“Mikoyan Niyazi ilə görüşdü, öpüşdü, onu alqışladı, sonra da Andronikin sağlığına içdi...”
Ekskluziv
3161
25 May 2024 | 11:41

“Mikoyan Niyazi ilə görüşdü, öpüşdü, onu alqışladı, sonra da Andronikin sağlığına içdi...”

“Yaxınlarda SSRİ-nin yeni konstitusiya layihəsi xalqın müzakirəsinə veriləcək. Mən Xruşşovla danışıb Qarabağ və Naxçıvanın Ermənistana birləşdirilməsini həmin layihəyə saldıracağam. Özü də çalışarıq ki, bütün respublikalarda buna səs versinlər”.
 
Azərbaycanın müstəqilliyinin bərpası dönəmində aktiv fəaliyyət göstərmiş tanınmış ictimai-siyasi xadim, oxucularımıza maraqlı müsahibə, açıqlama və yazılarıyla tanış olan sabiq deputat, rəhmətlik Maksim Musayevin atası, sovet dövründə 10 il Ermənistan Ali Soveti sədrinin birinci müavini kimi çalışmış, görkəmli sovet – Azərbaycan dövlət xadimi Talıb Musayev özünün 2008-ci ildə nəşr edilən  “Ermənilər və faciələrimiz” kitabında hiyləgərliklə, həm də elə Kremlin dəstəyi sayə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədr müavini, həmçinin SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifələrinədək yüksələ bilmiş qatı türk, Azərbaycan düşməni daşnak Anastas Mikoyanın İrəvandakı rəsmi tədbirlərdən birində Qarabağ və Naxçıvanın Ermənistana birləşdirilməsi, eləcə də tayqulaq erməni generalı, cəllad, qaniçən Andronik Uzunyan haqda danışmasının şahidi olmasından bəhs edir.
Aktuallığını nəzərə alaraq sözügedən kitabdan həmin məqamı əks etdirən epizodu Moderator.az oxucularının nəzərinə çatdırırıq:
 
“1954-cü ildə Mikoyan İrəvana gəlmişdi. O zaman yenə də Naxçıvan və Qarabağla bağlı söhbətlər gedirdi. Mən Ali Sovetin sədr müavini olduğum üçün tənəfüslər zamanı rəhbərlik üçün ayrılmış otaqda dincələnlər  və çay içənlər sırasında olurdum. Tənəffüslərin birində gedən söhbətlərə cavab olaraq Mikoyan dedi: 
 
“Yaxınlarda SSRİ-nin yeni konstitusiya layihəsi xalqın müzakirəsinə veriləcək. Mən Xruşşovla danışıb Qarabağ və Naxçıvanın Ermənistana birləşdirilməsini həmin layihəyə saldıracağam. Özü də çalışarıq ki, bütün respublikalarda buna səs versinlər”. 
Mən bu ziyafət zamanı yeganə azərbaycanlı idim ki, iştirakçı kimi bu sözləri daşnak Mikoyanın dilindən eşitdim(əlbəttə, bir an şok keçirdim)...
 
Bununla birinci fasilə qurtardı. Hamı şad-xürrəm iclasa qayıtdı. İkinci fasilə zamanı söhbət Azərbaycan-Ermənistan dostluğundan getdi. Mikoyan dirijor Niyazini çox tərif etdi. Axşam Mikoyanın şərəfinə verilən konserti də Mikoyan idarə etdi. Mikoyan yerindən qalxaraq gedib Niyazi ilə görüşdü, öpüşdü və onu alqışladı...
 
Konsertdən sonra banket verildi. Banketdə Mikoyanın sağlığına badələr qaldırılan zaman erməni yazıçısı Hrand Köçəryan onun “şərəfi”nə tost deyərək əlavə etdi:
“Anastas İvanoviç, erməni xalqının xilaskarı, Türkiyədə erməni soyqırımının hayıfalıcısı olan, sizin də yaxşı tanımış olduğunuz xalqımızın qəhrəman oğlu Andronik haqqında biz çox böyük əsərlər yazmışıq. Ancaq onların nəşrinə icazə vermirlər. Sizdən bütün yazıçılar, ziyalılar adından xahiş edirəm, özünüzün yaxından tanıdığınız Andronik barəsində yazılmış əsərlərin nəşr olunmasına, bu mövzuda yeni əsərlər yazılmasına və onun iki-üç yerdə heykəlinin qoyulmasına icazə verəsiniz”. 
 
(Davamı var)
 
Təqdim etdi: Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər