Quranda “Əksliklərin vəhdəti və mübarizəsi qanunu” ilə bağlı düşünən insanlar üçün işarələr (eyhamlar) - Görəsən Hegelin xəbəri olubmu?
Ekskluziv
2557
16 Jun 2024 | 10:47

Quranda “Əksliklərin vəhdəti və mübarizəsi qanunu” ilə bağlı düşünən insanlar üçün işarələr (eyhamlar) - Görəsən Hegelin xəbəri olubmu?

Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Rusiya Beynəlxalq  Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) professor və akademiki, çoxsaylı elmi kəşfləri ilə ixtisası üzrə dünyada rekord göstəricilərlə uğur qazanan Rahim Abas oğlu Daşdiyevin son 12 il müddətində Quran ayələrinin mindən çox ad altında sistemləşdirilməsi nəticəsində işləyib hazırladığı “Quranda əksliklərin vəhdəti və mübarizəsi qanunu ilə bağlı düşünən insanlar üçün işarələr (eyhamlar)... görəsən Hegelin xəbəri olubmu?” adlı aktual yazısını Moderator.az oxucularına təqdim edirik. 
 
                                                                        Rahim Daşdiyev
 
Quran ayələrində dialektikanın məşhur “Əksliklərin vəhdəti və  mübarizəsi qanunu” ilə bağlı işarələr (eyhamlar) və düşünən insanlar mövqeyindən bəzi müəllif nəticələri (3.61, 3.160; 4.173; 66.10, 66.11; 19.41-50; 6.74; 111.1-5):
 
3.61. (İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!"
 
3.160. Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər!
 
4.173. (Allah) iman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını büsbütün verəcək, üstəlik Öz ne’mətindən onlar üçün (bir qədər) artıracaqdır. (Allaha ibadət etməyi) özlərinə sığışdırmayanları və təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir! Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar!
 
66.10.  Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: "(Başqa) girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!" - deyildi. Düşünən insanlar mövqeyindən müəllif nəticələri:  Nuh peyğəmbərin və Lut peyğəmbərin hər birinin övrətləri ilə yaşamış olduğu ər-arvad həyatı “Əksliklərin vəhdəti və  mübarizəsi qanunu”nun parlaq nümunələridir.
 
66.11. Allah iman gətirənlərə isə Fir’onun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: "Ey Rəbbim! Mənim üçün Öz dərgahında - Cənnətdə bir ev tik. Məni Fir’ondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!" - demişdi. Düşünən insanlar mövqeyindən müəllif nəticələri:  Fironun arvadı Asiya ilə həyatı “Əksliklərin vəhdəti və  mübarizəsi qanunu”nun bariz nümunələrindən biridir.
 
19.41. (Ya Rəsulum!) Kitabda (Qur’anda) İbrahimi də yad et (onun hekayətini də ümmətinə söylə). Həqiqətən, o, büsbütün doğru danışan kimsə (siddiq) - bir peyğəmbər idi.
 
19.42. O, bir zaman atasına belə demişdi: "Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? 
19.43. Atacan! Həqiqətən, sənə gəlməyən bir elm (peyğəmbərlik) mənə gəlmişdir (sənə müyəssər olmayan bir şey mənə müyəssər olmuşdur). Ardımca gəl ki, səni (Allahın buyurduğu) doğru bir yola çıxardım! 
 
19.44. Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana (Allaha) çox asi olmuşdur! 
 
19.45. Atacan! Qorxuram ki, (tövbə etməsən) Rəhmandan sənə bir əzab toxunsun və beləcə (Cəhənnəmdə) Şeytana yoldaş olasan!" 
 
19.46. (Atası Azər İbrahimə) dedi: "Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər (onlara qarşı pis hərəkətlərinə) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm (yaxud səni təhqir edib acı sözlər deyəcəyəm). Bir müddət məndən uzaq ol (gözlərim səni görməsin)!" 
 
19.47. (İbrahim) belə cavab verdi: "Sənə salam olsun! (Allah özü sənə rəhm etsin. Məndən sənə heç bir pislik gəlməz!) Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır (çox lütfükardır, duamı qəbul edər). 
 
19.48. Mən sizi və sizin Allahdan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua (ibadət) edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt (Onun mərhəmətindən naümid, məhrum) olmayım. (Mənim Allaha etdiyim ibadət, sizin bütlərə, tanrılara etdiyiniz ibadət kimi puça çıxmasın!)" 
 
19.49. (İbrahim müşrikləri) və onların Allahdan başqa tapındıqları bütləri tərk edib (Şama) getdiyi zaman Biz ona (oğlu) İshaqla (nəvəsi) Yə’qubu bəxş etdik və onların hər ikisini peyğəmbər etdik. 
 
19.50. (Onların üçünü də) öz mərhəmətimizdən (ruzimizdən) ehsan buyurub tə’riflərini dillər əzbəri etdik. (Bütün din sahiblərinin, mö’minlərin yanında onların ehtiramını və mərtəbəsini ucaltdıq). 
 
6.74.(Ya Rəsulum) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!" Düşünən insanlar mövqeyindən müəllif nəticələri:  Həzrət İbrahimin bütpərəst atası Azər ilə Quranda təsvir edilən həyatı “Əksliklərin vəhdəti və  mübarizəsi qanunu”nun bariz nümunələrindən biridir. 
 
111.1. Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (Və ya: Əbu Ləhəbin əlləri qurusun, o ölsün!) 
 
111.2. (Qiyamət günü) ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı (və ya: oğul-uşağı). 
 
111.3. O, alovlu atəşə girəcəkdir. 
 
111.4. Onun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) övrəti də həmçinin! 
 
111.5. Onun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya: yetmiş arşın uzunluğunda zəncir) olacaqdır! Düşünən insanlar mövqeyindən müəllif nəticələri:  Muhəmməd peyğəmbərin əmisi Əbu Ləhəb və əmisinin həyat yoldaşı ilə bir yerdə yaşaması “Əksliklərin vəhdəti və  mübarizəsi qanunu”nun ən parlaq nümunələrindən biridir. 
 
“Əksliklərin vəhdəti və  mübarizəsi qanunu”nun müəllifi hesab edilən Alman alimi Hegelin yuxarida qeyd edilən quran ayələrindən nə dərəcədə xəbəri olub və bu ayələrdən necə bəhrələnməsi ilə bağlı azərbaycan və ingilis dillərində internetə müraciətlər səmərəsiz oldu. Amma məndə yaranan sual məni rahat buraxmır. Görəsən Hegelin xəbəri olubmu? Doğrusunu əlbəttə Allah bilir. İstənilən halda “Əksliklərin vəhdəti və  mübarizəsi qanunu” Hegeldən təxminən 1200 il öncə tükənməz elm mənbəyi olan Quranda düşünən insanlar üçün xüsusi işarə və eyhamlarla  təsvir edilmişdir. Allahın düşünən bəndəsi isə müvafiq Quran ayələrinə istinadlarla bu qanunu aşkar edə bilər (kəşf edə bilər). Əlbətdə bu özü də elm üçün mühüm bir tapıntı kimi dəyərləndirilməlidir. Bütövlükdə hər bir elmi kəşf, yeni texnologiyalar və yeni bilgilərin Allahın insanlara neməti olması aksiom kimi qəbul edilməlidir. Növbəti məlumatda Quranda düşünən insanlar üçün “İnkarı inkar qanunu”na işarələrdən (eyhamlardan) bəhs ediləcək.
 
Link kopyalandı!
Son xəbərlər