“Son hadisələrə fikir verin. Zəngəzuru qoruyan Rusiya sərhədçiləri öz blok-postlarını bağlayıb, oranı tərk etdirlər. Bu Azərbaycan üçün açıq qapı deməkdir. İndi hər şey Azərbaycan Prezidentindən asılıdır...”
Siyasi analitik Tahir Cəfərli ilə Moderator.az üçün bu dəfəki söhbətimizdə üzdəniraq keşiş Baqratın Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirdiyi Ermənistanın və onun Azərbaycanla münasibətlərinin ehtimal edilən gələcəyi ilə bağlı sualları cavablandırdı.
-Tahir müəllim, nəzəri olaraq hesab edək ki, Rusiya “5-ci kalonu”nun, revanşistlərin keşiş Baqratın mitinqində tələb etdiyi, istədiyi kimi Qərbin dəstəklədiyi Paşinyan istefa verdi və sabah Robert Köçəryan, yaxud o tipdə biri hakimiyyətə gəldi. Bu halda onun qurduğu iqtidar məcburdur ki, 2020-ci ildən bəri kütlələrə elan etdikləri şüarları: Qarabağın Azərbaycandan geri alınması, ermənilərin oraya qaytarılması, sərhədlərin delmitasiyasının Almatı prinsiplərinə uyğun aparılmaması və s. həyata keçirmək istiqamətində siyasət aparsınlar. Bəs belə olan halda Azərbaycanla müttəfiqlik sazişi bağlamış Rusiya nə edəcək?
-Hesab edirəm ki, Ermənistanda “5-ci kolonun” hakimiyyət uğrunda mübarizəsi qeyri-mümkündür. Keşişlərin ara qarışdıracağı haqda hələ iki il bundan əvvəl demişdik. Bununla belə, inanmıram ki, keşişlər Nikol Paşinyanı devirə bilsinlər. Siz haqlı düşünürsünüz ki, Ermənistanın din xadimləri “5-ci kalonun” əsas simalarındandır və elə bir ölkə yoxdur ki, oraya istəməsinlər...
Ermənistanda bu günə qədər ikihakimiyyətlilik olub: dini və dünyəvi. İndiyədək hərəsi öz işiylə məşğul idi. Ancaq həmişə birincilər ikincilərə güclü təsir göstərirdilər. Deyəsən, hazırda Paşinyan onların dediklərini etmir... Onu da deyim ki, Ermənistanda keşişlərin üsyanının təkcə Rusiya tərəfindən idarə olunduğunu düşünmək gülüncdür, çünki keşişlər faktiki olaraq bu saat Rusiyanın marağına zidd hərəkət edirlər...
“Rusiya və İran Cənubi Qafqazda məcburən sülh istəyirlər, Paşınyanın getməsi bu iki dövlətin də iqtisadi və siyasi maraqlarına qarşıdır. Bəs onda nə üçün Rusiyanın agentləri Koçəryan və başqaları aləmi bir-birinə qatırlar?”– sualı da ortaya çıxır.
Hər şeydən əvvəl onu qeyd etməliyik ki, Ermənistan cəmiyyəti ki düşərgəyə: haylar və şurtvastlara(Qarabağdan gəlmə ermənilər-S.L.) bölünüb. Birincilər, Paşinyan tərəfdarları şurtvastları hakimiyyətdən uzaqlaşdırırlar. Bunu görən şurtvastlar mübarizə aparırlar... Onların Qarabağı tərk etmələri də bununla bağlıdır...
Şurtvastlar Qarabağdan İrəvana köç etməklə orada saylarını artırdılar. Real qüvvəyə çevrildilər. Onların Qarabağı tərk etmələri Rusiyanın Qarabağla bağlı siyasətinə və ambisiyalarına son qoydu. Odur ki, Rusiya sülhməramlıları geydirmə Qarabağ respublikasının başçılarını tutub Azərbaycan tərəfinə təhvil verdilər...
Paşinyanla Putinin sonuncu görüşünün detallarını yadınıza salın. Dərinə getsək, Paşinyanın elə Rusiyanın maraqlarına uyğun hərəkət etdiyini görərik. Böyük oyun gedir. Bəs onda Köçəryanın oyunu nədir?
Koçəryan öz ağalarına hələ də “güclü müxalifət olduğunu” göstərir və “lazım olarsa, hakimiyyəti götürə bilər!” - mesajını verir. Əslində, tezliklə Ermənistanda haylar şurtvastları darmadağın edib təkhakimiyyətliyə bərqərar edəcəklər və dini dövlətçilikdən uzaqlaşdıracaqlar. Əks halda Ermənistanı vətəndaş müharibəsi gözləyir. Qərb qüvvələrinin, xüsusən Fransanın burada qeyri-stabillikdə marağı olduğunu nəzərə alsaq, “5 kalon” dediyimiz agentura bu saat Rusiyanın deyil, Fransanın oyununu oynayır...
-Bəs hakimiyyətə Köçəryan kimilər gələcəyi halda Rusiya yenə 90-cı illərdə olduğu kimi, yenidən Azərbaycana qarşı savaşda Ermənistana dəstək verəcək? Axı Rusiyanın Azərbaycanla ən azı müttəfiqlik sazişi var...
-Heç vaxt, əksinə, Azərbaycanla bir olacaq. Dərinə getsək, görərik ki, Qarabağ müharibəsi tranzit yolların açılması ilə bağlıdır. Bu yolların işləməsi Rusiya üçün sanksiyalarla üzləşdiyi və müharibə apardığı dövrdə dünyaya pəncərədir. Bura Çin, Qazaxıstan, Belarus və s. ölkələri əlavə etsək, görərik ki, 90-ci illər təkrar oluna bilməz, çünki tranzit yollarının açarı Azərbaycan Prezidentindədir və bu saat o, Ermənistana Azərbaycanın maraqlarına uyğun siyasi davranış diktə edir və onun bütün addımlarını adlarını çəkdiyimiz ölkələr dəstəkləyir...
-Bəs Rusiyanın 4 ilə yaxındır Azərbaycanla bərabər 10 noyabr sazişinə uyğun olaraq açılmasını tələb etdiyi Zəngəzur yolunun taleyi necə olacaq?
-Əlbəttə, Zəngəzur dəhlizi işləyəcək. Son hadisələrə fikir verin. Zəngəzuru qoruyan Rusiya sərhədçiləri öz blok-postlarını bağlayıb, oranı tərk etdirlər. Bu Azərbaycan üçün açıq qapı deməkdir. İndi hər şey Azərbaycan Prezidentindən asılıdır...
-Paşinyanın yerinə rusiyayönlü hakimiyyət gəlsə, həmin yolu açacaqmı?
-Yolu elə Paşinyan açacaq. Onun hakimiyyətdən gedəcəyini düşünmək sadəlövhlükdür. Çünki Rusiya bu saat bütün siyasətini Zəngəzur dəhlizinin üstündə qurub. Bu mövqedən yanaşsaq, görərik ki, bütün hallarda bu dəhliz işləməlidir...
Sultan Laçın