birgə səylərilə Rusiyanın təcavüzkar siyasətinə mane olmaq, onu Gürcüstan və Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərini tərk etməyə vadar etmək, rusiyalı cinayətkarların törətdiyi bütün ədalətsizliyə, cinayətlərə və vəhşiliklərə görə məsuliyyətə cəlb etmək mümkündür", - bəyanatda deyilir.
 
Xatırladaq ki, 2008-ci il avqustun 7-də Rusiya öz quşunlarını Gürcüstanın ərazisinə yeridib. 
 
Müharibənin nəticələrinə görə Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərində nəzarətini itirib. 2008-ci il avqustun 26-da Rusiya həmin regionların "müstəqilliyini" tanıyıb.
 
Gürcüstanla Qərbin münasibətləri - son xəbərlər
 
İyulun sonunda ABŞ və Avropa İttifaqı üzünü Moskvaya döndərməsi səbəbindən Gürcüstana çoxmilyonlu yardımını dayandırıb. Burada Gürcüstan parlamenti tərəfindən bu ilin may ayında "xarici agentlər"haqqında qanunun qəbul edilməsi dönüş məqamı olub.
 
Bu qanun xaricdən maliyyələşən qrupların "xarici agent" kimi qeydiyyatdan keçmələrini tələb edir. Daxili müxalifət və Qərb bu qanunun Rusiyadan götürüldüyünü və yadfikirliliyin qarşının alınmasına yönəldiyini bəyan edib.
Link kopyalandı!
Son xəbərlər