Alla Puqaçova Rusiyada
2798
27 Mar 2024 | 11:55

Alla Puqaçova Rusiyada "xarici agent" kimi tanına bilər

"Alla Puqaçova dəfələrlə özünün Rusiya əleyhinə mövqeyini və "xarici agent" olan əri Maksim Qalkinə dəstəyini ifadə edib..."
 
Böhtançı və donosbaz Vitali Borodin kimdir?..
 
Əri Maksim Qalkin və övladları ilə İsrailə köçən məşhur estrada müğənnisi Alla Puqaçova Rusiya Federasiyasında "xarici agent" statusu ala bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Təhlükəsizlik və Korrupsiya ilə mübarizə üzrə Kremlyönlü Federal layihənin rəhbəri Vitali Borodin sevinclə raport verib. Məlumatı "starhit.ru" nəşri yayıb.
 
Bu böhtançı adam martın əvvəlində Rusiya Federasiyası Baş Prokurorluğuna Alla Borisovna Puqaçovanın "xarici agent" kimi tanınması xahişilə müraciət edib. O, öz xahişini əsaslandırmaq üçün bir neçə dəlillər irəli sürüb:
 
1. Puqaçova üzdəniraq "xüsusi hərbi əməliyyat" başlanandan tez bir zaman sonra Rusiyadan İsrailə gedib və "dəfələrlə özünün Rusiya əleyhinə mövqeyini ifadə edib".
 
2. Müğənni dəfələrlə açıq şəkildə Kremlin siyasətini tənqid etdiyinə və, guya, Ukrayna Silahlı Qüvvələrinə sponsorluq etdiyinə görə Rusiyada artıq "xarici agent" kimi tanınan əri Maksim Qalkinə dəstəyini ifadə edib.
 
Bu gün Borodin "Telegram-kanal"da "çox vacib xəbər" barədə məlumat verib.
 
"Mənim müraciətimə Baş Prokurorluğundan cavab gəlib. Alla Puqaçovanın xarici agent kimi tanınması proseduruna başlanılıb, prokurorluq Rusiya Federasiyası Ədliyyə Nazirliyindən Puqaçovanın xarici agent kimi tanınmasını xahiş edir. Ümid edirəm ki, nəzarətedici orqanlar bu işi sona çatdıracaq", - məmur yazıb.
 
Bundan öncə Puqaçova Rusiya Ədliyyə Nazirliyinə özünün "xarici agent sıralarına" yazılması xahişi ilə özü müraciət edib.
 
"Çünki mən Rusiyanın dürüst, ləyaqətli və səmimi, əsl vətənpərvər, Vətəninin çiçəklənməsi, dinc həyatı, söz azadlığını arzulayan, övladlarımızın ölkəmizi izqoya çevirən və vətəndaşlarımızın həyatını ağırlaşdıran xülya məqsədlər naminə həlak olmasına son qoymağı arzulayan ərimlə həmrəyəm", - Puqaçova hələ 2022-ci ilin sentyabrında özünün "İnstaqram" səhifəsində yazıb.
 
Vitali Borodin çoxdandır ki, Rusiyanın müxtəlif nəzarət strukturlarına hazırkı hakimiyyət üçün arzu edilməyən adamlar barədə çoxsaylı donoslar yazmağı ilə tanınıb. 
 
Özünün "ifşaedici" fəaliyyətinə o, hələ müharibədən və COVİD-dən öncəki uzaq 2018-ci ildən başlayıb.
 
O zaman o, Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovaya Rusiya prezidentliyinə namizədliyini irəli sürən Pavel Qrudninin barədə şikayət edib.
 
2019-cu ildə Borodin artistlər sahəsində "ixtisaslaşıb", müğənni Olqa Buzovanın "İnstagram" səhifəsini bloklayıb, aktrisa Natalya Boçkaryovanı narkoloji dispanserə göndərilməsini, müğənni Dmitri Bilanı sərxoş halda çıxışına görə inzibati məsuliyyətə cəlb edilməsini istəyib.
 
2020-ci ildə Borodinin maraq dairəsinə məmurlar düşüb. Borodin Baş Prokurorluğa Kirov şəhərinin meri İlya Şulgin barədə sorğu göndərib və sabiq baş prokuror Yuri Çaykanı həbslə təhdid edib.
 
2021-ci ildə böhtançı "Proyekt" araşdırmaçı layihəsinin fəaliyyətinin qadağan edilməsinə nail olub, ondan çox jurnalist barəsində şikayətlər yazıb. "Meduza" portalının müxbiri ilə söhbətində o, araşdırmaçı jurnalistikanı terrorçuluqla müqayisə edib. 
 
2022-ci ildə Borodin Aleksey Navalnının mətbuat katibi Kira Yarmışın "3 saylı qadın kamerasında inanılmaz hadisələr" kitabının "qeyri-ənənəvi seksual münasibətlərin təbliği" ilə bağlı yoxlama aparılmasını tələb edib.
 
Ötən il Borodinin əlilə yazılan rezonanslı donoslardan aktyor Danil Kozlovskinin Rusiya ordusunun nüfuzdan salınması, aktrisa Liya Axedcakovanın dövlətə xəyanətdə, müğənni Alla Puqaçovanın USQ-nin maliyyələşdirməsində ittiham etməsi, teleaparıcı Andrey Norkinin tutduğu vəzifəyə uyğun olmaması barədə donosları qeyd etmək olar.
 
Link kopyalandı!
Son xəbərlər