Azərbaycan milli komandasının sabiq futbolçusu Mahir Şükürov özəl olaraq Moderator.az-ın suallarını cavablandırıb.
- Mahir bəy, iki gün öncə “Neftçi” haqda instaqramda paylaşımınız diqqətimizi çəkdi. Yazmışdınız ki, biz heç nədən kimisə tənqid etmirik. Bu sözünüzlə əslindən nə demək istəyirdiniz?!
-Bu günlərdə “ARB” kanalında yayımlanan “O üz” verilişində qonaq olduq. Veriliş “Neftçi”-nin veteran məşqçisi Böyükağa Hacıyevə həsr olunmuşdu. Çox gözəl veriliş oldu. Buna görə mən həmin kanala və verilişin kollektivinə minnətdaram. Verilişdə “Neftçi” komandasının bu günki vəziyyəti ilə bağlı da bizə sual ünvanlamışdılar. Biz də öz növbəmizdə həmin sualları cavablandırmışdıq. Bir neçə gün sonra veriliş kanalın yutub səhifəsindən silindi. “Neftçi” rəhbərliyindən zəng edib verilişi yutubdan sildirmişdilər. Bu Böyükağa müəllimə qarşı sayğısız bir hərəkət idi. Birincisi orada nə mən, nə də ki, Böyükağa müəllimin oğlu heç kimi təhqir etməmişdik. Orada tənqidi fikirlər səsləndirmişdik. Biz oynayan vaxtı da bunu bizə ediblər. Bu gün mənə jurnalist zəng edir. Mən ona cavab verməsəm, çəkilişə getməsəm ona qarşı sayğısız hərəkət olar. Bu gün “Neftçi”-ni gətirib 5-ci yerə çıxarıblar. Halbuki bu gün transferlərə, məşqçilərə ən çox pul xərcləyən də “Neftçi”-dir. Komanda Avropasız qaldı. Avropanı qoyaq kənara, konfrans liqasına da gedə bilmədi. Ona görə də əlbəttə ki, bu gün hamı “Neftçi”-ni tənqid edəcək. Bu həqiqətən də biyabırçılıqdır. Mən həmişə demişəm, bu gün də deyirəm. “Neftçi” rəhbərliyindən xahiş edirəm ki, bütün klubu işdən azad etsin. “Neftçi”-yə can yandıran, tarix yazan futbolçuları, futboldan anlayışı olan insanları yığsın ora ki, “Neftçi”-nin gələcəyini qaytarsın. İkincisidə ki, komanda yer tutmayıb. Bilinmir məşqçi kim olacaq?! Məşqçinin xəbəri olmadan gedib futbolçu transfer edirlər. Dünya futbol tarixində belə bir hal yaşanmayıb. Siz heç bilmirsiniz ki, yer tutacaqsınız, UEFA-ya kofrans liqasına gedəcəksiz ya yox, gedib indidən futbolçu gətirirsiniz. Özü də nə futbolçu?! Cavan yaşında olsa dərd yarı, 30 yaşında futbolçu gətirirlər! Sən nə bilirsən o gəlib burada oynaya biləcək ya yox?! Burdan artıq açıq-aydın bilinir ki, “Neftçi” klubunda məşqçinin sözü eşidilmir. Transferlərdə məşqçi ilə heç kim məsləhətləşmir. Ona görə də bu hal çox üzücü haldır. Bu gün Sumqayıt futbol komandası faktiki olaraq sübut etdi ki, biz az büdcə ilə gəlib konfrans liqasına çıxa bilərik. Ona görə də həqiqətən də biyabırçılıqdır. Gedib oturub fikirləşsinlər ki, biz “Neftçi”-nin tarixində yaşanmayan bir halı onun başına necə gətirib, komandanı 5-ci yerə saldıq?! Dünəndən mənə jurnalistlər, futbolsevərlər, azarkeşlər zəng edir, yazır. Telefonlarım susmur. Hamısı da deyir ki, Mahir müəllim, siz sözün düzünü deyirsiniz, xahiş edirik buna bir çarə qılın. Əlbəttə ki, bütün bu baş verənlər məndən asılı deyil. Jurnalistlər zəng edib onlardan müsahibə almırlar. Onlar görürlər ki, məndən, yaxud başqa “Neftçi” futbolçusundan müsahibə alırlar. Jurnalistlər bizdən xahiş edirlər ki, bizim sözlərimizi də deyin. Dünəndən başım ağrıyır ki, bu nədir, nə oyundur?! Elə bil ki, “Neftçi” UEFA-ya, konfrans liqasına getmək istəmir, “Sabah” getmək istəyir. O nə oyun idi “Neftçi” oynayırdı?! Biz veteranlar yığışsaq “Neftçi”-nin o sostavını keçərik.
- Veteranlar yığışsa sizcə “Neftçi” əvvəlki nüzufunu geri qaytara bilərmi?
- Bu yaşımda gəlib 1 ay məşq etsəm, “Nefçi”-nin o sağ “zaşitnik”-indən yaxşı oynamasam, Allaha and olsun adımı, soyadımı dəyişərəm, Azərbaycandan köçüb gedərəm! Bunu hamıya söz verirəm! Amma belə olmaz axı! 10-15 dəfə prasterel etmərəm, 5 dəfə edərəm, amma hamısını 100 faizlik edərəm, hamısında da təhlükəli vəziyyət yaradaram. Komandada nə oyun var, nə udar var, nə kənardan asma var! Kənardan asma edirlər, elə bil ki, qapıçını məşq etdirirlər. Elə bil deyiblər ki, iti asmalar verməyin. Ayıbdır vallah. Həmişə demişəm, bu gün də deyirəm ki, Qara Qarayevin ölüsü Eddi İsrafilovdan güclüdür. “Nefçi”-ni bu vəziyyətə gətirənlərdə bir damcı məsuliyyət olsa, gəlib ərizələrini yazıb, komandadan üzüağ getsinlər. Gedib rəhbərliyə desinlər ki, biz bu işi bacarmadıq! Gələn insan da orada nə futbolçu varsa, cavanlardan başqa hamısını yola salsınlar. Rəşadın dublu var, onu o günki “Sabah” la oyuna buraxsaydıq, Allaha and olsun o “Nefçi”-dən yaxşı oynayardılar. Ən azından cavan idilər, bilirlər ki, üzərlərində məsuliyyət var, bu oyunu udsalar UEFA-ya gedəcəklər.
-Sizin vaxtınızdakı futbolçularda liderlik xüsusiyyətləri olub..
-“Nefçi” ilə biz necə rezultat verdik?! Bizim vaxtımızda “Qarabağ” nəsə edə bilirdi?! Xeyr! “Qarabağ” bizimlə vuruşurdu, amma biz “Neftçi” neçə il ard-arda çempion oldu?! Ən sonda isə həm Azərbaycan kubokunu, həm Azərbaycan çempionluğunu götürdük, həm də tarix yazıb UEFA-nın qrupuna düşdük. Həmin ildə sağda oynayırdım mən, solda oynayırdı Bertuççi, ortada oynayırdı Ramosla Rəşad Sadıqov, qabağımda oynayırdı Vobay, kənarda oynayırdı Flavinyo! Top mənə gələndə uşaqlar bilirdilər ki, mən orada təhlükəli vəziyyət yaradacam. Mən də bilirdim ki, Flavinyo da maraqlı vəziyyət yaradacaq. İndividual, oyunu öz üzərinə götürən futbolçular bizdə çox idi. Amma bu günləri “Neftçi” də o cür futbolçu yoxdur. “Qarabağ” niyə “Qarabağdır”? Görürsüz Zubir istədiyi vaxt oyunu öz üzərinə götürə bilir.
-Hətta bu günlərdə “O üz” verilişinə müsahibə verən veteran futbolçu Mitrevski də “Neftçi”-nin bugünki fəaliyyətindən ürəkağrısı ilə danışmışdı..
- Mən danışmayım, sən danışma, o danışmasın yaxşı bəs kim danışsın?! “Nefçi”-nin indiki büdcəsi, o vaxtkı büdcəsindən çoxdur. Amma hanı?! “Nefçi”-yə bizim kimi can yandıran olmayacaq! Uzağa getməyək! Qardaş Türkiyədə hər oyundan sonra futbol şərhçiləri görün komandaları necə tənqid edirlər?! Qışqırırlar, bağırırlar! Biz tənqid etməsək, bəs o zaman niyə inkişaf istəyirik?! İnkişaf da olmasın, hər kəs başını aşağı salsın, necə gəldi iş görsünlər. Sabah yenə başlayacaqlar “Qarabağ”ı pisləməyə, etapa düşəndən sonra başlayacaqlar tərifləməyə! Sabah biz milli komandaya necə futbolçu çıxarıb, dəstək olacağıq?!
-“Neftçi”-nin əcnəbi baş məşqçisi komandadan ayrıldı. Siz baş məşqçinin əcnəbi olmağını istərdiniz yoxsa yerli?
-Əcnəbi iki dəfə gəldi nə etdi ki?! Pulu yığıb getdi! Əlbəttə ki, yerli məşqçinin olmağını istərdim.