6 avqust 1945 Xirosima, 6 avqust 2024..? İran, yoxsa İsrail?
Dünya
1999
06 Aug 2024 | 09:03

6 avqust 1945 Xirosima, 6 avqust 2024..? İran, yoxsa İsrail?

İran -İsrail qarşıdurması illərdir davam etməsinə baxmayaraq, bu günlərdəki kimi son həddə çatmamışdı. Qasım Süleymaninin öıdürülüməsindən və aprel ayında İsrailə yüzlərlə “nəzarətli” raketlər atmasından sonra İranda vəziyyət bu qədər gərgin səviyyədə olmamışdı. Bu gərginliyi şərtləndirən ən açar nöqtə, qeyd etdiyimiz hadislərdən fərqli olaraq bu dəfə Rusiyanın bu vəziyyətə yaxından müdaxilə etmək cəhdidir və İranın qonşusu olaraq hadisələrin bu cür inkişafı bizi narahat etməyə bilməz. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun dünən gözlənilmədən Tehrana gəlişi, ardınca Rusiyadan çoxsaylı hərbi təyyarələrin İranın paytaxtına enməsi bölgədə vəziyyətin böhran həddində olduğuna dəlalət edir. Ardınca İranın rəsmiləri ilə görüşdən sonra Şoyqunun Bakıya gəlməsi barədə gələn məlumatlar da həqiqətən bölgədə vəziyyətin gərginliyindən xəbər verir və təbii olaraq bizim narahatlığımız üçün müəyyən əsas yaradır. Bir tərəfdən Livan və İordaniyanın daxili işlər nazirləri İran rəhbərlərini sakitləşdirmək məqsədilə Tehrana səfər edir, digər tərəfdən Rusiya İrana dəstək məqsədilə addımlar atır və nəticədə İran qərarında qəti olduğunu, təmkinli davranmaq çağırışlarını rədd etdiyini bildirir.
 
İranın İsraillə sərhədləri yoxdur və hava üzərindən də ən yaxın məsafə 1.100 km-dir. Deməli, İran silahlı qüvvələrinin İsrailə birbaşa daxil olması real deyil. Amma, Livanda yerləşən Hizbullah üzvlərinə əlavə canlı qüvvə göndərməsi də istisna deyil. Ümumiyyyətlə, beş istiqamətdə-Livandan, Suriyadan, husilərdən, İranın özündən, hətta Qəzzada hələ də qalan HAMAS qüvvələri tərəfindən eyni zamanda İsrail hücuma məruz qala bilər. Digər ərəb ölkələrinin, o cümlədən Mahmud Abbasın idarə etdiyi Fələstinin İsrailə hücum etməsi isə gözlənilmir. Belə olduqda Livanın poliqona çevrilməsi tamamilə mümkündür və yəqin belə bir ehtimalın reallığını nəzərə alıb ABŞ başda olmaqla əksər ölkələr vətəndaşlarının Beyruta səfər etməməsi barədə xəbərdarlıqlar edirlər. Hizbullah nə qədər silahlansa da, üzvlərinin döyüş qabiliyyəti HAMAS-dan üstün olsa da  İsrailin müasir silahları və ordusu qarşısında tab gətirməsi mümkün deyil və ümumiyyətlə, İranın sağ əli olan Hizbullahın belə bir savaşdan sonra özünə gəlməsi uzun zaman apara bilər. 
 
Vaşinqtonda da Baydenin hərbi qərargahın səlahiyyətliləri ilə təcili “savaş otağında”toplantı keçirməsi və İsrail ətrafında yaranmış təhlükəli vəziyyəti müzakirə etməklə, hansı qərarların veriləcəyi barədə gələn məlumatlar dünya media kanallarının dəqiqəbədəqiqə izlədiyi hadisələrdir. Yəni, ABŞ İsrailin müttəfiqi kimi çəkindirici rol oynayır və İsrailin bütün düşmənləri bunu mütləq nəzərə alırlar. ABŞ-nin avia daşıyıcıları və başqa hərbi qüvvələri artıq bölgədədir. Toplantı bitəndən sonra verilən məlumatda keçən əsas xətt bundan ibarət oldu: “ İsrailə hər hansı bir təhlükə olarsa atacağımız addımlar illərlə əvvəl necə planlaşdırılıbsa elə də olacaq”. Məsələ aydındır. 
 
Bəs, İsrail real təhlükə qarşısında qalarsa 80-dən çox nüvə başlığı olan raketlərdən istifadə edə bilərmi? Xatırladaq ki, 79 il öncə, məhz bu gün -avqustun 6-da ABŞ Xirosimaya ilk atom bombasını atmışdı.Tarix məhz bu gün təkrarlana bilərmi? Ehtimal çox azdır, amma hər şey ola bilər. Mənzərə ortadadır və çox təhlükəlidir. 
 
P.S. Azərbaycanda belə bir deyim var:” qurban olaq o qana ki, üstündən bir gecə keçsin”. Yəni, ən qanlı hadisənin də üstündən bir gecəlik zaman keçəndə hirs, qəzəb azalır, daha soyuq başla düçünmək olur. İsmayıl Haniyənin ölümündən bir həftə keçib.., soyuq başla düşünməyə dəyər. 
 
Moderator.az
Link kopyalandı!
Son xəbərlər