
Sona Əliyeva
Keçmiş deputat, siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”da bu istiqamətdə çox diqqətçəkən fikirlər səsləndirdi: “Fikrimcə, Qərb hazırkı baş nazir Nikol Paşinyanın yerinə hazırladığı varisini gizli saxlayır. Bir çoxlarının düşündüyü kimi, bu heç də indiki xarici işlər naziri deyil. Çox güman ki, bu, Ermənistanın 44 günlük savaşda prezidenti olmuş Armen Sərkisyandır. Vaxtilə bəzi Qərb qaynaqları Nikol Paşinyan inqilabını məhz SOROS Fondunun onun əli ilə reallaşdırdığını vurğulayırdı. Yəni inqilabın maliyyə donorluğu məhz Sərkisyanın maliyyə kanalları vasitəsilə İrəvana ötürülürdü. Hələlik Qərb onu bütün aktiv proseslərdən kənarda tutur. Keçmiş prezident Armen Sərkisyan Ermənistanın BMT-dəki nümayəndəsi, Qərbdəki "vuran əli" olub. Avropa Paşinyandan sonra Sərkisyana daha çox etibar edir. Lakin düşünürəm ki, Qərb prosesin sonuna qədər elə Nikol Vovayeviçlə işləyəcək. Paşinyana bu işdə əsas dəstək verənlərin başında isə şübhəsiz ki, Ararat Mirzoyan gəlir. Ona görə də rusların Ermənistanda maliyyələşdirdiyi bəzi informasiya qaynaqları Qərbin bu iki füqurunu üz-üzə gətirmək istəyir. Paşinyan və onun komandası hazırda Ermənistanın milli maraqlarına yox, Qərbin regiondakı ambisiyalarına xidmət edirlər. Yəni İrəvandakı siyasi hakimiyyət Avropadakı və ABŞ-dakı havadarlarının qırmızı xəttini bir millimetr də olsa tapdaya bilməzlər. Bu “sadiqlik” Paşinyan hakimiyyətinin uzunömürlülüyünün açarıdır. Bir sözlə, Qərb xəttinin İrəvandakı ideoloqu və aparıcı fiquru Paşinyandırsa, diplomatik masada onun icraçısı Ararat Mirzoyandır. Əgər Paşinyan Qərbdəki havadarlarına dönük çıxarsa və Kremlin basqılarına tab gətirməyərək Moskvanın dedikləri ilə oturub-durmağa başlayarsa, o zaman Soros Fondu Sərkisyan kartını dövriyyəyə buraxa bilər. Amma indiki proseslərin axarına baxdıqda bu o qədər də inandırıcı görünmür".

Niyaməddin Orduxanlı
BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı hesab edir ki, əslində bu iddiaları ortaya atmaqla Qərb Paşinyanın həyatını qoruyur:“Qərb məqsədli şəkildə bu gün Ermənistanda Paşinyanın yerinə iki varis hazırlayır tezisini ortaya atıb. Sanki varislik uğrunda mübarizənin olduğunu göstərmək istəyir. Bunu məqsədli şəkildə edirlər. Düşünürlər ki, Paşinyanla bağlı gözlənilməz hadisə baş verə bilər. Məsələn, terror yolu ilə aradan götürülə bilər. Bu da konkret olaraq Rusiyanın əli ilə baş verə bilər. Bununla Qərb Rusiyaya mesaj vermək istəyir ki, Paşinyanın olmayacağı təqdirdə Qərbin əvəz edəcəyi şəxslər var, bunlar Mirzoyanla Qriqoryandır. Ermənistan cəmiyyəti yenə həmin kursu bu şəxslərlə davam etdirəcək. Həm də bununla Paşinyanın həyatını qoruyurlar, sığortalayırlar. Faktiki bu gün erməni xalqı Rusiyadan çox incik vəziyyətdədir, qəzəblidir. Azərbaycan öz torpaqlarını işğaldan azad etdiyi dövrdə neytral qaldı. Müharibədə hərbi dəstək vermədi. Rus ordusu döyüşmədi. Ermənilər bunu Rusiyaya bağışlaya bilmirlər. Hər gün də ermənilərin Rusiyaya qarşı nifrəti artmaqdadır. Bu da Azərbaycanın dövlət maraqlarına cavab verir. Biz o arzudayıq ki, nəinki Ermənistanın Rusiya ilə münasibətləri korlansın, həmçinin də Qərb və bır sıra ölkələrlə bu vəziyyət yaransın. Qərb bu gün bütün gücü ilə çalışır və Ermənistana tapşırıq verir ki, Azərbaycanla sülh sazişi imzalama, 2020-ci ildə Zəngəzur dəhlizinin açılması ilə bağlı götürdüyün öhdəliyi yerinə yetirmə. Azərbaycan da məcburi qalıb öz ərazisi olan Naxçıvanla quru əlaqənin yaranması üçün hərbi gücdən istifadə etsin”.