“Rusiyanın təhdidindən çəkinərək Ukraynada və dünyada sülhü dəstəkləməkdən qorxan dövlətlər bir Ermənistan qədər də olmadı. Həmin ölkələrin bu biabırçılığı dərk edən, anlayan vətəndaşları, sözsüz ki, buna görə xəcalət çəkirlər...”
“Təəssüf ki, öz xarici siyasətini Türkiyə ilə uzlaşdırmaq haqqında parlamentlərdə qarşılıqlı şəkildə ratifikasiya olunmuş bəyannamələr, sazişlər imzalamış türk dövlətləri nəinki həmin sənədə imza atdı, heç, ümumiyyətlə, Sülh sammitinə qatılmadı... Bu, çox təəccüblüdür...”
“İsveçrədə keçirilmiş Ukraynaya dair Sülh sammiti çox əhəmiyyətli, önəmli bir beynəlxalq tədbir idi. Və burada söhbət yalnız Ukraynadan getmirdi. Biz gördük ki, 100-dən yuxarı dövlət və beynəlxalq təşkilatın nümayəndələri yekun kommünikeyə imza ataraq bir daha göstərdilər ki, onlar Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər, Ukraynanın Rusiya ilə sərhədlərinin əvvəlki hüdudlarda bərpasını tələb edirlər, Rusiyanın bütün iddialarını rədd edirlər. Və bu yalnız Ukrayna üçün deyil, ümumiyyətlə, beynəlxalq hüquqda öz əksini tapmış ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiq olmağın ifadəsi idi. Bu mənada həmin sammit son dərəcə vacib bir beynəlxalq tədbir idi”.
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri Moderator.az-a açıqlamasında “İsveçrədə Ukraynadakı savaşla bağlı keçirilmiş, Rusiyanın dəvət almadığı və Azərbaycanın qatılmadığı Sülh sammitinin nəticələrini necə dəyərləndirirsiz?” sualını cavablandırarkən söyləyib.
“Bu Sülh sammiti eyni zamanda Ukraynaya siyasi dəstəyin ifadəsi idi: ərazi bütövlüyü, onun təhlükəsizliyi... Bu gün Rusiya tərəfindən təhdid altında olan Ukraynaya, eləcə də Ukraynanın simasında gələcəkdə digər ölkələrlə bağlı baş verə biləcək hadisələrə münasibətin təzahürü idi. Əvvəla, onu qeyd etməliyəm ki, Rusiya özünün xarici işlər nazirinin müavini Mixail Qaluzinin dili ilə bu Sülh sammiti ərəfəsində bir açıqlama yaydı. Açıqlamada deyilirdi ki, guya Ukrayna və Qərb MDB dövlətlərinə sammitə qatılmaq üçün yalvarıb, amma bizdə olan məlumata görə, onlar tədbirə qatılmayacaqlarını bildiriblər. Moskva bununla faktiki MDB ölkələrini təhdid elədi. Və biz gördük ki, həmin təhdid Moldova üçün, Ermənistan üçün, Gürcüstan üçün işləmədi, amma çox təəssüf ki... Və Ukraynanın daim ərazi bütövlüyünü tanıdığı, daxillərindəki separatçılığa, işğala qarşı mübarizəsinə dəstək verdiyi ölkələrin İsveçrədəki Sülh sammitinə qatılmaması biabırçılıqdır. Belə bir ölkənin Ukraynaya dair o cür tədbirə- Sülh sammtinə qatılmaması ilə bağlı hansısa bir yaxşı fikir söyləmək, bu addıma bəraət qazandıracaq arqument gətirmək həm məntiqlə, həm də mənəvi, siyasi baxımdan qeyri-mümkündür. Rusiyanın təhdidindən çəkinərək Ukraynada və dünyada sülhü dəstəkləməkdən qorxan dövlətlər bir Ermənistan qədər də olmadı. Həmin ölkələrin bu biabırçılığı dərk edən, anlayan vətəndaşları, sözsüz ki, buna görə xəcalət çəkirlər...
Biz gördük ki, yekun kommünikeyə imza atmayan Hindistan, Braziliya, Cənubi Afrika kimi, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi Rusiya ilə sıx siyasi və ticari əlaqələri olan ölkələr oldu. Eyni zamanda Rusiya ilə sıx siyasi və ticari əlaqələri olan Türkiyə kimi dövlət də yekun kommünikeyə imza atdı. Amma təəssüf ki, öz xarici siyasətini Türkiyə ilə uzlaşdırmaq haqqında parlamentlərdə qarşılıqlı olaraq ratifikasiya olunmuş bəyannamələr, sazişlər imzalamış türk dövlətləri nəinki həmin sənədə imza atdı, heç, ümumiyyətlə, Sülh sammitinə qatılmadı... Bu, çox təəccüblüdür. Və bu həmin türk ölkələrinin sakinlərində də sual doğurmalıdır ki, onların dövlətləri kimin yanındadır: Türkiyənin, yoxsa Rusiyanın?..”, - deyə davamında analitik diqqətə çatdırıb.
“Qaldı Sülh sammitinin əhəmiyyətinə. Bilirsiz ki, orada 80 ölkə Ukraynaya dəstək verdi. Bu, çox ciddi bir mesajdır. Bu, onun mesajıdır ki, həmin ölkələr tərəfindən Ukraynaya maddi, texniki, hərbi və siyasi dəstək də veriləcək. Siyasi dəstək zatən verildi. Bu həm də ona mesajdır ki, bundan sonra da hər hansı bir ölkə, onun ərazi bütövlüyü təhdidlərə məzruz qalarsa, dünya belə mövqe tutacaq. Hər halda dünyanın böyük əksəriyyəti... Təbii ki, söhbət Səudiyyə Ərəbistanı, BƏƏ kimi oyuncaq dövlətlərdən getmir. Söhbət ciddi dövlətlərdən gedir. Və ciddi dövlətlər də bu mənada birmənalı mövqe ortaya qoydular. Və orada Rusiyanın irəli sürdüyü tələblər birmənalı şəkildə rədd olundu. Bilirsiz ki, tədbirə bir gün qalmış Putin Xarici İşlər Nazirliyində çıxış etdi və öz “sülh” şərtlərini irəli sürdü. İşğalçı olması azmış kimi, o hələ bir sıra tələblər də irəli sürür. Sən demə, Ukrayna hətta özünün nəzarətində olan ərazilərdən də çıxıb onları Rusiyaya təhvil verməli imiş...
Xülasə, hesab edirəm ki, İsveçrədəki Sülh sammiti uğurlu tədbir oldu və bunun davamı olacaq. Bu, Ukraynaya göstərilən dəstəyin ifadəsi və başqa dövlətlərin ərazi bütövlüyünə qəsd edən qəsbkarların ünvanına kifayət qədər açıq mesajlar idi”.
“Sizcə, belə bir ciddi beynəlxalq tədbirdən sonra Rusiya-Ukrayna cəbhəsində hansı dəyişikliklər baş verə bilər?” sualına isə Ərəstun Oruclu belə cavab verib:
“Qaldı sammitin Rusiya-Ukrayna savaşına təsirinə və cəbhədə bundan sonra hansı dəyişikliklərin baş verəcəyinə, artıq o dəyişiklər baş verməkdədir. Artıq vəziyyət o yerə gəlib çatıb ki, Ukrayna ordusu Rusiya ərazisinə, onun hərbi və enerji infrastrukturuna sarsıdıcı zərbələr endirir. Və mən düşünürəm ki, bu, davam edəcək, hətta bunun miqyası da böyüyəcək. Ukraynanın yaxın aylarda yeni aviasiya əldə edəcəyi gözlənilir. Bundan sonra Rusiyanın vəziyyəti bir dəqər də çətinləşəcəkdir və nəhayət, bu, Rusiyanın daxilində çox ciddi təlatümlərə gətirib çıxaracaq. Mən demirəm ki, yaxın müddətdə Ukrayna hansısa ciddi uğurlar qazanacaq. Lakin eyni zamanda Rusiya da heç bir uğur qazana bilməyəcək. Rusiya öz ərazisini qoruya bilməyəcək. Özünün hərbi, enerji infrastrukturunu qoruya bilməyəcək və bu, ölkə daxilində sabitliyin pozulmasına təkan verəcək. Bax, əsas gözlənti bundan ibarətdir. Yəni ümid edək və inanaq ki, tezliklə təcavüzkar layiqli cəzasını alacaqdır. Və istisna etmirəm ki, Rusiyanın özündə də itkilərin ağır olacağını başa düşürlər. Elə olmasaydı, Moskvanın hava hücumundan müdafiə sisteminə daxil olan “S-500” zenit raket komplekslərini çıxarıb Krıma aparmazdılar. Deməli, vəziyyət doğrudan da dramatikdir və artıq Rusiyada da bunu anlayırlar”.
Sultan Laçın