Məlum olduğu kimi, iyulun 10-da Bakı şəhərində “Qarabağ gecəsi” adlı növbəti xeyriyyə konserti keçiriləcək. Konsertdən əldə ediləcək vəsait işğaldan azad edilmiş ərazilərdə mədəniyyət obyektlərinin yenidən qurulmasına yönəldiləcək.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Xalq artisti Nurəddin Mehdixanlı, Qarabağın inkişafına xidmət edən bu cür addımları yüksək qiymətləndirib, vətəndaşları belə aksiyalarda fəal iştirak etməyə səsləyib:
“Hər şeydən öncə qeyd edim ki, Qarabağımızın inkişafına, tərəqqisinə, abadlaşmasına xidmət edən bu cür addımları təqdir edir, alqışlayıram. Düşünürəm ki, belə addımlar gələcəkdə də davam etdirilməlidir.
Qarabağın abadlığı, onun yenidən dirçəlişi hər bir azərbaycanlının qarşısında duran başlıca vəzifələrdən biridir. Dövlətimiz, onun Prezidenti bu istiqamətdə bütün gərəkli addımları atır. Biz də öz növbəmizdə dövlətimizə dəstək verməli, bu prosesdə yaxından iştirak etməliyik. Hər kəs imkanı daxilində Qarabağın dirçəlişinə öz töhfəsini verməli, bu müqəddəs missiyada pays ahibi olmalıdır.
Mən bütün vətəndaşları Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək verməyə, onun hər bir çağırışına həssaslıqla yanaşmağa səsləyirəm. Bu dəstək Qarabağımızın qısa zamanda abadlaşması, yalnız respublikamızın deyil, bütün regionun mədəni-iqtisadi mərkəzinə çevrilməsi baxımından olduqca vacibdir”.
Xatırladaq ki, konsert Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, “Azərlotereya” ASC-nin və “Reform Group” MMC-nin tərəfdaşlığı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilati dəstəyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə reallaşacaq.
Seymur ƏLİYEV