“Bu, Bakının Rusiyanın bir hissəsinə çevrilməsi demək idi...”- Tariximizə fərqli baxış...
Elm və Təhsil
Oxunub: 3638
03 Jun 2024 | 19:04
“Bu, Bakının Rusiyanın bir hissəsinə çevrilməsi demək idi...”- Tariximizə fərqli baxış...
“Çar Rusiyası əsarəti altına aldığı türklərin ruslara bağlılığına həmişə şübhə ilə yanaşır, ona görə də onların mədəni, elmi, iqtisadi, o cümlədən hərbi sahədə irəliləmələrinə qəsdən əngəl oldu. Orduda xidmətə yalnız ali müsəlman silkinə məxsus olanlar cəlb edilirdi...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada:)
 
Azərbaycanlılar I Dünya müharibəsi illərində...- XXXVIII mövzu
 
Azərbaycan I Dünya müharibəsi dövründə (1914-1918-ci illər).
 
Dünyanın yenidən bölüşdürülməsi uğrunda başlanan I Dünya müharibəsinə 38 ölkə cəlb edilmişdi. Müharibədə iştirak edən Almaniya, İngiltərə, Fransa, Avstriya-Macarıstan, Rusiya kimi imperialist dövlətlərin hər birinin bu müharibədə özünəməxsus iqtisadi-siyasi maraqları olsa da, dünyanın yenidən bölüşdürülməsinə daha çox can atan Almaniya oldu. I Dünya müharibəsi 1914-cü il avqustun 1-də Antanta və “Üçlər ittifaqı”nın  bir-birinə müharibə elan etməsi ilə başladı. Antantaya İngiltərə, Fransa, Rusiya, ABŞ və digərləri, “Üçlər ittifaqı”na Almaniya, Avstriya- Macarıstan, İtaliya, Türkiyə və digərləri daxil idi [26].
XX əsrin əvvəllərində imperialist dövlətlərin dünyanı iqtisadi və siyasi təsir dairəsinə bölüşdürməsindən narazı qalan və daha çox ərazi ələ keçirməyə çalışan Almaniya Yaxın Şərqdə ingilis mövqelərinə zərbə vurmaq, Rusiyadan Qafqazı qoparıb almaq fikrində idi. Almaniyanın müharibə planlarında Azərbaycan mühüm yer tutur və onun Qafqaz siyasətinin mərkəzində Bakı nefti dayanırdı [25]. Osmanlı Türkiyəsi ilə Azərbaycan arasında tarixi, mədəni və dini əlaqələr mövcud idi. Bu müharibədə Türkiyənin əsas məqsədlərindən biri Azərbaycanı və bütövlükdə Cənubi Qafqazı Rusiyanın işğalından xilas etmək idi.
 
Müharibə illərində Azərbaycanın bir çox müəssisələri dövlət tərəfindən verilən hərbi sifarişləri yerinə yetirirdi. Məsələn, 1915-ci ilin əvvəllərindən Bakı hərbi-sənaye komitəsinin çuqun mərmilər, fuqas qumbaraları və mina hazırlayan zavodu, “Nobel qardaşları” şirkətinin benzin istehsalı zavodu , habelə Z.Tağıyevin bez və parusin istehsal edən səhmdar cəmiyyəti ilk növbədə cəbhəni zəruri mallarla təmin edən müəssisələr sırasına daxil edildi [20, s.38-41]. Müharibə illərində kənd təsərrüfatında gerilik müşahidə olunurdu. İstər əkinçilik, istərsə də maldarlıq xeyli ixtisara düşdü, pambıq sahələri əsaslı surətdə azaldı, bağçılıq və üzümçülük tənəzzülə uğradı. Müharibə dövründə Azərbaycan kəndinin xeyli dərəcədə işçi qüvvəsindən, qoşqu heyvanlarından, əmək alətlərindən, toxumdan, ərzaqdan məhrum edilməsi, Rusiya və xarici bazarlarla əlaqələrinin kəsilməsi Azərbaycan kəndində ciddi təsərrüfat böhranına səbəb oldu. Taxıl əkinləri təkcə 1 il ərzində (1914-1915) 42% azaldı. Heyvandarlıq da ağır vəziyyətə düşdü. Mal-qaranın sayı orta hesabla 15-20% azaldı [4, s.320-321]. Ərzaq məhsullarının qiyməti də sürətlə bahalaşmaqda idi. 1914-cü illə müqayisədə 1916-cı ildə çörəyin qiyməti 226%, 1917-ci ildə isə 300% artdi. 1916-cı ildə taxılın qiyməti müharibə ərəfəsindəki dövrlə müqayisədə 7-8 dəfə bahalaşdı [2, s.186].
 I Dünya müharibəsi illərində Avropada yaradılmış əsas cəbhələrlə bərabər Qafqaz cəbhəsi də açıldı. Qafqaz cəbhəsi Batumdan Cənubi Azərbaycandakı Urmiya gölünədək uzanırdı. Türkiyə Qafqaz cəbhəsinə böyük əhəmiyyət verirdi. Türk qoşunlarının Qafqaz cəbhəsindəki əməliyyatlarına hərbi nazir Ənvər paşa (1881-1922) rəhbərlik edirdi. Onun əsas idealı turançılıqla bərabər dünya müsəlmanlarının birliyi, onların arasındakı əlaqələrin möhkəmləndirilməsi idi [27, s.145]. (Ənvər paşa I Dünya müharibəsi illərində Türkiyənin hərbi naziri oldu. O, “Gənc türklər” deyilən ictimai-siyasi hərəkatın liderlərindən idi, 1913-cü ildə Tələt paşa və Camal paşa ilə birlikdə hakimiyyətə gəldilər, bu üçlük ölkəni 1918-ci ilə qədər idarə etdi. Türkiyə I Dünya müharibəsində məğlub olduqdan sonra Almaniyaya getdi, bir müddət orada yaşadıqdan sonra ingilis-fransız təqiblərindən qurtarmaq üçün Moskvaya getdi, bolşevik hökumətinin dəstəyi ilə Türkiyədə hakimiyyətə qayıtmaq istəyi ilə orada fəaliyyət göstərdi. Bolşevik hökuməti onu deyil, Mustafa Kamalı müdafiə etdiyinə görə incidi, kənara çəkildi. 1921-ci ildə Moskva onu basmaçlara qarşı mübarizə aparmaq üçün Orta Asiyaya, Buxara şəhərinə göndərdi. O, orada basmaçların rəhbərləri ilə yaxınlaşdı, onların tərəfinə keçdi, hərbi qüvvələrin komandanı oldu. Qırmızı orduya qarşı bir sıra uğurlu əməliyyatlar həyata keçirdi, lakin 1922-ci ilin avqustunda indiki Tacikstanın ərazisində Çaqan kəndi yaxınlığında Qırmızı ordu ilə döyüşdə öldürüldü, orada dəfn olundu. Onun qəbri “Həzrəti Şahın məzarı” adı ilə ziyarət yerinə çevrilmişdi. 1996-cı ildə cənazəsi Türkiyəyə gətirildi, İstanbulda “Azadlıq Anıtı”nda dəfn olundu).
 
1914-cü ilin oktyabrında Qafqaz cəbhəsində hərbi əməliyyatlar başlandı və türk qoşunları Qars və Batum tərəfdən Qafqaza girərək müvəffəqiyyət qazandı. Rus ordusuna qarşı döyüşlərdə qazandığı qələbədən ruhlanan Ənvər paşa Sarıqamış istiqamətində də hərəkət edib Qarsı ələ keçirməyi qərara aldı [9, s.123-124]. Lakin ağır qış şərtləri, əsgərlərin təchizat çatışmazlığı, döyüşə hazırlıq mərhələsinin çox qısa olması və s. səbəblər üzündən Sarıqamış əməliyyatında türklər məğlub oldular. Dekabrın 22-dən yanvarın 18-ə qədər davam etmiş bu döyüşdə türklər ölən, yaralanan və əsir düşənlərlə 60 min (bəzi məlumatlara görə 90 min), ruslar 30 min itki verdi [29].
 
Birinci Dünya müharibəsinin ən böyük döyüşlərindən biri Çanaqqala döyüşü oldu. Bu istiqamətdə hərbi əməliyyatlar 1915-ci ilin fevralından 1916-cı ilin yanvarına qədər davam etdi. İngiltərə başda olmaqla Antanta dövlətləri qarşılarına Dardanel və Bosfor boğazlarını tutmaq, İstanbulu ələ keçirmək vəzifələrini qoymuşdular. Həlledici döyüşlərə polkovnik Mustafa Kamal başçılıq etdi, düşmənin üstün qüvvələrinə qalib gəldi, bu döyüşlərdən sonra general-qazi dərəcəsinə layiq görüldü, böyük şöhrət qazandı. Bu böyük qələbə naminə Türkiyə tərəfindən ölən, yaralanan, itkin düşənlərin sayı 250 min, Antanta dövlətlərinin itkiləri isə 300 minə qədər təşkil etdi [5; 8]. Azərbaycandan çoxlu sayda insan Türkiyəyə gedərək döyüşlərdə iştirak edib, yüzlərlə soydaşımız bu döyüşlərdə həlak olub [1].
 
1916-cı ilin oktyabr ayından etibarən Rusiyadakı ölkədaxili problemlər- sabitliyin pozulması, ərzaq qıtlığı, bahalıq, möhtəkirliyin artması nəticəsində paytaxt Petroqradda və digər şəhərlərdə hökumət əleyhinə çıxışlar başlandı. Ağır müharibə şərtləri Rüsiyada çarizmin devrilməsinə gətirib çıxardı. 1917-ci il fevralın 28-də Petroqradda başlanan inqilab martın 2-də çarın devrilməsi ilə nəticələndi. Beləliklə 304 illik Romanovlar sülaləsinin , eyni zamanda rus monarxiyasının sonu çatdı. Hakimiyyət Müəssislər Məclisi çağrılanadək knyaz Qeorqi Lvovun rəhbərlik etdiyi Müvəqqəti hökumətə keçdi.
 
Yeni rejimin ilk işi bütün Rusiya vətəndaşlarının dini və milli məhdudiyyətlərinin aradan qaldırılması oldu. Sonra əhalisi qeyri-rus olan bölgələrdə yerli xalqın nümayəndələrinə daha çox söz haqqı verən idarə sistemi yaradılması qərara alındı. Az sonra Qafqaz vilayətlərinin idarə edilməsi üçün Cənubi Qafqaz Xüsusi Komitəsi yaradıldı [24, s. 20-23]. Bu komitə bölgənin milli qruplarını təmsil edən nümayəndələrdən təşkil edilirdi. Azərbaycanı Məmməd Yusif Cəfərov təmsil edirdi [19]. Lakin Komitə fəaliyyətinin ilk dövründən etibarən xalqın etimadını qazana bilmədi və ləğv edildi.
 
Fevral inqilabından sonra Cənubi Qafqazda siyasi təşkilatlar 2 əsas qrupda cəmləşdi: birinci qrupa rusların çoxluq təşkil etdiyi solçu sosial-demokrat və sosial-inqilabçıların hakim olduğu Sovetlər aid idi. Daha cox diqqət mərkəzində olan Bakı Sovetinə bolşevik S.Şaumyan rəhbər seçilə bildi [11, s.31]. İkinci qrup siyasi təşkilatlara isə əsasən Azərbaycanın milli birlikləri aid idi. Bütün bu təşkilatlar da öz növbəsində Bakı Müsəlman İctimai Təşkilatları Şurasında (Komitəsində) birləşdi. Bakı Sovetinə qarşı mübarizə aparan bu quruma Əlimərdan bəy Topçubaşov rəhbərlik edirdi [15, s.27-29]. Rusiyada monarxiya rejiminin devrilməsindən bir neçə gün sonra Gəncədə “Türk Ədəm-i Mərkəziyyət Firqəsi” (Ədəm-i Mərkəziyyət-qeyri-mərkəzçilik) yaradıldı. Bu partiya Rusiyada millətlərin müstəqilliyinə əsaslanan federal dövlət quruluşu ideyasını təbliğ edirdi. Buna görə də federalistlər adlanan bu təşkilatın qurucusu Nəsib bəy Yusifbəyli idi [3, s.15].
 
Bu dövrdə Azərbaycanın ictimai-siyasi liderləri daha çox müsəlmanların birliyinə nail olmağa çalışırdı. Bu məqsədlə 1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının, may ayında isə Moskvada Rusiya müsəlmanlarının qurultayları keçirildi. Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə və digərlərinin rəhbərliyi altında keçən bu qurultaylarda müəyyən nəticələrə nail olundu. Bütövlükdə isə müsəlmanların ümumi siyasi platformasını, fəaliyyət birliyini formalaşdırmaq mümkün olmadı.
 
Çar Rusiyası əsarəti altına aldığı türklərin ruslara bağlılığına həmişə şübhə ilə yanaşır, ona görə də onların mədəni, elmi, iqtisadi, o cümlədən hərbi sahədə irəliləmələrinə qəsdən əngəl oldu. Orduda xidmətə yalnız ali müsəlman silkinə məxsus olanlar cəlb edilirdi. Lakin bir çox azərbaycanlılar könüllü surətdə hərbi xidmətə gedirdilər. I Dünya müharibəsi dövründə cəbhələrdə 200-dən çox azərbaycanlı zabit vuruşurdu. Məhşur generallar S.Mehmandarov, Ə.Şıxlinski, H.Naxçıvanski, döyüşlərdə göstərdiyi igidliklərə görə təltif olunmuş ilk azərbaycanlı təyyarəçi poruçik F.Qayıbov da bunların arasında idi [25]. Hüseyn xan Naxçıvanski, “rus artilleriyasının Allahı” Əliağa Şıxlinski, İbrahim ağa Vəkilov rus-yapon savaşı və I Dünya müharibəsi dövründə məşhurlaşdılar. Səməd bəy Mehmandarov isə rus ordusunun məşhur sərkərdələrindən idi. S.Mehmandarov 1914-cü ilin payızında Lodz şəhəri yaxınlığında alman generalı Makenzenin zərbə qüvvələrini darmadağın etməklə rus ordusunu mühasirədən çıxardı və çox məşhurlaşdı [14].
 Bütün maneələrə baxmayaraq artıq Azərbaycan hərbi birlikləri qurulmağa başlamışdı. Müsəlman milli birliklərinin özəyini Petroqraddan gətirilmiş və general Feyzulla Mirzə Qacarın komandanlıq etdiyi “Qafqaz süvari diviziyası” təşkil etdi. Şücaətinə və ciddi hərbi hazırlıq keçmədiyinə görə “Vəhşi diviziya” adlandırılan bu birlik ən iri müsəlman hərbi birləşməsi idi [17]. Şuşada təşkil olunmuş “Tatar süvari alayı” da bu diviziyanın tərkibinə daxil idi [24, s.28].
 
1917-ci ilin fevralında çar Rusiyasında baş verən burjua-demokratik inqilabının qələbəsindən sonra Cənubi Qafqazda siyasi proseslər özünəməxsus inkişaf yolu ilə cərəyan edirdi. Əsas proseslər siyasi partiyalar tərəfindən idarə olunurdu. Milli azadlıq hərəkatında və milli Azərbaycan dövlətinin yaradılmasında “Müsavat”ın rolu böyük idi. Partiyanın liderləri real vəziyyətdən çıxış edərək ölkədəki bütün demokratik qüvvələri milli Azərbaycan dövləti yaratmaq uğrunda mübarizəyə çağırırdılar [7, s.55-57]. Bu arada vəziyyət yenidən dəyişdi. 1917-ci il oktyabrın 25-də Petroqradda bolşeviklərin silahlı üsyanı nəticəsində Müvəqqəti hökumət devrildi. Bolşeviklərin Petroqradda hakimiyyəti ələ keçirməsi xəbəri alındıqdan sonra – 1917-ci il oktyabrın 27-də Bakı Fəhlə və Əsgər Deputatları Sovetinin fövqəladə yığıncağı keçirildi. İclasın gündəliyində duran əsas məsələ hakimiyyət məsələsi idi. Bolşeviklərin kəskin etirazına baxmayaraq, menşevik-eser-daşnak bloku səs çoxluğu ilə Bakıda ali hakimiyyət orqanı kimi İctimai Təhlükəsizlik Komitəsinin (İTK) yaradılması haqqında qərarın qəbul olunmasına müvəffəq oldu [16, s.164-168].
 
 1917-ci ilin dekabrında bolşeviklərin rəhbəri Lenin S.Şaumyanı Zaqafqaziya üzrə xüsusi komissar təyin etdi, [18, s.587] Bakı Sovetinin sədri vəzifəsini isə ondan sonra P.Çaparidze tutdu. S.Şaumyan 1918-ci ilin aprelində yenidən Bakı Sovetinin sədri vəzifəsinə qaytarıldı, həm də xarici işlər komissarı oldu (2009-cu ilin yanvarında 26 Bakı komissarının qalıqları başqa yerdə basdırılmaq üçün çıxarıldı və məlum oldu ki, 3 nəfərin, o cümlədən S.Şaumyanın qalıqları orada yoxdur) [23]. Siyasi proseslər 1917-ci ilin noyabrında Müəssislər Məclisinə seçimlərlə davam etdirildi. Cənubi Qafqaz dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar ümumilikdə səslərin 73 faizini qazandılar [13, s.104]. Seçkilərin nəticələri göstərdi ki, Cənubi Qafqazda bolşeviklərin hakimiyyətə gələ bildikləri Bakı şəhəri istisna olmaqla, “Müsavat” güclü nüfuza malikdir.
1918-ci ilin yanvarında Petroqradda toplanmış Müəssislər Məclisi bolşevik hökuməti tərəfindən buraxıldı. Cənubi Qafqazdan seçilmiş nümayəndələr geri qayıdaraq “Zaqafqaziya Seymi” deyilən müştərək qurum yaratdı. 1918-ci ilin fevralında 3 əsas partiya nümayəndələrindən ibarət olan Zaqafqaziya Seymi öz işinə başladı [24, s.98-100]. Seymdə Gürcüstandan sosial-demokratlar (menşeviklər)- 32 nəfər, Azərbaycandan müsavatçılar, onlara qoşulmuş bitərəf demokratlar- 30 nəfər, ermənilərdən “Daşnaksütun” partiyasından olanlar-27 nəfər deputat iştirak edirdi. Bundan əlavə, sosial-inqilabçılar (eserlər), milli demokratlar, Müsəlman Sosialist Bloku, “İttihad” və menşevik-hümmətçilər də Seymdə təmsil olundular. Zaqafqaziya Seymində Azərbaycan siyasi partiyalarının 44 nümayəndəsi var idi. Gürcü menşevik N.S.Çxeidze Seymin sədri oldu. Zaqafqaziya Seymi Y.Gegeçkori başda olmaqla Zaqafqaziya hökumətini təşkil etdi. Azərbaycandan Fətəli Xan Xoyski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlikaslanov hökumətə daxil oldu [24, s.98-100].
 
Azərbaycanda milli hərəkatın genişlənməsi, “Müsavat”ın nüfuzunun artması “Böyük Ermənistan” xülyası ilə yaşayan daşnakları ciddi narahat edirdi. Daşnaklar 1918-ci ilin martında Bakıda qırğın törədərək “Müsavat”ın sosial bazasını, şəhərin müsəlman əhalisini məhv etməyə, milli hərəkata divan tutmağa cəhd göstərdilər. Bu məqsədlə təxminən 5 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilmişdi. “Qırmızı qvardiya” adı ilə yaradılan 10-12 minlik ordunun da 70 faizi erməni idi [4, s.335]. Martın 30-da axşam Bakıda ilk atəşlər açıldı. Tarixə qanlı faciə kimi daxil olan mart qətlləri 3 gün davam etdi. 30 mart-1 aprel qətl və qarətlərindən sonra yaradılan Fövqəladə İstintaq Komissiyasının ümumiləşdirilmişdi hesabatına görə Bakıda “əksinqilabçı” adı ilə 12 min nəfər azərbaycanlı qətlə yetirilmişdi [10].
 
 Bakıda törədilmiş cinayətlər aprel ayının ilk günlərindən etibarən eynilə Şamaxı, Quba, Qarabağ, Xaçmaz və digər yerlərdə törədildi. Azərbaycanın qəzalarına “sovet qoşunları” adı altında göndərilən cinayətkar dəstələrə quldur erməni “hərbçiləri” T.Əmiryan, H.Amazasp, S.Lalayev rəhbərlik edirdilər. Daşnak cəlladlardan ən ağır ziyan çəkənlərdən biri Şamaxı qəzası oldu. Nəticədə Şamaxı şəhəri və qəzasının 72 kəndi dağıdıldı. Şamaxı qırğınlarında 8 min nəfərə qədər azərbaycanlı öldürüldü. Məscidə sığınmış bir qrup insan diri-diri yandırıldı [12, s.136]. Quba qəzasında qırğın törədən quldur dəstəsinə S.Şaumyanın xüsusi səlahiyyətlər verdiyi H.Amazasp rəhbərlik edirdi. Aprel ayında qəzanın 122 müsəlman kəndi dağıdıldı, minlərlə azərbaycanlı, ləzgi, yəhudi məhv edildi. Quba qəzasında 16 min insan qətlə yetirildi [12, s.138]. Göyçay, Kürdəmir, Salyan və Lənkəran bölgələrinin əhalisi də erməni cəza dəstələrindən ciddi ziyan çəkdi. 1918-ci il mart soyqırımı nəticəsində 50 min azərbaycanlı məhv edildi [21]. (Xalq Cümhuriyyəti dövründə, 1919 və 1920-ci illərdə 31 mart matəm günü kimi qeyd olunurdu. Azərbaycan Prezidentinin 26 mart 1998-ci il sərəncamı ilə bu tarix Soyqırım Günü elan olunub).
 
 Hadisələr sürətlə Zaqafqaziya Seyminin dağılmasına doğru gedirdi. Seymin gürcü fraksiyası Zaqafqaziya Respublikası tərkibindən çıxmaq və öz müstəqilliyini elan etmək qərarına gəldi. Zaqafqaziya Seyminin sədri və üzvləri – K.Çxeidze, A.Sereteli və Y.Gegeçkori gözlənilmədən 1918-ci il mayın 25-də Azərbaycan fraksiyasının F.X.Xoyskinin sədrliyi ilə keçirilən axşam iclasına gəldilər. A.Sereteli gürcü fraksiyası adından bəyanat verərək qeyd etdi ki, “Seymin sabahkı iclasında biz Zaqafqaziya Respublikasının ləğv olunmasını təklif edəcəyik”. Cavab nitqində F.X.Xoyski bildirdi ki, “Əgər gürcü xalqının iradəsi belədirsə, bizim ona mane olmağa haqqımız yoxdur. Azərbaycan türklərinə isə yeni vəziyyətlə bağlı olaraq müvafiq qərarlar qəbul etməkdən başqa bir şey qalmır” [6]. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi son iclasında özünün buraxılmasına dair qərar qəbul etdi [22].
 
Mart hadisələrindən sonra Bakı şəhərində və onun neft mədənləri rayonunda Bakı Sovetinin hakimiyyəti gücləndi. 1918-ci il mayın 1-də Bakı Soveti gələcək funksiyaları və fəaliyyət proqramını müəyyən edən Bəyannamə dərc etdi. Orada qeyd edilirdi ki, Bakı Soveti Rusiya hökumətinin bütün dekret və sərəncamlarını həyata keçirəcək, onunla sıx əlaqədə fəaliyyət göstərəcək [28]. Bu, Bakının Rusiyanın bir hissəsinə çevrilməsi demək idi...
 
Ədəbiyyat:
 
1. Çanaqqala zəfəri.- azertag.az/xeber/Chanaqqala_zeferi_Turk_xalqinin_zefer_ ve_qehremanliq_salnamesi-849815.
 
2. Əhmədov S. Birinci Dünya müharibəsinin Azərbaycan üçün nəticələri.- “Azərbaycan Birinci dünya müharibəsi dövründə. Elmi məqalələr toplusu. Bakı, “Ziya”, 2014.
 
3. Qaraoğlu F. “Tarixdə iz buraxanlar: Nəsib bəy Yusifbəyli”.- “Bakı Xəbər” qəzeti, 2019, 13 iyul, s.15.
 
4. Qəniyev H. Azərbaycan tarixi (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik. Bakı, “Elm və Təhsil”, 2019.
 
5. 1915-ci ildə Çanaqqala döyüşü...- bbc.com/azeri/region-60802181.
 
6. Rüstəmli A. Dövlətçiliyimizin və demokratiyamızın ilk müəllimi, 2014, 15 yanvar.- news.milli.az/society/239557.html.
 
7. Yaqublu N. Müsavat partiyasının tarixi. Bakı, “Adiloğlu” nəşriyyatı, 2012.
 
8. Ericson E.J., Ordered to Die: A History of the Ottoman Army in the First World War, Westport, CT: Greenwood Publishing.
 
9. Reynolds M.A. Shattering empires: The clash and collapse of the Ottoman and Russian empires, 1908-1918. Cambridge: Univ. press., 2011.
 
10. Smith M.G. Anatomy of a Rumour: Murder Scandal, the Musavat Party and Narratives of the Russian Revolution in Baku, 1917-20// Journal of Contemporary History. 2001, April (vol. 36, no. 2).
 
11. Swietochowski T., Collins B.C. Historical Dictionary of Azerbaijan. Scarecrow Press, 1999.
 
12. Баберовски Й. Враг есть везде. Сталинизм на Кавказе. (пер. с нем. Алтухова В.Т.) Москва, Российская политическая энциклопедия, 2010.
 
13. Багирова И. Интеграционные процессы на Южном Кавказе и политика великих держав в исторической ретроспективе XX века. Том 1 (2).- «Геоистория», 2007.
 
14. Военное обозрение. Генерал Мехмандаров Самедбек. 03.06.2013.- topwar.ru/28377-general-mehmandarov-samedbek.html.
 
15. Гасанов Г. Комитет Бакинских Мусульманских Общественных Организаций. Баку, изд. «OL», 2014.
 
16. Гасанов Г. На пути к первой республике. Баку, “Çaşıoğlu”, 2016.
 
17. Горлов А. Всадники «Дикой дивизии».- «Российская газета», 2014, 15 апреля.- rg.ru/2014/04/15/divizia-site.html.
 
18. Декреты Советской власти, т.I. Москва, Политиздат, 1957.
 
19. Джафаров М.- hrono.ru/biograf/bio_d/dzhafarov.php.
 
20. Дулаева З., Мамедов М. Баку в годы Первой мировой войны.- «Азербайджан в период первой мировой войны. Сборник научных статей. Баку, «Зия», 2014.
 
21. Есть вековая мартовская трагедия в Азербайджане-нет наказания.- azertag.az/ru/xeber/Est_Vekovaya_martovskaya_tragediya_v_Azerbaidzhane_net_nakazaniya-938468.
 
22. Закавказский сейм. Историческая энциклопедия.- hrono.ru/organ/ukaz_ z/ru/19170171.php.
 
23. Махмудов Я. «История о 26 бакинских комиссарах оказалась мифом».- news.day.az/society/146513.html.
 
24. Муханов В.М. Кавказ в переломную эпоху (1917-1921). Москва, Модест Колеров, 2019.
 
25. Первая мировая война...- az.sputniknews.ru/20180801/pervaja-mirovaja-voyna-russia-azerbaijan-416475405.html.
 
26. Первая мировая война.- historyrussia.org/sobytiya/1-avqusta-1914-goda-nachalas-pervaya-mirovaya-vojna.html.
 
27. Роган Ю. Падение Османской империи. Первая мировая война на Ближнем Востоке, 1914-1920 гг. Москва, «Альпина нон-фикшн», 2018.
 
28.Рождение и гибель Бакинской коммуны.- politsturm.com/rozhdenie-i-gibel-bakinskoj-kommuny.
 
29. Сарыкамышская операция 1914-1915 гг.- web.archives.org/web/ 20221021043943/ //bigenc.ru/military _science/text/3537019.
 
Oxşar xəbərlər
20:12, Bu gün
Bu, Fransanın mövqeyinin nə qədər zəif olduğunu göstərir
20:05, Bu gün
Yollarımızın yeni, zolaqlı problemi
19:58, Bu gün
Flaqman smartfonlar KƏSKİN BAHALAŞACAQ - TARİX AÇIQLANDI
19:50, Bu gün
Ürəyi qorumaq üçün nə etməliyik?
19:43, Bu gün
İsrail qırıcıları "Hizbullah"ın qərargahına dəqiq zərbələr endirdi
19:35, Bu gün
Məşhur müğənninin kürəkəni SAXLANILDI - FOTO
19:30, Bu gün
Suriya BRİKS-ə qoşulmaq üçün müraciət edib?
19:23, Bu gün
Aİ bu avtomobillərə cərimə tətbiq edəcək
19:15, Bu gün
Uğursuz insanların 10 vərdişi
19:08, Bu gün
Ucarda ağır qəza CAN ALDI
19:00, Bu gün
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi
18:50, Bu gün
Yuxuda dalaşmaq nə mənaya gəlir?
18:43, Bu gün
Bakıda şaurmanın içərisindən bolt çıxdı - FOTO
18:35, Bu gün
Bu ölkə çətin durumda: Gənclər arasında işsizlik rekord həddə çatıb
18:30, Bu gün
Nar niyə “təbii aptek” sayılır?
18:25, Bu gün
Dərman qəbul etmədən yuxusuzluqdan belə xilas olun
18:20, Bu gün
Beyruta hücum: İsmayıl Qaani yaralandı
18:15, Bu gün
ABŞ İsrailə "vur" deyir: Sonra da "humanitar yardım" göndərir
18:10, Bu gün
Azərbaycanın dünya çempionatında 2-ci medalı
18:07, Bu gün
Uşaqlarda üçüncü ən çox rast gəlinən ölüm səbəbi: Əlamətləri bunlardır
18:01, Bu gün
Ürək və damarlar üçün super qidanın adı açıqlanıb
17:57, Bu gün
"Greencard Azerbaijan"ın direktoru niyə həbs edilib?
17:52, Bu gün
İranda terror aktının qarşısı alındı
17:47, Bu gün
Azərbaycanlı baş məşqçi dinini dəyişib? - İDDİA
17:46, Bu gün
Bağırov və Beriya ingilis casusu, Müsavat tərəfdarı olublar?..- № 0043...-Məhkəmə
17:42, Bu gün
Parisdə Azərbaycan əleyhinə tədbir: BTQ-dən bəyanat...
17:38, Bu gün
Doğulduğumuz ay xarakterimizə təsir edir?
17:30, Bu gün
Məşhur aviaşirkət təyyarədə peycerləri qadağan etdi
17:25, Bu gün
Azərbaycanla bu türk ölkəsi arasında təlim baş tutdu
17:20, Bu gün
Abortlarla bağlı DƏHŞƏTLİ STATİSTİKA: “Günahdır” deməklə məsələ həll olunmur
17:04, Bu gün
Növbəti 2 günlə bağlı SARI XƏBƏRDARLIQ
16:57, Bu gün
Qərbdən təlimat gəldi - Yeni Zəngəzur planı ilə hərəkətə keçdilər
16:51, Bu gün
Əcnəbi ilə ailə quran azərbaycanlı xanım: "Evlilik təklifini dayanacaqda etdi" - FOTO
16:45, Bu gün
Doğma yurduna qayıdan laçınlı müəllim təəssüratlarını bölüşdü - VİDEO
16:40, Bu gün
Uşaqlar liftdə köməksiz qaldı - VİDEO
16:35, Bu gün
Yeni virus yayıldı - Ən çox bu uşaqlar yoluxur - VİDEO
16:29, Bu gün
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN
16:23, Bu gün
Cüdoçumuz bürünc medal əldə etdi
16:17, Bu gün
"Kaşpirovskinin metodları mütləq fantastika və saxta elmi nəzəriyyədir..."
16:12, Bu gün
Baş Qərargah rəisi vəzifəli şəxsləri topladı - FOTO
16:07, Bu gün
Azərbaycan təmsilçisi gümüş medal qazandı
16:02, Bu gün
Kənan MM xəstəxanaya düşdü - FOTO
15:56, Bu gün
Alimlər psoriazın potensial səbəbini TAPDILAR
15:50, Bu gün
MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib
15:44, Bu gün
BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
15:38, Bu gün
Yeddi evdən 27 min manatlıq oğurluq etdi - VİDEO
15:32, Bu gün
Türkiyə parlamenti İsrailə görə təcili toplanır
15:26, Bu gün
Kadırovun oğlu Rusiyanın Rekordlar Kitabına salındı
15:20, Bu gün
XİN müəllimləri təbrik etdi
15:15, Bu gün
“Ailə quranda ona söylədim ki, bu, düzgün seçim deyil” - Çinarənin anası - VİDEO
15:09, Bu gün
Diqqət! Ciddiyə alınmayan XƏBƏRDARLIQ - Bu gün və sabah...
15:03, Bu gün
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidentinə şiddətli töhmət verildi - Sərəncam
14:57, Bu gün
Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək
14:52, Bu gün
Şagirdlər öz yüklərini daşıyırlar, yoxsa Azərbaycan təhsilinin? - Çantası özündən AĞIR GƏLƏCƏK...
14:47, Bu gün
Makrondan Bakıya yersiz çağırış – Nə qədər ki, səfiri Şuşaya getməyib...
14:41, Bu gün
"Barselona" və "Nike" arasında 140 milyon avroluq müqavilə
14:36, Bu gün
"Türkiyənin "Kirpi" zirehli transportyorları özünün etibarlılığını sübut edib" - "Sabah" nəşri
14:30, Bu gün
"Səsimi birdəfəlik itirə bilərdim"
14:25, Bu gün
COP29 ərəfəsində Azərbaycana qarşı total hücumlara REAKSİYA
14:20, Bu gün
“İstəmirəm ki, qızlarım bu sənətə gəlsin” - FOTO
14:15, Bu gün
"Ermənistanın açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır" - XİN
14:10, Bu gün
Qarabağa köçən 2800 sakin məşğulluqla təmin edildi
14:05, Bu gün
Deputatlarımız Qazaxıstandakı seçkiləri izləyəcək
14:00, Bu gün
Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlandı - 27 məsələyə baxılacaq
13:54, Bu gün
"Ermənistan Kremlin kurasiyasına qayıdır, Bakıya buna görə “yox” deyir" - Tofiq Zülfüqarov
13:48, Bu gün
Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI
13:44, Bu gün
Prezident bu deputatı “Şöhrət” ordeni ilə təltif etdi
13:40, Bu gün
"İsrail İranın nüvə obyektlərinə zərbə endirməlidir" - Tramp
13:34, Bu gün
Qənaət etməyi sevən bürclər - Həmişə qənaətcil davranırlar
13:28, Bu gün
G20 ölkələri Azərbaycanın COP29 sədrliyinə dəstəklərini ifadə etdi
13:22, Bu gün
İran Zəngəzur dəhlizinin açılmasını buna görə istəmir - Sabiq nazir şok faktları açıqladı
13:16, Bu gün
"Livanda peycerlərin partladılması MDB ölkələrinə birbaşa təhlükədir" - Rusiya FTX direktoru
13:10, Bu gün
"Putinin "qırmızı xətləri" blefdir, NATO onların çoxunu keçib" - Stoltenberq
13:06, Bu gün
Şuşanın azadlığı uğrunda döyüşdə şəhid olan Vətən Müharibəsi Qəhrəmanı
12:32, Bu gün
Gürcüstanın Baş naziri Naxçıvan inşaatçılarının tikdiyi yolun açılışını edib - FOTO
12:25, Bu gün
Qüdrət Həsənquliyev: “İran bununla özünün məhvinə fərman vermiş olar” - MÜSAHİBƏ
12:22, Bu gün
Leyla Əliyeva "Tağıyev: Neft" bədii filmi ilə bağlı paylaşım edib
12:20, Bu gün
İsrailin xarici işlər naziri Xameneiyə xəbərdarlıq edib
12:06, Bu gün
Onlara qarşı saxta ittiham və içgəncələrə görə bir nazir, 3 şöbə rəisi həbs edildi...-İBRƏTAMİZ
11:44, Bu gün
Zəngilanda yeni yaşayış kompleksi belə olacaq
11:39, Bu gün
Ukrayna UEFA-da yerini itirdi - Nə baş verib?
11:30, Bu gün
Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - FOTO
11:21, Bu gün
Köməksiz vəziyyətdə qalan 3 azyaşlı xilas edildi - Video
11:17, Bu gün
Metroda ölüm hallarının qarşısını necə alaq? - Ekspert
11:09, Bu gün
İsrail onları təcili təxliyəyə çağırdı
10:59, Bu gün
"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - VİDEO
10:45, Bu gün
Prezidentin ölkəmizə qarşı düşmənçilik siyasəti aparanlara Cəbrayıldan ciddi mesajın DETALLARI 
10:42, Bu gün
"Terroru, vəhşəti, qətliamı dəstəkləyən hansısa dövlət, yaxud xalq haqlı ola bilməz…”
10:39, Bu gün
Türkiyə bu üç ermənini axtarır: 2024-cü il dekabrın 16-na kimi...
10:31, Bu gün
Dünyada 2, bizdə isə 6 manat: Azərbaycanda bu məhsulu əhaliyə niyə 3 dəfə baha satırlar?
10:19, Bu gün
Aİ Çin avtomobillərinə 35,5 faizə qədər vergi tətbiq edəcək
10:17, Bu gün
Mirasla bağlı nələri bilməliyik? - Vəkil məsləhəti
10:10, Bu gün
Oktyabr sevgi ayıdır: Bürcləri nə gözləyir?
10:00, Bu gün
Metroda bunu edənlər 200 manat CƏRİMƏLƏNƏCƏK
09:51, Bu gün
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
09:48, Bu gün
Azərbaycan neftinin qiyməti 81 dolları ötüb
09:38, Bu gün
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək
09:30, Bu gün
Bu tarixdən Bakıda hava kəskin pisləşəcək - Temperatur 5-6 dərəcə enəcək
09:26, Bu gün
Nazir müəllimləri təbrik etdi
09:17, Bu gün
Kənddə doğuldu, Harvardda oxudu, ABŞ-da təhsil şirkəti qurdu...
GÜNLÜK
04 Oct 2024 | 22:23
Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyəcək?
04 Oct 2024 | 23:12
"Ümid edirəm ki, sağ-salamat qayıdacağıq" - Pezeşkian
04 Oct 2024 | 23:16
“Az qalmışdı ki...” - Mətanət İsgəndərli həqiqətənmi qayıqdan yıxılıb? - hadisənin TƏƏSÜRATLARI..
04 Oct 2024 | 22:59
“"İlin müəllimi" müsabiqəsinin keçirilməsi müəllimlər üçün motivasiya mənbəyi yaradar”- Təhsil ekspertindən təklif-ÖZƏL
04 Oct 2024 | 21:26
"Ukraynanın şərqində Rusiyanın hücumu nə zaman başa çatacaq?" - ISW
04 Oct 2024 | 21:36
Rusiya eyni anda Qərbdəki onlarla beyin mərkəzinə hücum etdi
04 Oct 2024 | 20:37
Məsciddə turist kişilər qadın ətəkləri geyindilər - VİDEO
04 Oct 2024 | 22:43
Bu məhsul 50 yaşdan sonra daha az yeyilməlidir
04 Oct 2024 | 22:35
Yarışdan uzaqlaşdırıldı: zorlamada ittiham olunur?
04 Oct 2024 | 21:40
Soyuq havalarda avtomobilinizin problemsiz işləməsi üçün 5 vacib addım
HƏFTƏLİK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
AYLIQ
04 Oct 2024 | 22:23
Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyəcək?
04 Oct 2024 | 23:12
"Ümid edirəm ki, sağ-salamat qayıdacağıq" - Pezeşkian
04 Oct 2024 | 23:16
“Az qalmışdı ki...” - Mətanət İsgəndərli həqiqətənmi qayıqdan yıxılıb? - hadisənin TƏƏSÜRATLARI..
04 Oct 2024 | 22:59
“"İlin müəllimi" müsabiqəsinin keçirilməsi müəllimlər üçün motivasiya mənbəyi yaradar”- Təhsil ekspertindən təklif-ÖZƏL
04 Oct 2024 | 21:26
"Ukraynanın şərqində Rusiyanın hücumu nə zaman başa çatacaq?" - ISW
04 Oct 2024 | 21:36
Rusiya eyni anda Qərbdəki onlarla beyin mərkəzinə hücum etdi
04 Oct 2024 | 20:37
Məsciddə turist kişilər qadın ətəkləri geyindilər - VİDEO
04 Oct 2024 | 22:43
Bu məhsul 50 yaşdan sonra daha az yeyilməlidir
04 Oct 2024 | 22:35
Yarışdan uzaqlaşdırıldı: zorlamada ittiham olunur?
04 Oct 2024 | 21:40
Soyuq havalarda avtomobilinizin problemsiz işləməsi üçün 5 vacib addım