Bir soydaşımızın da iştirakıyla Basarkeçərin azərbaycanlı rəhbərinə  sui-qəsd planı...  
Ekskluziv
2393
03 Aug 2024 | 19:02

Bir soydaşımızın da iştirakıyla Basarkeçərin azərbaycanlı rəhbərinə  sui-qəsd planı...  

“Xoren Qriqoryanın tapşırığına əsasən mənə qarşı terror aktını Qaregin, Ardaş, Hamayak, Xloyan və adını çəkmək istəmədiyim bir nəfər azərbaycanlı ilə birlikdə təşkil edib Ali Sovetin sessiyası gedən günlərdə həyata keçirməli imişlər...”

 

Bu gün bir sıra orta yaşlı və yaşlı nəsil nümayəndələri  SSRİ imperiyasının boyunduruğu altında yaşadığımız dövrü tərifləyir, hətta bəzi telekanallar və nəşrlər insanlarımızda o dövr üçün nostalji, həsrət hissləri yaşatmağa çalışılan verilişlər nümayiş etdirir, materillar dərc edir. Təəssüf ki, belə hisslərə qapılan müstəqil(!) Azərbaycan vətəndaşlarının çoxu həmin sovet dönəmində xalqımızın başına gətirilmiş faciələri ya xatırlamır, ya da bilərəkdən gözardı edirlər...
 
Məsələn, hələ də çoxları bilmir ki, sovet dövründə bir müddət Azərbaycanın rəhbəri, eləcə də daxili işlər naziri və s. aparıcı vəzifələrdə daşnak xislətli ermənilər olub və onlar xalqımızın, onun ziyalılarının başına hansı oyunları açıblar, onları necə şərlədib, həbs etditrib güllələdiblər...
 
Sovet dövründə Ermənistanda müxtəlif vəzifələrdə çalışmış, görkəmli ictimai-siyasi xadim Talıb Musayevin 2008-ci ildə nəşr edilmiş  “Ermənilər və faciələrimiz” kitabının “Azərbaycan Daxili İşlər Nazirliyində çalışan maskalanmış erməni generalları Azərbaycanda yüksək vəzifəli rəhbər işçiləri, məşhur ziyalıları məhv edir, öz qanlı əməllərini Ermənistanda davam etdirirdilər” başlıqlı bölməsində məhz bu mövzudan bəhs edir. Gələcəyimizi Rusiyada görən, qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birgə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və onun əvəzində ölkəmizi işğal edən bolşevik-kommunistlərin şura hökumətinin qurulması üçün əlindən gələni edən  məşhur Azərbaycan qadın inqilabçısı Ayna Sultanovanın acı sonluğu da bölmənin başlıca və ibrətamiz epizodlarındandır...

Beləliklə, aktuallığını nəzərə alaraq sözügedən materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:

(Əvvəli  burada:)

 
Bu Xoren ermənilərin ən bişmiş fırıldaqçılarından biri idi. O, bir azdan başladı mənimlə  “dost” olmağa. Bir gün mənə dedi: “Musayev, görürəm, sən Qarabağda olmamısan. Qarabağ çox yaxşı yerdir. Bir gün gəlim sənin yanında rayon daxili işlər şöbəsində işləyən bizim qohum Qaregin Qriqoryanı da götürək gedək Qarabağa” ...
 
Ona qədər Qareginin onun qohumu olduğunu bilmirdim.  Qarabağa getməyə söz verdim. Ancaq bir sıra səbəblərə görə getmədim. “Macal yoxdu”, -deyə boyun qaçırdım...
 
Mənim rəhbəri olduğum rayonla həmsərhəd ərazidə yerləşən Sarıyer, Qaraarxac, Çobanbulaq yaylaqlarında Azərbaycanın 12-13 rayonunun bir milyon artıq mal heyvanı yaylayırdı. Bunu  da Xoren çox yaxşı bilirdi.  Mənə dedi: “Gəlim, gedək o yaylaqlara. Orada mənim tanış-dostum çoxdu. Səni də onlarla tanış edərəm”...
 
Xorenin çox xain olmasını və mənim haqqımda bu və ya başqa yollarla yalan-gerçək materiallar toplayıb MK-ya təqdim etməklə özünə bəraət qazandırmaq siyasəti apardığını çox yaxşı başa düşürdüm. Odur ki, cürbəücür bəhanələrlə Azərbaycan yaylaqlarına birlikdə getməkdən də yaxamı qırağa çəkdim...
 
Xorenin deməsindən sonra bildim ki,  DİN rayon şöbəsinin müvəkkili onun qohumudur, rayonda onun sədaqətli casusu və icraçısıdır.  Onu işdən azad etmək üçün məsələ qaldıraraq razılaşdırıb azad etdim. Bu, bizim Xorenlə münasibətlərimizi daha da kəskinləşdirdi. Uzun illər Azərbaycan daxili işlər orqanlarında işləyib xalqımızın qaymağı olan yüzlərlə oğullarımızı məhv edən Xoren indi Ermənistanda işə başladıqdan az sonra burada yaşayan bir azərbaycanlıya görə cəza alsın? Öz işində işləməkdə olan Qaregin Qriqoryan formaca  başqa günaha, məzmunca ona görə işdən azad edilsin? Xoren bunlara dözə bilmir, məni vurmaq üçün bəhanə axtarırdı. O, xeyli müddət Basarkeçərdə işləyən Qaregin Qriqoryanı işə salmışdı ki, Musayevə terror etmək lazımdır. Qaregin Basarkeçərin Böyük Məzrə kəndində uzun müddət kolxoz sədri işləmiş və kolxozu talamışdı. Mən də həmin kolxozda işləyən Xloyan Ardaşı işdən çıxarıb işini məhkəməyə vermişdim...
Xülasə, daxili işlər naziri Xoren Qriqoryanın tapşırığına əsasən mənə qarşı terror aktını Qaregin, Ardaş, Hamayak, Xloyan və adını çəkmək istəmədiyim bir nəfər azərbaycanlı ilə birlikdə təşkil edib Ali Sovetin sessiyası gedən günlərdə həyata keçirməli imişlər. Elə də oldu...  
 
Sessiya gedən vaxtı İrəvandakı “Sevan” mehmanxanasında yerləşdim. Gəldiyimin ikinci günü adları qeyd olunan şəxslərin mehmanxana yaxınlığında bir yerdə danışmalarını gördüm. Onlar gəlib mənimlə görüşüb bir-birinin üzünə baxdılar. Əlbəttə, mən şübhələndim.  Ancaq onların mənimlə görüşdüyünü  məni tanıyan üç nəfər də gördü və onlar da gəlib mənimlə görüşdülər... 
 
Mən gedəndən sonra terrorçuluq edəcək 3 dığa da gəlir, Qareginlə söhbət edirlər. Məni görən üç nəfəri onlar da görür. Burada o 3 dığaya mənim boy-buxunumu tərif edib, qaldığım ünvanı göstərib və vəsait verərək gecə saat 1-2 radələrində məni vurmağı tapşırıbmışlar...
 
Axşam saat 4-5 radələri idi. Mən Ali Sovetdən qayıdan kimi çoxdan tanıdığım Arşavir Xloyan yanıma gəlib dedi:
“Yoldaş, Musayev, biz səninlə birlikdə 1938-1939-cu illərdə raykomda işləmişik. Sənə məsləhət görürəm ki, elə bu saat bu mehmanxanadan çıxıb başqa mehmanxanaya gedəsən... Özünü gözlə, bu gecə səni xata gözləyir. Allah eləməsin, bir şey olar. Mənim qardaşlarımın əskisi tüstülüdür. Sonra xataya düşərik. Mən səninlə çörək kəsmişəm. Özünü gözlə...”
 
Onun məsləhətini dinləyib “Sevan”dan “İnturist”ə getdim. Orada yerləşdiyim nömrədən Ermənistanın dövlət təhlükəsizlik naziri Qorxmazyana zəng edib ona məni gözləyən təhlükəni təxmini izah edərək dedim: “Ehtiyac varsa, gəlim ətraflı izah edim”. 
 
“Aydındır, tədbir görərəm”, -deyə erməni nazir cavab verdi. 
 
Bundan sonra Qorxmazyan mənə demədən iki nəfəri mülki paltarda nəzarət üçün “İnturist”in komendanturasının kassasının yanına göndərir. Gecə saat 12 radələrində həmin 3 nəfər cavan dığa mehmanxananın komendaturasına gəlib soruşurlar: “Basarkeçərin 1-ci katibi yoldaş Musayev hansı mərtəbədə, hansı nömrədədir? Biz rayondan gəlmişik, onu görməliyik”. DTK əməkdaşları anlayırlar ki, bunlardır, elə oradaca onları yaxalayıb ayrı otağa aparır, üzərlərindən iki tapança, üç iri bıçaq götürürlər...
 
Gecə saat ikidə Qorxmazyan zəng edib dedi: “Zəng vurmadan adam göndərmədim ki, şübhələnib narahat olarsan. İki nəfər əməkdaş göndərirəm, gəl nazirliyə”.
 
Getdim... O üç dığanı gətirdilər. Məni göstərib soruşdurlar ki, bu adamı tanıyırsınızmı. Boyunlarına aldılar ki, bəli, biz bu adamı axtarırdıq. Bununla da onları həbs etdilər. Danışıq prosesində mən elə hiss etdim ki, o üçlərdən biri DTK idarəsinin agenti idi. Əlbəttə, məndən izahat almadılar. Sadəcə söhbət etdik.  Qorxmazyan mənə bir tapança da verdi ki, həmişə özündə saxla...
 
Sonra eşitdim ki, o erməni cavanların ikisindən hər birinə 3 il iş veriblər. Qaregini isə gizli silah saxladığına görə işdən azad ediblər. Adını çəkmədiyim azərbaycanlıya da 4 il iş veriblər...  
 
Xloyan qardaşlarına iş vermədilər. Ona görə ki, olduğu kimi, danışdım ki, əgər Arşavir Xloyan olmasaydı, mənə qarşı sui-qəsd baş tutacaqdı.  Məsələ haqda MK-ya məlumat verdilər. MK bu hadisədən sonra mənim təhlükəsizliyimi təmin etmək üçün yanımda iki nəfər silahlı cangüdən saxlamağa icazə verdilər.  Mən raykomun işçilərindən Mirzə Şabanovu və  Qara Məmmədovu silahlandırıb kəndlərə və təhlükəli yerlərə gedəndə özümlə aparırdım. Elə bu və bu kimi tədbirlərdən sonra heç bir hadisə baş vermədi...”
 
(Davamı var)
 
Xüsusi qeyd: 
 
Araşdırmamızdan bəlli oldu ki, hörmətli Talıb Musayevin yəqin ki, yaşlı çağında, bir az yaddaş zəifliyi ucbatından Azərbaycan SSR daxili işlər naziri kimi təqdim etdiyi Xoren Qriqoryan Ayna Sultanovanın həbs edilərək güllələndiyi 1937-1938-ci illərdə Azərbaycan SSR Daxili İşlər Komissarlığının Dövlət Təhlükəsizliyi (DİK DTİ) İdarəsinin Məxfi Siyasi Şöbəsinin rəisi və DİK DTİ –nin 11-ci bölməsinin rəisi işləyib. Və yalnız 1943-1947-ci illərdə DİK xalq komissarının müavini olub...
 
Təqdim etdi: 
 
Sultan Laçın                          
 
Link kopyalandı!
Son xəbərlər