"Azərbaycanda hakimiyyət uğrunda üç sülalə- manna, maday və saklar (skiflər) mübarizə aparırdı. Onların mübarizəsi əsasən dinc xarakter daşıyır, qüvvələr nisbətini nəzərə alaraq bir-birlərinə güzəştə gedir, hakimiyyəti sərt qarşıdurmaya getmədən bir-birinə ötürürdülər..."
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
Azərbaycan tarixi AKİF NAĞININ təqdimatında...
VII mövzu
Azərbaycanda Maday (Mada), Sak (Skif), Əhəməni sülalələrinin hakimiyyəti
Türklərin hakimiyyəti madaylarla, saklarla davam etdi...
Manna sülaləsi ilə təxminən eyni vaxtda Azərbaycan ərazisində yeni bir sülalə-Madaylar sülaləsi formalaşırdı. Onlar əsasən Cənubi Azərbaycanın aşağı hissələrində, cənub və cənub-şərq ərazilərində, indiki Qızıl Üzən çayının hövzəsində yaşayırdılar [3, s.249-250]. Manna sülaləsi hakimiyyətdə olduğu dövrdə madaylar hərbi-siyasi birlik, tayfa ittifaqı kimi mövcud olmuş, ətraf əraziləri özlərinə tabe etdirməyə çalışmış, hətta bir müddət Azərbaycanın digər ərazilərində hakimiyyətə gəlmiş Sak (Skif) sülaləsindən asılı vəziyyətə düşmüşlər. Onlar bu dövrdə mərkəzi hakimiyyətə, Manna sülaləsinə qarşı mübarizə aparmır, tədricən qüvvələrini cəmləşdirir və Azərbaycanda hakimiyyətə gəlmək üçün öz vaxtlarını gözləyirdilər.
Madaylar haqqında ilk məlumat e.ə. IX əsrdə Assuriya mənbələrində qeyd olunmuşdur. Assuriya hökmdarı III Salmanasara aid mixi yazıda Maday ölkəsinin (madayların yaşadığı ərazinin- A.N.) adı çəkilir. Orada III Salmanasarın (e.ə. 859-824) e.ə. 835-ci ildə həmin bölgəyə səfərindən bəhs olunur [5, s.19]. Tarixçilərdən isə ilk məlumat verən Herodot olmuşdur. Antik müəlliflərdən Herodotla yanaşı Diodor, Plutarx, Strabon, Ammian Marsellin və bir çox başqa tarixçilər və coğrafiyaşünaslar Madayların tarixinə dair maraqlı məlumat qoyub getmişlər. Herodot göstərir ki, onlar 6 tayfadan – buslar, paretakenlər, struxatlar, arizantlar, budilər və maqlardan ibarət idi [2, s.50]. Herodot və sonrakı müəlliflər 6 tayfanı göstərməklə kifayətlənir, müasir dövr tarixçiləri də həmin çərçivədən kənara çıxmaq istəmirlər. Bura Azərbaycan ərazisi idi, orada qədimdən lullubi, kuti, su, turukki, manna kimi tayfalar yaşayırdı. Onların hamısı madaylara qohum soylar idi, vahid prosesin iştirakçıları idi. Herodot hansısa subyektiv amillərin təsiri altında yalnız 6 tayfanın adını yazıya köçürmüş, madayların yalnız həmin tayfaların əsasında formalaşdığını qeyd etmişdir. Əslində madayların digər Azərbaycan tayfalarından kənarda formalaşması mümkün deyildi. Həmin tayfalarla bağlı müxtəlif fikirlər səsləndirilir.
Müxtəlif dövr mənbələrində onlar amaday, maday, matay, medoy, midiya və sair adları ilə məlumdurlar. Əksər tədqiqatçılar hesab edir ki, Maday tayfaları bu ərazilərə e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərindən gec olmayaraq köçüb gəlmişlər. [6].
Madayların Azərbaycanda hakimiyyətə gəlməsi prosesi təxminən e.ə. VIII əsrin sonlarında başladı. Həmin vaxt onların yaşadığı ərazi Manna sülaləsinin hakimiyyətdə olduğu Azərbaycan dövlətinin tərkibində idi, mərkəzdən təyin edilən canişin tərəfindən idarə olunurdu. Bu vaxt madayların tayfa ittifaqının rəhbəri Deyok (e.ə. 712-675) mərkəzi hakimiyyətə qarşı çıxmır, amma artıq siyasi ambisiyalarını gizlətmirdi. O, maday tayfalarını ətrafında sıx birləşdirdi, təxminən e.ə. 673-cü ildə Ekbatan (indiki Həmədan) şəhər-qalasının əsasını qoydu [10, s.178]. Deyokdan sonra madayların hərbi-siyasi birliyinə rəhbərlik edən Fraorta və ya Kaştaritinin (e.ə. 675-653) (onun adı mixi yazılarda Kaştariti, Herodotun əsərində isə Fraorta şəklində verilir) dövründə madaylar xeyli dərəcədə müstəqil fəaliyyət göstərir, Azərbaycanın mərkəzi hakimiyyətindən, həmçinin bölgəyə hücumlar edən Assuriyadan asılılığı azaldırdı. Bu vaxt Ekbatan şəhəri də möhkəmlənir və genişlənir, madayların mərkəzinə çevrilirdi. Maday sülaləsi hakimiyyətə gəldikdən sonra paytaxtı həmin şəhərə köçürdü. Madaylar e.ə. 673-cü ildən müstəqil siyasət yeritməyə başladı.

Maday sülaləsi e.ə. VII əsrin 70-ci illərində Assuriyaya qarşı Kaştaritinin başçılıq etdiyi və digər Maday hakimləri, həmçinin mannalar, kimmerlər və skiflər tərəfindən də müdafiə edilən güclü xalq hərəkatı nəticəsində təşəkkül tapmışdı. Tayfa qoşun dəstələrindən nizami qoşun yaradan və Assuriya dövləti ilə mübarizəni davam etdirən Kiaksarın (e.ə. 625-585) hakimyyəti dövrü dönüş nöqtəsi oldu. Madayların dövründə Azərbaycan Qədim Şərqin iri dövlətinə çevrildi. [12]. Kiaksar Sak (Skif) asılılığını ləğv etdi, dövlətin paytaxtını İzirtudan Ekbatana köçürdü, Manna sülaləsi reallıqla hesablaşaraq, hakimiyyətdən çəkildi. Madaylar e.ə. 605-ci ildə Assuriya dövlətini darmadağın edib, onun şimal-şərq və şimal torpaqlarını ələ keçirdilər. Kiaksardan sonra hakimiyyətə gələn Astiaq (e.ə. 585-550-ci illər) uğurlu siyasəti ilə yanaşı bir sıra səhvlərə yol verir, zadəganlara, o cümlədən manna nümayəndələrinə qarşı təzyiqlər edir, onların nüfuzunu məhdudlaşdırmağa çalışırdı. Bütün bunlar daxili siyasi vəziyyəti mürəkkəbləşdirdi.
Maday sülaləsi ilə təxminən eyni vaxtda Azərbaycanda Sak (Skif) sülaləsi də yüksəlməyə başlamışdı. Azərbaycanda hakimiyyət uğrunda üç sülalə- manna, maday və saklar (skiflər) mübarizə aparırdı. Onların mübarizəsi əsasən dinc xarakter daşıyır, qüvvələr nisbətini nəzərə alaraq bir-birlərinə güzəştə gedir, hakimiyyəti sərt qarşıdurmaya getmədən bir-birinə ötürürdülər. Manna sülaləsi məhz bu yolla hakimiyyəti madaylara güzəştə getdi, buna görə də uzun müddət imtiyazlı zadəgan təbəqəsi statusunda qaldılar, yalnız Astiaqın vaxtında münasibətlər pozuldu. Bir vacib məqam da qeyd olunmalıdır ki, bu üç sülalə çox vaxt ümumi düşmənlərə, xüsusən də assurlara qarşı birlikdə çıxış edirdilər [14, s.230].
Sak (Skif) tayfaları e.ə. III-II minilliklərdə tərk etdikləri Ön Asiya, o cümlədən Azərbaycana e.ə. VIII əsrin ikinci yarısı-VII əsrin əvvəllərində geriyə döndülər. Onlarla birlikdə eyni kökdən olan kimmerlər də gəldi. Sak və Skif eyni sözlərdir, sak sözünü fars, skif sözünü isə yunan mənbələri işlədib [7, s.54]. Onlar Qara dənizin şimal sahillərindən hərəkətə başlayıb iki istiqamətdə ata yurdlarına qayıtdılar. Bir qrup Kiçik Asiyadan, digər qrup Qafqaz dağları və Cənubi Qafqazdan, Azərbaycanın Arazdan Şimala doğru olan torpaqlarından keçərək gəldilər. Bu tayfalar Manna sülaləsinin hakimiyyəti dövründə, e.ə. VII əsrin əvvəllərində Azərbaycanın şimal-qərb vilayətlərində məskunlaşdı, tayfa ittifaqı, hərbi-siyasi birlik yaratdılar. Bu birliyin əsasında yeni sülalə formalaşdı. Hərbi-siyasi birliyin ilk rəhbəri kimmer əsilli Tuqdamme oldu. O, özünü “Saklar ölkəsinin və Kutinin rəhbəri” adlandırdı [3, s.218-298]. Bu fakt bir daha göstərir ki, eyni ərazidə qohum tayfalar, soylar yaşayır, bir-birlərini əvəz edir, əcdadlarını yaddan çıxarmırdılar, sak (skif) rəhbəri min il əvvəlki əcdadını- kutiləri yaddan çıxarmır, özünü onların davamçısı hesab edirdi.
Sak (Skif), kimmer tayfaları bu dövrdə Urmiya gölündən şimala doğru ərazilərdə, indiki Ermənistan deyilən torpaqlarla Gəncəbasara qədər ərazilərdə məskunlaşmışdılar [1, s.103]. Böyük ehtimalla onların mərkəzi Azərbaycanın Gəncə şəhəri olmuşdur [10, s.245-246, 247]. Saklar (Skiflər) Azərbaycanın bir çox ərazilərində yaşamışlar. Onlar Urmiya gölünün şimalında “şişpapaq saklar” adı ilə məskunlaşmışdılar, həmçinin Mingəçevir ətrafında, Arazla Kürün qovuşduğu ərazidə (buraya Balasakan, Sak düzü adı verilmişdi), Xəzərin şərq sahillərində, Həmədan ətrafında, Sakaşena adlandırılan Gəncə ətrafında və digər yerlərdə yaşamışlar [7, s.55]. Onların Qarabağda yaşadıqları ərazi Artsak (türk dilində “art” dağlıq, yüksəklik mənasını verir, yəni dağ sakları) adlandırılırdı. Zəngəzur əraziləri də sakların məskunlaşdığı bölgə olub və Sisakan adlandırılıb. Mənbələrdə saklara aid si tayfalarının adı çəkilir. “Sisakan” si saklarının məkanı mənasını verirdi [4, s.163]. Zəngəzurla bağlı işlədilən “siuni” (syuni, sünik) ifadəsi Urartu dilində “su mənbəyi, göl” mənasını verirdi [11, s.264, 265]. “Avesta “ kitabında Orta Asiyada yaşayan sakların adları çəkilir, onlar burada həm də Tur adlandırılır, yaşadıqları əraziyə Turan deyilir [4, s.151].
Sak (skif), kimmerilər barəsində qısa məlumatlandırmadan sonra qeyd etməliyik ki, onlar Gəncə şəhərini özlərinə mərkəz seçərək tezliklə ciddi hərbi-siyasi qüvvəyə çevrildilər və Azərbaycanda hakimiyyət uğrunda mübarizəyə qoşuldular. Onların rəhbərlərindən Taksak, İşpakay, Atey və digərlərinin adları mənbələrdə qalıb [4]. Bu sülalə e.ə. VII əsrin ortalarında məqsədinə nail oldu, Azərbaycanda hakimiyyətə gəldi, Manna və Maday sülalələri onların hakimiyyətini qəbul etməli oldu. Sak (skif) sülaləsi e.ə. 653-625-ci illərdə paytaxtı Gəncəyə keçirməklə Azərbaycan dövlətini idarə etdi. Bu sülalənin ən böyük xidməti tarixdə ilk dəfə Azərbaycanın cənub və şimal ərazilərinin xeyli hissəsinin vahid dövlətin tərkibində birləşdirməsi oldu [9]. Sak (skif) sülaləsi, bütün uğurlarına baxmayaraq, madayların təzyiqləri qarşısında geri şəkilməli oldu, 28 ildən sonra, e.ə. 625-ci ildə hakimiyyəti tərk etdi. Bu tayfaların bir hissəsi Qara dənizin şimal sahillərinə qayıtdı, digər hissəsi isə Azərbaycanda bu gün də sakların, kimmerlərin adlarını yaşadan ərazilərdə qaldı.
Astiaqın (e.ə. 585-550) vaxtında Maday sülaləsi daxili qüvvələrin ciddi müqaviməti, hakimiyyət böhranı ilə üzləşdi. Dövlətdə ciddi iqtisadi gücə, həmçinin nüfuza malik olan manna zadəganları ona qarşı müxalifətə keçdi. Hökmdar Astiaq hesab edirdi ki, onun hakimiyyətini heç bir qüvvə sarsıda bilməz, ona görə də siyasi sayıqlığını itirdi, nüfuzlu şəxslərə qarşı ədalətsiz mövqe tutdu, qədərindən artıq cəzalar kəsdi. Astiaqın səhvlərini göstərən bir nümunəni qeyd etmək olar. O, qızı Mandananı Parsua vilayətinin hakimi, əslən fars olan I Kambisə ərə vermişdi. Amma sonradan ehtiyat edirdi ki, onlardan dünyaya gələcək oğlan uşağı hakimiyyət üçün təhlükə yarada bilər. Ona görə də manna zadəgan nəslindən olan görkəmli sərkərdə Harpaqa tapşırdı ki, uşaq dünyaya gələn kimi gedib onu öldürsün. Harpaq onun əmrini yerinə yetirmədi, uşağı ailədən alıb apardı, Mitridat adlı bir çobana verdi, onun ölmüş uşağını isə gətirib, əmri yerinə yetirdiyinə sübut kimi göstərdi. Təxminən 10 il sonra bu sirrin üstü açıldı, ölmüş hesab edilən uşağın yaşadığı, ailəsinə qaytarıldığı məlum oldu. Astiaq bu hadisəyə görə Harpaqı sərt və amansız şəkildə cəzalandırdı, onun oğlunu öldürtdü, ətindən yemək hazırlatdıraraq süfrəyə gətirdi, hamı, o cümlədən Harpaq həmin yeməyi dadandan sonra Astiaq məsələnin mahiyyətini açıb dedi. Bu, Harpaqı qəzəbləndirdi və Astiaqın qatı düşməninə çevirdi. Yaranmış vəziyyətdən Kambisin artıq böyümüş oğlu II Kir istifadə etdi, Harpaqla birləşərək e.ə. 553-cü ildə Astiaqa qarşı üsyan qaldırdı, e.ə. 550-ci ildə Astiaq hakimiyyətdən devrildi, amma öldürülmədi, ömrünün axırına qədər sarayda rəzil vəziyyətdə saxlanıldı [8].
Bununla Azərbaycan dövlətində II Kirin təmsil etdiyi fars mənşəli Əhəmənilər sülaləsi hakimiyyətə gəldi, türk sülalələlərini ilk dəfə ölkənin əyalətlərindən birinin yerli hakimiyyətlərini təmsil edən fars sülaləsi əvəz etdi. Bundan sonra da dövlətin xarakteri dəyişmədi, Azərbaycan dövləti mövcudluğunu davam etdirdi. Dövlətdə yenə də manna, maday və digər türk zadəgan nəsilləri mühüm rol oynayırdı. “Əhəmənilər dövləti” ifadəsi də tamamilə yanlışdır. Saray çevrilişi və üsyan nəticəsində hakimiyyətə gəlmiş fars sülaləsinin müvəqqəti idarə etdiyi Azərbaycan dövləti kimi dəyərləndirilməlidir.
Çevrilişdən sonra madaylar Əhəmənilərin hakimiyyəti ilə razılaşmır, mübarizəni davam etdirir, hakimiyyətlərini bərpa etməyə çalışırdı. Bu mübarizənin mühüm hadisələrindən biri e.ə. 522-ci ildə baş verdi. Həmin ildə maday nəslindən olan kahin Qaumata hökmdar II Kambisin ölkədən kənarda olmasından istifadə edərək, üsyan qaldırdı, hakimiyyətə gəldi, 7 ay ölkəni idarə etdi. Bu vaxt Əhəmənilərin nümayəndəsi II Dara (e.ə. 522-486) II Kambisi öldürərək hakimiyyətə gəldi, üsyanı yatırtdı, Qaumatanı edam etdirdi. Qaumata madayların və digər əhalinin içərisində böyük nüfuza malik idi, onun qətlə yetirilməsi çox yerdə narazılıqla qarşılandı, “farslardan başqa Asiyada hamı onun ölümünə kədərləndi” [14, s.355]. Madayların mübarizəsi sonralar da davam etdi.
Əhəmənilər mərkəzi hakimiyyəti möhkəmləndirdi, səmərəli idarəetmə sistemi yaratdı. Ekbatan dövlətin əsas paytaxtı olaraq qaldı, amma Suz, Persepol kimi şəhərlər də müəyyən dövrlərdə mərkəz rolunu oynadı. Əhəmənilər bir sıra hərbi yürüşlər keçirərək, geniş əraziləri, o cümlədən Kiçik Asiyanın xeyli hissəsini, Babili, Makedoniyanı zəbt etdi, dövlətin ərazilərini genişləndirdi [13, s.20].
Beləlikə, Azərbaycanda dövlət quruluşunun təkmilləşdirilməsi prosesi davam etdirildi. Hakimiyyətə gələn sülalələr dövlətin əsas atributlarını qoruyub saxladı. Azərbaycan dövləti regionun əsas faktorlarından birinə çevrildi. İlk dəfə Azərbaycanın cənub və şimal torpaqlarının vahid dövlətdə birləşdirilməsi ənənəsi yarandı.
Ədəbiyyat:
1. Azərbaycan tarixi, I cild (Z. Bünyadov və Y. Yusifovun redaktəsi ilə). Ali məktəblər üçün dərslik. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
2. Azərbaycan tarixi. I cild. Bakı, “Elm”, 1961.
3. Kazımov Q. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı, “Təhsil”, 2003.
4. Qeybullayev Q.A. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
5. Qədim Azərbaycan tarixi mixiyazılı mənbələrdə. Bakı, “Təhsil”, 2006.
6. MEDIA-EncyclopaediaIranica. M.Dandamayev, I.Medvedskaya.- iranicaonline.org/ articles/media.
7. Гасанов З. Царские скифы. Liberty publishing house, Nyu York, 2002.
8. Геродот. История. Кн. I. «Клио», paraqraf 130.
9. Гутанов Ф.Х. Скифские портреты.- darial.online.ru/material/1999_3-gutnov.
10. Дьяконов И.М. История Мидии. Москва-Ленинград, 1956.
11. Мещанинов И.И. Аннотированный словарь урартского (биайнского) языка. Ленинград, «Наука», 1978.
12. Тюрки Предней Азии в эпоху Мидийской империи…
13. Фрай Р. Наследие Ирана. Москва, «Восточная литература», РАН, 2002.
14. Хрестоматия по истории Древнего Востока. Москва, «Восточная литература», 1963.